Baş səhifə    » PAYTAXT    » Bakı    » İçərişəhər   

İçərişəhər

  



İçərişəhər, Bakı şəhərinin, eyni zamanda Şərqin ən qədim tarixi mərkəzlərindən biridir. İçərişəhər xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hal-hazırda həm yaşayış məhəlləsi, həm də tarix-memarlıq kompleksidir.
İçərişəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq bir təpədə salınmışdır. Yaşayış mərkəzi hündürlüyü 8-10 metr, eni 3,5 metr olan hündür divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazini əhatə edir. Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır, yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdu. Üçqat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladır. Digər orta əsr şəhərləri kimi Qala divarı içində olan bütün binalar (Şəhristan) da taktiki və strateji baxımdan müdafiə xarakteri daşıyırdı. Şəhərin plan quruluşu hərbi üstünlük və döyüş taktikasi düşünülərək sanki əsil labirinti xatırladır. 
İçərişəhər Şərqin ən qədim məskənlərindən biridir. Arxeoloqların fikrincə, ərazi bürünc dövründə məskunlaşmışdır. XIX əsrədək bir neçə minlik məhəllə ilə İçərişəhər elə Bakının özü demək idi. İçərişəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.
Tarixi qoruq həm də hal-hazırda yaşayış məskənidir. Burada 1300 ailə yaşayır.
İçəri Şəhər tarixən ümumi əlamətlərlə birləşən bir neçə məhəllələrdən (Ağşalvarlılar, Gəmiçilər, Arabaçılar, Hamamçılar, Cuhud Zeynallar (yəhudi məhəlləsi), Seyidlər və s.) ibarətdir. Qədim şəhərə giriş Şamaxı (XII əsr) və Salyan darvazalarından idi. Ayrı-ayrı vaxtlarda burada bir neçə yeraltı keçidlər aşkar edilmişdir.
1977-ci ildə İçərişəhər kompleksi tarix-memarlıq qoruğu statusu almış, 2000-ci ilin dekabrında Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınmışdır.



Oxunub: 151789



Azərbaycan Televiziyaları
İnternet Radio