Baş səhifə   » TURİZM    » İpək yolu   

İpək yolu

  



Böyük İpək yolu (termin ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən işlədilmişdir) - qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir.
Bu yol e.ə. II əsrdə açılmış, Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Buradan isə iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktiriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanıb.
İpək Yolu bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürmüşdür. E.ə. IV əsrdə Makedoniyalı İskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi.
Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar.
Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi.
Tarixi faktlar Böyük İpək Yolunun bir neçə istiqaməti olduğunu və Asiya kontinentindən əsasən qərb istiqamətində çoxsaylı yolların keçdiyini sübut edir. Şərqi Çin dənizinin sahillərindən, Sinan şəhərindən başlanan İpək yolu Lançjondan keçərək, Donxuana qədər uzanıb. Yolun bir qolu Kopetdağın şimal ətəyi ilə Xəzərin cənub hissəsindən keçib Azərbaycana daxil olub. İkinci qol isə Təklə-məkan səhrasının şimalından ötüb Dərbənd, Şamaxı-Gəncə, Batumi-İstanbula uzanaraq, Balkan yarımadası vasitəsilə Avropanın mərkəzinə istiqamətlənib. Digər məlumatlara görə, eramızdan 4-5 əsr əvvəl fəaliyyətə başlayan İpək yolu başlanğıcını Koreyadan götürüb. Karvanlar Çin, Monqolustan, Mərkəzi Asiya, Azərbaycandan keçərək Aralıq və Qara dəniz sahili ilə Avropaya gedirmişlər. "İpək Yolu" anlayışı bu istiqamətlərdə daşınan Çin ipəyinin adından götürülməsinə baxmayaraq, artıq X-XI əsrlərdə Azərbaycan ipəyi onu yoldan sıxışdırıb çıxartmağa başlamışdı. Böyük İpək yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən keçdiyindən bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Şəkidə Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olmuşdur. Bu marşrutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələrində tacirlərin rahatlığını təmin etmək məqsədilə karvansaralar salınmışdır. Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dəniz çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna demək olar ki, ehtiyac olmamışdır. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğramışdır. Mövcud olduğu dövrdə Böyük İpək yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdir. 2000 il ərzində qərblə şərqi birləşdirən Böyük İpək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir. Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri olmuşdur. Ölkə bu günə qədər öz coğrafi mövqeyini itirməmiş, Böyük İpək yolunun bərpasının təşəbbüsçülərindən biri olmuşdur. 
Böyük İpək yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASİS proqramı çərçivəsində TRASEKA layihəsi təşkil edir. Bu Layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və mərkəzi Asiyanı yeni müstəqil dövlətlərin razılığı ilə Avropa Şurası qəbul edib. Layihənin həyata keçirilməsi sahəsində isə 1996-cı il mayın 13-də Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi mühüm addım oldu. Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşrutunun Avropa-Qafqaz-Asiya/TRASEKA/, Transavropa istiqamətinə birləşdirməyi nəzərdə tutur. Proqramın reallaşması Avropa şurasının texniki-maliyyə yardımı, Dünya Bankı, Avropa Yenidənqurma və inkişaf Bankınm ayırdığı kreditlər hesabına mümkünləşir. 
Qədim İpək Yolunun bərpası dəniz nəqliyyatını Avropa və Asiya ölkələri arasında tranzit yük axınına malik olan mühüm nəqliyyat vasitəsinə çevirmişdir.



Oxunub: 63580



Azərbaycan Televiziyaları
İnternet Radio
TEZLİKLƏ
Avia biletlərin satışı,
otellərin rezervasiyaı,
avtomobillərin kirayəsi,