Baş səhifə    » TƏHSİL    » Məktəbdənkənar təhsil   

Məktəbdənkənar təhsil

  


Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişlidir. Bu təhsil könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə bunlar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri .
Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Bu təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Dərnək məşğələləri;
2. Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi;
3. Təlimati-metodiki işlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində 374 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 332 120 şagird cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 11 751 pedaqoji işçi məşğul olur.
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində 81 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6 691 qrupda 89 628 uşaq məşğul olur və 2 827 pedaqoji işçi çalışır.
Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən «Bacarıqlı əllər», «Bədii qiraət», «Rəsm», «Xalçaçılıq», «Dram», «Bədii özfəaliyyət», «Məktəb teatrı», «Rəqs», «Gənc idmançılar», «Naxışlı tikmə», «Texniki estetika», «Fortepiano», «Xor», «Foto», «Ağac üzərində oyma» və s. adlarda dərnəklər təşkil olunur.
Respublikada 63 Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 5 141 qrupunda 66 909 uşaq məşğul olur və 2 157 pedaqoji işçi çalışır. Bu mərkəzlərdə “İbtidai texniki modelçilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Robot texnikası”, “Kimya – texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir.
Respublikada mövcud olan 5 məktəbdənkənar tərbiyə işi mərkəzinin 477 qrupunda 6 472 uşaq məşğul olur və 195 pedaqoji işçi çalışır. Bu mərkəzlərdə əsasən “Bədii qiraət”, “Debat” klubu”, “Rəsm studiyası”, “Uşaq parlamenti”, “İnformatika”, “Elektrotexnika”, “Kimya texnologiya”, “Tarix-diyarşünaslıq”, “Fortepiano”, “Texniki estetika” və s. dərnəklər təşkil olunur.
Respublikada 10 Gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 797 qrupunda 10 835 şagird məşğul olur və 310 pedaqoji işçi çalışır. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini əsasən aşağıdakı istiqamətlər üzrə qurur:
1.  Bizim irs;
2.  İncəsənət aləmində;
3.  Azərbaycan beynəlxalq aləmdə;
4.  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə;
5.  Azərbaycanın tikintiləri üzrə yürüşlərdə;
6.  Təbiətin sirlərinə doğru;
7.  Kütləvilikdən turizm ustalığınadək. 



Oxunub: 624192



Azərbaycan Televiziyaları
İnternet Radio