Baş səhifə    » XİDMƏT SAHƏLƏRİ    » Mənzil kommunal təsərrüfatı   

Mənzil kommunal təsərrüfatı

  


Mənzil-kommunal təsərrüfatı ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir.  
Mənzil-kommunal təsərrüfatının əsas fondlarının dəyəri 2003-ci ildə 1281,1 mlrd. manat, o cümlədən mənzil təsərrüfatında 1161,7 mlrd. manat, kommunal təsərrüfatında isə 119,4 mlrd. manat (ümumi əsas fondların 15-16%-i) olmuşdu. 
Respublikada 1920-87-ci illərdə ümumi sahəsi 63,5 mln. m2 olan yaşayış evləri tikilmişdi. Respublikanın ümumi mənzil fondu 1922-ci ilin axırına 3,5 mln. m2 olmuş, 1987-ci ilin sonuna 23,0 dəfə artaraq 80,4 mln. m2-ə çatmışdı. İqtisadi islahatlar nəticəsində 2005-ci ildə bütün mənzil fondu 1990-cı ildəkinə nisbətən 17,3% artaraq 104,0 mln. m2-,o cümlədən şəhər mənzil fondu 59,3 mln. m2, kənd mənzil fondu 44,7 mln. m2 təşkil etmişdi. 
2005 –ci ildə vətəndaşların şəxsi mülkiyyətində olan mənzil sahəsi 1990-cı illə müqayisədə 57,4% artaraq 90,0 mln. m2 olmuş, ictimailəşdirilmiş mənzil fondu isə 14,0 mln. m2 təşkil etmişdi.
Ölkədə 1990-2005-ci illərdə 20,3  mln. m2 və ya və ya 378,2 min mənzil özəlləşdirilmişdir. 2005-ci ilin  axırında dövlət və ictimai mənzil fondunun ümumi sahəsi ölkə üzrə 12,6 m2, o cümlədən şəhər yerlərində  13,9 m2 ,kənd yerlərində isə 11,2, ümumi yaşayış sahəsi 8,4 m2, o cümlədən şəhərdə 9,0 m2, kənddə 7,8 m2 təşkil etmişdir. 
Bütün mənzil fondu 1,5 mln. (222,8 min birotaqlı, 618,2 min ikiotaqlı, 490,5 min üçotaqlı, 211,2 min isə dördotaqlı və çoxotaqlı) mənzildən ibarətdir. 
2005-ci ildə 86,6 min m2 ümumi sahəsi olan dövlət və ictimai mənzil fondunun əsaslı təmirinə 2,1 mln. manat xərclənmişdi. 
Mənzil-kommunal təsərrüfatının inkişafına 1993-98-ci illərdə yönəldilmiş 430070,2 min manat həcmində sərmayənin 83,5%-i mənzil təsərrüfatına, 16,5%-i isə kommunal təsərrüfatına aid idi. 
1995-2005-ci illərdə 16,5 min ailənin, o cümlədən 1,2 min nəfər müharibə veteranı, əlili, həlak olan hərbi xidmətçi və onlarla eyni hüquqlu olanların ailələrinin; 1,9 min nəfər Qarabağ müharibəsi iştirakçısı, əlili və həqiqi hərbi xidmətdə olanların ailələrinin; 1,4 min gənc, 1,4 min çoxuşaqlı, 10,6 min digər ailələrin mənzil şəraiti yaxşılaşdırılmışdır.
Mənzil-kommunal təsərrüfatı sahəsində çalışanların sayı 2005-ci ildə 1995-ci ilə nisbətən 23,6% artmış və iqtisadiyyatda məşğul olanların 3,4%-ini təşkil etmişdi.
Mürəkkəb   idarəçilik   strukturuna malik mənzil-kommunal təsərrüfatının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitariya vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur.
Mənzil-kommunal təsərrüfatının ən mühüm sahələrindən biri məişət-içməli su təchizatıdır. XX əsrin əvvəllərində Bakının su təsərrüfatında yaranmış çətinliklə bağlı yeni mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılmasında əsas işləri məşhur mesenat və neft sahibkarı Z.Tağıyev aparmışdı. 1910-cu ildə ingilis alimi Uilyam Lindleyin layihəsi əsasında Şollar-Bakı su kəmərinin tikintisinə başlanmış və o, 1917-ci ildə sutkada 18,5 min m3 içməli su gücündə istismara verilmişdi. Bundan sonra Azərbaycan paytaxtının içməli su ilə təchizatı tarixində mühüm səhifə açılmışdı. XX əsrin 30-cu illərinin sonunda həyata keçirilmiş bir sıra texniki tədbirlərin hesabına Şollar su kəmərinin gücü sutkada 109,0 min m3-ə çatdırılmışdı.
Bakı şəhərinin məişət-içməli suya olan tələbatım ödəmək məqsədilə 1944-58-ci illərdə faktiki gücü sutkada 232 min m3 olan 2-ci Bakı su kəməri (Xaçmaz xətti) istifadəyə verilmişdi. 1980-ci ildə 1-ci və 2-ci Bakı su kəmərlərinin şəbəkəyə verdiyi su sutkada 304,5 min m3 və ya verilən bütün içməli suyun 24,1%-ini təşkil edirdi.
1951-56-ci illərdə Abşeron yarımadasının şimal-qərbində yerləşən "Dəvəyatağı" və "Ceyranbatan" şoran gölməçələrinin yerində Ceyranbatan su anbarı tikilmiş və 1957-ci ildə maksimal gücü saniyədə 25 m3 olan Dəvəçi-Samur kanalının tikintisi başa çatdırılaraq, 1957-ci ildən həcmi 186,0 mln. m3 olan su anbarının doldurulmasına başlanmışdı. Bu su hövzəsinin üstün cəhətlərindən başlıcası ondan ibarətdir ki, burada su uzun müddət təbii xassəsini saxlayır və nəticədə durulma prosesində suyun keyfiyyəti yüksəlir. Bu gün Ceyranbatan su kəmərinin gücü saniyədə 9,5 m3-dir.
1969-cu ilə qədər Bakı və Sumqayıt şəhərləri içməli su ilə 3 mənbədən: Şollar, Xaçmaz su kəmərləri və Ceyranbatan su anbarından təmin olunurdu.
1970-71-ci illərdə gücü saniyədə 3,92 m3 olan 1-ci Kür su kəməri istifadəyə verildi. 1978-86-cı illərdə 1-ci Kür su kəmərinə paralel olaraq, saniyədə 6,3 m3 olan 2-ci Kür su kəməri sistemi tikilərək istismara buraxıldı.
Kür su kəmərlərinin tikilib istifadəyə verilməsi Bakının yeni salınan Günəşli və Əhmədli yaşayış massivlərinin məişət-içməli su ilə təmin olunmasına imkan verdi. Eyni zamanda Bakının şəhərdaxili su şəbəkəsində də əsaslı surətdə tikinti və yenidənqurma işləri aparıldı. Su təchizatında mühüm rol oynayan mərkəzi su anbarı və nasos stansiyaları tikilib istifadəyə verildi. 1960-70-ci illərdə Bakı şəhərində adambaşına sutkada 273 l su verilirdisə, 1970-90-cı illərdə bu rəqəm 450-500 / təşkil edirdi.
Son illər Azərbaycan hökumət tərəfindən bu sahəyə diqqət daha da artırır. Həm dövlət vəsaiti və həm də xarici investisiyalar hesabına su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni xətlərin istifadəyə verilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. 
Əhalinin içməli su ilə təchizatı və kanalizasiya xidmətlərini yaxşılaşdırmaq, bu sahəni bazar münasibətləri əsasında inkişaf etdirmək və onun səmərəliliyini artırmaq məqsədilə Respublika Prezidentinin 252 saylı, 11.06.2004-cü il tarixli Sərəncamı ilə "Azərsu" Səhmdar Cəmiyyəti yaradılmışdır.
2004-2008 illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq respublikanın şəhər və rayon mərkəzlərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə mövcud sistemlərdə yenidənqurma işləri aparılır, yeni su və kanalizasiya xətləri çəkilir.
Paytaxt Bakının içməli suya olan tələbatını tam ödəmək məqsədilə dövlət vəsaiti hesabına Oğuz-Qəbələ zonasından Bakı şəhərinə uzunluğu 262 km olan yeni su kəmərinin (Oğuz-Qəbələ-Bakı Su Kəmərinin) çəkilişi uğurla həyata keçirilmişdir.
Bakıda şəhər kanalizasiya sisteminin tikintisi 1925-ci ildə başlanmış və 1935-ci ildə istifadəyə verilmişdir. 1973-cü ildə şəhərdaxili və 1976-cı ildə şəhərətrafı kollektorların (gücü 800 min m3) tikilməsinə başlanmışdı. 1988-ci ildə gündə 600 min m3 çirkab su təmizləyən böyük kanalizasiya kompleksi tikilmişdir. 1975-86-cı illərdə çirkli suların su hövzəsinə axıdılması 26% azaldılmışdı.
Son vaxtlar Dünya Bankının işçi qrupu tərəfindən regional su təchizatı və kanalizasiya sistemlərinin inkişafı (2007-11) və Bakının su təchizatı və kanalizasiya sistemlərinin inkişaf strategiyası barədə təkliflər hazırlanmış, bu təkliflərin həyata keçirilməsi Bakının, respublikanın rayon mərkəzlərinin, kiçik şəhərlərin və onlara yaxın ərazilərdə kəndlərin əhalisinin mövcud norma və standartlarının tələblərinə uyğun məişət-içməli su ilə təmin olunmasına, kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına imkan verəcəkdir.
Ötən əsrin 50-ci illərinin əvvəllərində "Qırmızı Ulduz" stansiyası qonşu neftayırma zavodları üçün buxar verməyə başladı və bununla da stansiya istilik mərkəzinə çevrildi. Məhz bu dövrdən Azərbaycanda mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasına başlanmışdı.
Bakı şəhərində və respublikanın digər sənaye şəhərlərində yeni yaşayış massivlərinin salınması ilə əlaqədar yeni isitmə sistemi - yüksək dərəcədə mərkəzləşdirilmiş və müasir tipli qazan aqreqatlarından ibarət olan rayon istilik qazanxanaları sistemi ötən əsrin 60-cı illərindən tətbiq olunur.
Xüsusən 1970-80-cı illərdə ölkənin istilik təchizatı sahəsində əhəmiyyətli dəyişikliklər baş vermiş, bir neçə böyük istilik qazanxanaları tikilib istifadəyə verilmişdir. 
Artıq ötən əsrin 80-ci illərində Bakı şəhərində istilik təchizatının 65%-ə qədəri məhz rayon istilik qazanxanaları hesabına həyata keçirilmişdir.
"Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08.06.2005-ci il tarixli, 847 saylı sərəncamına əsasən, ölkə əhalisinin və digər istehlakçıların etibarlı və keyfiyyətli istilik təchizatı xidmətlərinin təşkilinin əsaslı surətdə yaxşılaşdırılması, bu sahənin mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi, onun səmərəliliyinin artırılması və bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə "Azəristiliktəchizat" ASC yaradılmış, Azərbaycan Respublikasının yaşayış məntəqələrində yaşayış evlərinin və binaların, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərinin həyata keçirilməsi bu cəmiyyətə həvalə edilmişdir.
Son vaxtlar əhalinin təbii qazla təchizatmı yaxşılaşdırmaq məqsədilə iri layihələr hazırlanıb həyata keçirilir. Qəbul olunmuş Dövlət Proqramlarına uyğun olaraq, respublikanın bütün rayonlarını (Naxçıvan MR də daxil ol-maqla) 2004-ci ildən etibarən təbii qazla təmin edilməsi işinə başlanılmışdır.
Kommunal xidmətlərinin mühüm sahəsi olan elektrik enerjisi ilə təchizatın inkişaf etdirilməsi üçün qəbul edilmiş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015 illər) üzrə Dövlət Proqramında yaxın illərdə 1800 MVt-a qədər əlavə elektrik enerjisi güclərinin istismara verilməsi nəzərdə tutulmuşdur.
1990-2005-ci illər ərzində 1573,8 km uzunluğunda su kəmərləri, 129,5 km kanalizasiya xətləri, 13,6 km istilik təchizatı xətləri və 4238,7 km qaz xətləri tikilib istismara verilmişdir.
Bakı şəhərinin və ətrafının su təchizatı sistemlərində yenidənqurma işləri aparılmış, Kür və Ceyranbatan baş su-təmizləyici qurğuları bərpa edilmiş, yüksək məhsuldarlıqlı regional nasos stansiyaları kompleksləri yenidən qurulmuş, məhəllədaxili nasos stansiyaları təmir olunmuş, böyükdiametrli magistral və şəhər supaylayıcı boru kəmərləri təzələnmişdir.
Kommunal infrastruktur üzrə şəhərlərin su təchizatı sistemlərinin bərpasına Almaniyanın KfW Bankı tərəfindən ayrılmış kredit hesabına çəkilmiş İmişli şəhər su təchizatı sistemi istifadəyə verilmişdir.
Mənzil-kommunal təsərrüfatında mənzil sferasında idarəçilik və xidmət sistemində rəqabət mühitinin inkişafı, müqavilə münasibətlərinin təkmilləşdirilməsi, mənzil fondu və kommunal obyektlərin dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, mənzil mülkiyyətçilərinin hüquqlarının qorunması və müdafiəsi, xidmətlərin keyfiyyətlərinin yaxşılaşdırılması və mənzil fondunun təmir edilməsi mülkiyyətçilərin birlik müəssisələrinin yaradılmasının təmin edilməsi, əhalinin, xüsusilə kənd əhalisinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, su, qaz, rabitə və s. ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılması, bu məqsədlə həmin sahələrdə restrukturizasiya tədbirlərinin davam etdirilməsi, kommunal ödənişlərlə kart sisteminin tətbiqi aparılan böyük islahatların əsas istiqamətləridir. 



Oxunub: 85385



Azərbaycan Televiziyaları
İnternet Radio