Baş səhifə    » PREZİDENTLƏR    » Əbülfəz Elçibəy   

Əbülfəz Elçibəy

  




Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il 24 iyunda Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur.
Ordubad şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1962-ci ildə SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləmişdir. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilmiş, 1964-cü ilin oktyabrına kimi Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışmışdır. 1965-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və 1969-cu ildə "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-1975-ci illərdə BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləmişdir.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla onu həbs etmiş, 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum etmişdir. Dustaqlıq dövründə Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışdır. 1992-ci ilə qədər böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlmişdir.
Ə. Elçibəy 1989-cu ildə yaranmış Azərbaycan Xalq Cəbhəsinin, 1995-ci ildən ömrünün sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olmuşdur. 1992-ci ilin iyununda Ə.Elçibəy ilk dəfə demokratik səsvermə yolu ilə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 1993-cü ildə hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə getmişdir. 1997-ci ilin noyabrında “Bütöv Azərbaycan Birliyi” ictimai-siyasi təşkilatını yaratmış və ona rəhbərlik etmişdir. 1997-ci ildə Ə.Elçibəy həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilmişdir.
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Ankarada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.



Ə. Elçibəyin prezidentlik dövründəki (1992-1993) əsas xidmətləri:
•  Sovet respublikaları arasında rus ordusu birinci olaraq Azərbaycandan çıxarıldı;
•  Azərbaycanın Milli Ordusu yaradıldı;
•  Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı;
•  Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı;
•  Ali və orta ixtisas təhsili məktəblərinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirildi;
•  Təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı;
•  Uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu.



Oxunub: 503592



Azərbaycan Televiziyaları
İnternet Radio