Baş səhifə    » TƏLTİFLƏR    » Medallar    » “DIN-də xidmətə görə” medal   

“DIN-də xidmətə görə” medal

  


"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri


"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 
1-ci dərəcəli medal - qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir.
Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsi hündürlüyü 8 mm olan çevrilmiş trapesiyadır. Trapesiyanın içində, onun oturacağından çıxan şüaların üzərində aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mm x 10 mm ölçülü qəlib əlavə olunur.



Oxunub: 99611