Baş səhifə    » PREZİDENTLƏR    » Heydər Əliyev   

Heydər Əliyev

  



Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) memarlıq fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq təhsilini yarımçıq qoymuşdur.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işlədikdən sonra 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. O, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
H. Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmişdir. O, bu işdə general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda H. Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. 1982-ci ilin dekabrında o, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1990-ci ilin yanvarında o, sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, Azərbaycanda, o cümlədən Dağlıq Qarabağda yaranmış münaqişə ilə bağlı SSRİ rəhbərliyinin ermənipərəstliyinə etiraz edərək, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Azərbaycana qayıdan Heydər Əliyev (1990-cı ilin iyulunda) həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.
1993-cü il iyunun 15-də H. Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı.
1993-cü il oktyabrın 3-də H. Əliyev növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
2003-cü ilin dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş, Bakıdakı Fəxri Xiyabanda dəfn edilmişdir.

Heydər Əliyev mükafatları, təltifləri və fəxri adları:
• Lenin ordeni (dörd dəfə);
• Qırmızı Ulduz ordeni;
• Sosialist Əməyi Qəhrəmanı (iki dəfə);
• Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni;
• Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Beynəlxalq Sülh Mükafatı";
• Y.V.Andropov mükafatı (Rusiya);
• Müqəddəs Apostol Andrey Pervozvannı ordeni (Rusiya); 
• “Qızıl fortuna” Beynəlxalq reytinq Təşkilatının ali mükafatı – “Qızıl Ulduz” (“Qloriya populi”) ali mükafatı;
• Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü;
• Moskva Dövlət Universitetinin "Fəxri professoru" fəxri adı;

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövründəki (1969-1982) əsas xidmətləri: 
• Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən 1969-cu il mayın 7-də sərhəd rayonlardan iki min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi qərarının icrasının dayandırılması;
• Bakı Məişət Kondisionerləri, Bakı elektrik maşınqayırma, məişət soyuducuları, radiozavod, robot, hesablayıcı maşınları zavodlarının, Sumqayıt kompressor, Gəncə “Büllur”, “Azon”, “Alunit” zavodlarının tikilməsi;
• “V.İ.Lenin” adına Sarayın (hal-hazırda H. Əliyev adına Saray) tikilməsi; 
• 8-ci kilometr, Musabəyov, Bakıxanov, Əhmədli, Günəşli, Mərdəkan, Hövsan, Xırdalan qəsəbələrin salınması;
• 4, 6, 7, 8, 9-cu mikrorayonların salınması;
• Xankəndində Azərbaycan Pedaqoji İnstitunun filialı əsasında müstəqil pedaqoji institutun açılması;
• Kəlbəcərə “Murov yolu”nun çəkilməsi (H.Əliyev “Murov yolu”nu çəkməklə Kəlbəcərin iqtisadi mövqeyini möhkəmləndirərək erməni millətçilərinin niyyətlərini puça çıxardı);
• Dağlıq Qarabağ məsələsinin yenidən ortaya atılmasının qarşısının alınması;
• C.Naxçıvanski adına Respublika orta ixtisaslaşdırılmış internat məktəbinin açılması;
• Bakıda Kosmik Tədqiqatlar Elmi istehsalat Birliyinin yaradılması;
• Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi (1983-cü ildə istifadəyə verilən bu kəmər vasitəsilə Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti Azərbaycana axmağa başladı);
• Şəmkir su-elektrik stansiyasının işə salınması.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin II dövründəki (1993-2003) əsas xidmətləri:
• Füzuli rayonunu Horadiz qəsəbəsi ermənilərdən geri alınmışdır;
• H. Əliyevin gərgin səyi nəticəsində ATƏT-in Minsk qrupu və Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilmişdir;
• Dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan arasında “Əsrin müqaviləsi” imzalanmışdır;
• Azərbaycan Respublikasının ilk Konstitutsiyasının referendum yolu ilə qəbul edilmişdir;
• Azərbaycanda ölüm hökmü ləğv edilmişdir;
• Milli manat Azərbaycanda yeganə ödəniş vasitəsi elan edilmişdir;
• Tarixi “İpək yolu”nun bərpası üzrə beynəlxalq Bakı konfransı keçirilmişdir;
• ATƏT-in Lissabon sammitində 54 ölkə Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləmişdir;
• “Kitabi Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında fərman imzalanmışdır;
• Tarixi “İpək yolu” haqqında Beynəlxalq Bakı konfransı keçirilmişdir;
• Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir;
• Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi yaradılmışdır;
• Bakıda ilk Olimpiya idman kompleksi istifadəyə verilmişdir;
• Respublikada ilk özəl orta ümumtəhsil məktəbi olan Müasir Təhsil Kompleksi fəaliyyətə başlamışdır;
• NATO-nun Praqa sammitində Azərbaycan NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul olunmuşdur;
• Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır;
• Azərbaycan Respublikası GUAM təşkilatının üzvlərindən birinə çevrilmişdir;
• ATƏT-in İstanbul sammitində Bakı-Ceyhan neft kəmərinin çəkilməsi haqqında saziş imzalanmışdır;
• Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin təməli qoyulmuşdur;
• Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi haqqında razılıq əldə edilmişdir.



Oxunub: 67836



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on