Baş səhifə    » MESENATLIQ    » Xeyriyyəçi milyonçular   

Xeyriyyəçi milyonçular

  


Ağa Musa Nağıyev

Bakı milyonçusu və xeyriyyəçisidir. Ağa Musa Nağıyev "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmış, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəmiş, şəhər kənarında xəstəxana tikdirmiş, Bakı su kəməri üçün xeyli pul vermişdir. 28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir. 
O, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

Ağabala Hacıqulu oğlu Quliyev

XIX əsrdə yaşamış mesenat, milyonçudur. A. Quliyev dəyirmanlar kralı kimi tanınmaqdan savayı həm də ictimai xadim olmuşdur. O zamankı Bakının həyatında elə bir hadisə olmazdı ki, Ağabala Quliyev onda öz maddi və mənəvi köməyi ilə iştirak etməmiş olsun. Ölkənin dövlət quruculuğunda, ictimai və mədəni tədbirlərdə, xalq təsərrüfatının sair sahələrində xeyli xidmətləri olmuşdur. O, 1905-ci ildə təşkil olunmuş Müsəlman Xeyriyyə cəmiyyətinin ilk müəssislərindən biri olmuşdur. Birinci Cahan müharibəsi başlanandan sonra Bakı Müsəlman xeyriyyə cəmiyyətinin fəaliyyəti daha da genişlənmişdi. 1917-ci ilin aprel-may aylarında Bakıya Turkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdi. Onları yerləşdirmək, yedirtmək, isti pal-paltarla təmin etmək sahəsində cəmiyyət xeyli iş görmüşdü. Xeyriyyə cəmiyyətinin ümumi fondundan başqa Bakı varlıları və o cümlədən A. B. Quliyev qaçqınlar üçün ərzaq: un, düyü ayırırdılar. Sonralar Qafqaz cəbhəsindən də çoxlu türk və alman əsirləri gətirildi. Onların da qayğısına qalmağı cəmiyyət unutmurdu.

Aşurbəyova Nabat Xoca qızı

Məşhur Azərbaycan xeyriyyəçisi olmuşdur. O, öz səxavəti və xеyirxahlığına görə ad qazanmış, nеft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yеtimlərin müalicəsini öz üzərinə götürmüş, Tatar küçəsində (indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscididir. Hal - hazırda həmin məsciddə Qafqaz Müsəlmanları Ruhani Idarəsi yеrləşir. Bu məscidin tikilməsində o, ilk diplomu azərbaycanlı mеmar, Sankt-Pеtеrburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə еtmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş mеmarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait vеrərək, onu məşhur məscidlərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə еzam еtmişdir.

Gövhər ağa
Azərbaycan şairi və mesenatdır. Qarabağ xanı İbrahimxəlil xanın qızı, Ağabəyim ağanın bacısı, X.Natəvanın bibisi. Anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanım olmuşdur.
Mükəmməl təhsil almış, maarif və mədəniyyətə maraq göstərmiş, sənət adamlarına, alim və şairlərə hamilik etmişdir. 1789-cu ildə İbrahimxəlil xanın Şuşada tikdirdiyi məscidi (indi "Gövhər ağa məscidi" adı ilə məşhurdur) təmir və bərpa etdirmişdir.

Hacı Hacıağa Dadaşov 

I gildiya tacir, milyonçu. 1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci dərəcəli tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacı Hacıağa almışdı.
Hacı Hacıağa ancaq öz fərasəti, işgüzarlığı, tədbirliliyi nəticəsində qısa müddətdə milyonçu səviyyəsinə yüksəlmişdi. Onun neft mədənləri demək olar ki, olmayıb. Bütün meylini ancaq mülk tikdirməyə və dəniz ticarəti ilə məşğul olmaq üçün gəmilər inşa etdirməyə salıb.
Bakı şəhərində 40-dək mülkü və Xəzər dənizində çoxlu gəmiləri olmuşdur. Gəmiçiliklə ticarətindən çoxlu gəlirlər əldə etmişdi. Bütün Yaxın və Uzaq şərq ölkələri ilə ticarət əlaqəsi vardı.
H. Dadaşovun xeyriyyə işlərinə yaxından köməyi olmuşdur. Səhərə su kəmərinin çəkilişində onun da payı vardı.
Rus imperatoru III Aleksandrın tac qoyma mərasimində iştirak etmiş və çar tərəfindən mülki müşavir (statski sovetnik) rütbəsinə layıq görülmüşdür. 

Hacı Zeynalabdin Tağıyev
Azərbaycan tarixində böyük rol oynamış şəxsdir. Məşhur мilyonçu, меsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri olmuşdur.
H. Z. Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.
Bütün müsəlman aləmində tanınmış H.Z. Tağıyevi Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər.
H. Z. Tağıyevin bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. 1881-ci ildə Bakıda o zamanın irəlidə gedən ziyalılarını: Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov (qəzetin redaktoru) və başqalarını öz ətrafına toplayan “Xəzər” qəzetini nəşr etdirdi. 1897-ci ildə onlar tərəfindən “Lifli materialların emalı üzrə Qafqaz səhmdar cəmiyyətini” yaradıldı. 1906-cı ildə H.Z.Tağıyev və M.Muxtarov Bakıda əhalinin maariflənməsində və milli şüurun oyanmasında hakim rol oynayan “Neşri-maarif” və “Nicat” maarif cəmiyyətlərinin yaranmasına kömək etdilər.
Bakıya içməli suyun (Şollar suyunun) çəkilməsi də H.Z.Tağıyevin adı ilə bağlıdır.
O, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qız məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qız məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cu ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.
1883-cü ilin 27 noyabrında H.Z.Tağıyev teatrı (indiki Musiqili Komediya Teatrı) açılmışdır.
Onun vəsaiti hesabına Azərbaycanın oğul və qızları İngiltərə, Almaniya, Fransa və Rusiyada təhsil alırlar. Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə və başqaları onun vəsaitilə oxumuşdu.


İsa bəy Əbdülsalam bəy oğlu Hacinski 

Məmur, xeyriyyəçi olmuşdur. Ona atasından miras qalmış sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy şəxsi neft kompaniyasını yaratmışdır. İ. Hacınskinin quyularında yüksək ixtisaslı fəhlələr işləyirdi, onlara verilən əmək haqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi.
Bakı bulvarının salınmasında İsa bəy Hacinski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara alınmışdır. İlk bulvar indiki Kukla teatrının binasından Azneftin binasına qədər olan sahəni əhatə edirmiş. Neftçilər prospekti, 103 ünvanında yərləşən binanı tikdirmək üçün o, memarı İtaliyadan dəvət etmişdir. Hətta İsabəy Hacinski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır. İ. Hacınski uzun müddət Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub.O, gimnaziyanın hesabına hər il 800 rubl əvəzinə, 1000 rubl vəsait köçürərdi. Gimnaziyanın azerbaycanlı məzunlarından 25 nəfəri İsa bəyin şəxsi hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilmişdir.

Murtuza Muxtarov

Bakı neft sahibkarı və mesenantı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuz Muxtarovdur.
Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılardı. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şurin qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üşün 40 təqaüdün təsisçisi idi. Xeyirxah və mehriban bir insan, ciddi sahibkar kimi tanınan M. Muxtarov əzəmətli binalar miras qoymuşdur. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. Bunlar arasında Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcud olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir. Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərin də yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi.

Şəmsi Əsədullayev 

XX əsrin əvvəllərində Azərbaycanın neft maqnatlarından olmuşdur. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Neftin Rusiyaya daşınmasında buxar gəmisindən birinci istifadə edən neftxudadır.
Bakıdakı mülklərlə yanaşı, Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada həyat yoldaşı Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Bütün bunlarla yanaşı, xeyriyyə işləri ilə yaxından məşğul olmuşdur. Malikanələrinin birini müsəlman mədəniyyət mərkəzinə bağışlamışdı (Tatar evi).
Bu yaxın zamanda Paris şəhərində vəfat etmiş, əsərlərini fransızca yazmış azərbaycanlı yazıçı Baninin (Ümmülbənin) Mirzə Əsədullayevin qızı, iki milyonçu babanın – Şəmsi Əsədullayevlə Musa Nağıyevin nəvəsidir.

Teymur bəy Aşurbəyov

XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusudur. Teymur bəy Aşurbəyov Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik olmuşdur. O, çox səxavətli bir adam, mesenat kimi tanınırdı. O, Sabunçuda xəstəxananın və məktəbin tikintisinə, məscidlərin təmirinə və bərpasına, yoxsullara yardım üçün iri məbləğdə ianələr vermişdi. Öz vəsiyyətinə uyğun olaraq Kərbəlada dəfn edilmişdir. 

Teymur bəy Qulubəyov 

Xeyriyyəçi, milyonçu olmuşdur. Teymur bəy Qulubəyov və Nəcəfqulu Məmmədov 1909-cu ildə "T. Qulubəyovun və N. Məmmədovun ticarət evi"ni təşkil etmişlər. Ticarət evinin Balaxanıda və Sabunçuda neft mədənləri, kerosin və benzin zavodları olmuşdur.
Ticarət evinin Xəzər dənizində gəmiləri, neft məhsullarını daşımaq üçün özlərinin xüsusi vaqon-sistemləri vardı. Bakıda, Petrovskda, Tiflisdə, Vladiqafqazda, Yekaterinadarda, Stavropol quberniyasında, Varşavada, Lodzda, Minskdə kontor və anbarları vardı.
Bakıda xeyriyyə işləri ilə məşhur olmuşdur. 

Yusif ağa Dadaşov

Azərbaycan milyonçusu, xeyriyyəçisidir. Stokholm Universitetini (İsveç) əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənmişdi. Çar Rusiyasında həqiqi mülki müşavir rütbəsində olmuşdur.
O gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qız məktəbi"nə) sərf edilirdi. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edən Dadaşov Maksim Qorkinin, D.İ.Mendeleyevin, neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini maliyyələşdirmişdi. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdı. Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci ildə Bakıda mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edərkən, Dadaşov "Mən türkəm. Türk ölər, ancaq erməninin qılıncının altından keçməz" cavabını vermişdir. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. İşgəncələrə mətanətlə tab gətirən Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Ölümündən sonra ermənilər onun üzəri brilyant, zümrüd və yaqutla bəzədilmiş, yaxasından orden və medallar asılmış mundirini ələ keçirmişlər. Qəbri indiyədək aşkar edilməmişdir.



Oxunub: 441202



Azərbaycan Televiziyaları
İnternet Radio