Baş səhifə    » TƏLTİFLƏR    » Sovet dövrü orden və medalları   

Sovet dövrü orden və medalları

  


Azərbaycan SSR-in ordenləri, medalları və döş nişanları

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süquta uğradıldıqdan sonra Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan SSR) adı altında bolşevik hakimiyyəti qurulmuş və ilk illərdə Azərbaycan özünün dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq
məcburiyyətində qalmışdır. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından dərhal sonra respublika
ərazisində çar Rusiyasının ordenlərinin və digər fərqləndirici nişanlarının taxılması
qadağan edilmişdi. Sovet Azərbaycanının ilk mükafatı 1920-ci ilin yayında təsis edilmiş “Fəxri
Proletar Döş Nişanı” olmuşdur. Bu nişan 1921-ci ilin sonunadək mövcud olmuşdur.



Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm olmuş, hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdir (soldan hərbi xidmətləri simvolizə edən dəfnə yarpağı ilə, sağdan isə mülki xidmətləri simvolizə edən palıd yarpaqları ilə). Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində “АССР” (yəni - Азербайджанская Советская Социалистическая Республика) abreviaturası həkk olunmuşdur. Nişanın ortasında Yer kürəsinin mavi və sarı rənglərlə minalanmış qabarıq təsviri üzərində üzüyuxarı şəkildə qırmızı rəngli ay-ulduz yerləşdirilmişdir. Nişanın yuxarı hissəsində “1920” rəqəmi yazılmışdır. Nişanın 
çevrəsi boyu ərəb qrafikası ilə “Azərbaycan Şura Cümhuriyyəti” sözləri yazılmışdır. Nişan Bakı zərgərləri tərəfindən əllə hazırlanırdı. 


Mükafat Azərbaycan İnqilab Komitəsinin qərarı ilə təltif edilirdi. 1920-1921-ci illərdə “Fəxri Proletar Döş Nişanı” ilə təxminən 20 nəfər təltif olunmuşdur. 
Azərbaycan İnqilab Komitəsinin təşəbbüsü ilə 1920-ci ildə “Qırmızı bayraq”
ordeni təsis edilmişdir. Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur və eskizin əsasını Rusiyanın “Qırmızı bayraq” ordeni təşkil etmişdir. Ovalşəkilli qızıl suyuna çəkilmiş gümüşdən düzəldilən ordenin ölçüsü 5 x 4,5 sm olmuşdur və hər iki tərəfdən palıd əklili ilə haşiyələnmişdir. Ordenin yuxarı hissəsində üzərində türk dilində ərəb qrafikası ilə “Bütün ölkələrin proletarları, birləşin!” və rus dilində “Пролетарии всех стран, соединяйтесь!” sözləri yazılmış qırmızı bayraq yerləşdirilmişdir. Ordenin ortasında qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir. Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə “Azərbaycan İctimai Şura Cümhuriyyəti” sözləri qravüra edilmişdir. Ordenin lap aşağı hissəsində isə qırmızı mina qatı üzərində rus hərfləri ilə “АССР” (yəni -Азербайджанская Советская Социалистическая Республика) abreviaturası həkk olunmuşdur. Bu ordenlə 53 nəfər mükafatlandırılmışdır. 
1921-ci ilin iyununda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə “Qırmızı Əmək Bayrağı” ordeni təsis edilmişdir. Eskizinin müəllifi zabit M.Vlasov olan orden gümüşdən hazırlanmışdır və qırmızı rəngli mina qatı və qızıl suyu ilə işlənmişdir. Bakı zərgərləri tərəfindən hazırlanan ordenin mərkəzində döymə üsulu ilə oraq və çəkic təsvir edilmişdir. Ordenin aşağısında respublikanın gerbindən fraqment - aypara içərisində üzərində oraq və çəkic təsviri olan beşguşəli qırmızı ulduz təsvir edilmişdir. Yuxarıda mina qatı ilə işlənmiş lentin üzərində Azərbaycan dilində ərəb qrafikası ilə “Bütün dünyanın işçiləri, birləşiniz! Dünyaya hakim zəhmət olacaqdır.” Orden üç cərgə qızılı rəngli sünbüllərlə haşiyələnmişdir. Sünbüllərin üzərində qırmızı mina qatı çəkilmiş qurşağın üzərində ərəb hərfləri ilə respublikanın adının  “AİŞC” (Azərbaycan İctimai Şura Cümhuriyyəti) abreviaturası həkk olunmuşdur. 
3 dekabr 1929-cu ildə Azərbaycan Mərkəzi İcrayyə Komitəsi ( MİK) “Qırmızı Əmək Bayrağı” ordeninin statusunu təsdiq etmişdir. Həmin vaxt bu ordenin təsvirində dəyişiklik edilmişdir.
Ordenin yeni variantının müəllifi rəssam Beniamin Telenqater (Beno) olmuşdur
Ordenin yeni nümunəsi də gümüşdən hazırlanmış və qızıl suyuna çəkilmişdir. Ölçüsü 5x4 sm olan ordenin mərkəzində beşguşəli trapesiyavari lövhənin üzərində fabrik, zavod və neft buruqları təsvir edilmişdir. Lövhənin korpusunun üzərində qızılı oraq və çəkic qabardılmışdır. Ordenin üzərində çarpazvari iki bayraq təsvir edilmişdir. Bayraqların dəstəklərinin arasındakı ağ mina özülünün üzərində Azərbaycanın emblemi olan qırmızı aypara içərisində beşguşəli qırmızı ulduz həkk olunmuşdur. Sağ tərəfdəki bayrağın üzərində Azərbaycan dilində “Bütün ölkələrin proletarları, birləşiniz!”, sol tərəfdəki bayrağın üzərində isə respublikanın adının abreviaturası - ASSC (Azərbaycan Sovet Sosialist Cümhuriyyəti) sözləri yazılmışdır. Orden hər iki tərəfdən taxıl sünbülü, onun aşağısında palıd yarpaqları və nəhayət, pambıq qozaları ilə əhatələnmişdir. 1933-cü ilin sonlarında “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif dayandırılmışdır. Bu ordenin 1929-cu il nümunəsi ilə təqribən 300 təltif qeydə alınmışdır.



Oxunub: 87895



Azərbaycan Televiziyaları
İnternet Radio