Baş səhifə    » NƏQLİYYAT    » Hava nəqliyyatı   

Hava nəqliyyatı

  


Yüz il bundan əvvəl- 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan “Farman-4” sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi.
Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olundu: 1923-cü ildə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti (ZMASC) yaradılmışdır. Onun təsisçiləri “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft” olmuşdur. “ZAKAVİA” – nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulmuşdu.
1923-cü ilin aprel ayında “Yunkers” təyyarəsində Bakı-Tiflis-Bakı (BTB) marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki “Hava stansiyası” yaradılmışdı. 1926-cı ildə Mineralnıye -Vodı – Qroznı – Mahaçqala – Bakı – Yevlax –Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanmışdır.
O illərdə Bakıda, Yevlaxda və Şəkidə “Dornye-Kometa-3” və “Dornye-Merkur” tipli təyyarələrin yerləşdirildiyi hava limanları işə düşmüşdür. Bu təyyarələrin ekipajı iki nəfərdən ibarət olmuşdur. 1929-cu ildə Xarkov – Bakı – Pəhləvi beynəlxalq xətti açılmış, 1933-cü ildə isə ilk dəfə olaraq Qafqaz dağlarının üzərindən Moskva şəhərinə hava yolunun uzunluğunu 1100 kilometr qısaltmış olan uçuş yerinə yetirilmişdir. 1937-ci ildə gündəlik 15 sərnişin daşıyan yerli “ХАİ-1” və “Stal-3” (Сталь-3) təyyarələrinin xidmət göstərdiyi Bakı – Moskva istiqamətində müntəzəm marşrut açılmışdır. Bu həmin dövr üçün sanballı rəqəm hesab olunurdu.
02 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü (AMAG) kimi elan edilmişdir.
İkinci Dünya Müharibəsinin başlanması ilə aviasiyanın marşrutları daha çox hərbi məsələlərə tabe olmuşdur.
Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr yetmişinci-səksəninci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilmişdir. Onlar “Yak-40” reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. İndi respublikanın on bir rayonu Bakı ilə hava yolu vasitəsilə əlaqələndirilmişdir.
Avialayner parkı Sovet İttifaqının ərazisində ilk “Tu-134” və “Tu-154” reaktiv təyyarələrini, “Mi-2” və “Mi-8” helikopterləri alanlardan biri olmuşdur. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınmış – sürətli, komfortlu və əlverişli növünə çevrilmişdir.
Sovet İttifaqı dağıldıqdan sonra Müstəqil Azərbaycan Respublikası Mülki Aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoydu. Bu, aviaparkı müasir “Boeing-757” təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi.
Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılmış Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yükboşaltma məntəqəsinə çevrilməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının (BHNA) üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.
Növbəti illərdə “Naxçıvan” beynəlxalq hava limanı, “Gəncə” beynəlxalq hava limanı və “Zabrat” hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Bundan başqa, 2007-ci ildə
Heydər Əliyev Beynəlxalq Hava Limanında “Holiday İnn” mehmanxanası istifadəyə verilmişdir.
2008-ci ildə “Lənkəran” və “Zaqatala” beynəlxalq hava limanları da açıldı. Mülki hava donanmasının tərkibinə “Aerobus-319”, “Aerobus-320”, “ATR-72” və “ATR-42” avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulmuş parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənmişdir. Yaxın vaxtlarda Bakıdan “Boeing-787” tipli avialayner müntəzəm uçuşlara başlayacaqdır, Heydər Əliyev “Beynəlxalq Aeroportu isə “Aerobus-380” avialaynerini qəbul edəcəkdir.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində “Azərbaycan Hava Yolları” Dövlət Konserninin adı dəyişdirilərək “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür.
Azərbaycanın hava nəqliyyatında ən böyük pay Azərbaycan Hava Yolları QSC –mə məxsusdur.

Azərbaycan Hava Yolları
Azərbaycan Hava Yolları (AHY) (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.
Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir. "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

Bakı – Heydər Əliyev Beynəxalq Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanda xidmət göstərən beş beynəlxalq hava limanlarından biridir. Əvvəllər o Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq “beynəlxalq Binə Hava Limanı” adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir, şəhərlə 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə əlaqəlidir.
“Azərbaycan Hava Yolları” Milli daşıyıcısının qeydiyyat limanıdır.
Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir, həm də, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar. Plastik kartlardan başqa, ödəmə üçün nağd şəkildə manat, ABŞ dolları, avro və rus rublu da qəbul olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanı olmuşdur.



Oxunub: 74925



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on