Baş səhifə    » MEMARLIQ    » Memarlıq haqqında   

Memarlıq haqqında

  



Memarlıq  -  insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Memarlığın tarixi
Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.
Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.
Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır. 
E.ə. IV əsr - eramızın VII əsrində şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi ("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI əsrlər), Qum kəndindəki bazilika (təqribən VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr)  bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. 
VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir. 
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri olub. Bərdədə geniş tikinti işləri aparılıb, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam tikilib.

Memarlıq məktəbləri
X-XII yüzillərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır. Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.
Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Naxçıvan memarlıq məktəbinin abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron məktəbinə mənsub tikililər isə sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin ən yaxşı abidələri üçün memarlıq quruluşunun dəbdəbəliyi, dekorların müxtəlifliyi səciyyəvidir.
Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir.
Əcəminin yaratdığı kompozisiya və dekorativ bəzək üsulları Azərbaycanın, eləcə də müəyyən ölkələrin türbə tikililərinə böyük təsir göstərib. Əcəmi üslubuna yaxın Marağa abidələri Azərbaycan memarlığının inkişafında önəmli yer tutub. Bunlardan "Göy günbəz" türbəsi (1196, memar Əhməd Məhəmməd oğlu) "Qırmızı günbəz" türbəsini (1148, memar Bəkir Məhəmməd) göstərmək olar. 
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üsulları daşdan tikilmiş türbələrdə - Naxçıvan MR-nın Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memar Əli Məcidəddin ) və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV əsrlər), Bərdədə (1322, memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani) öz  əksini tapıb. 
X-XII əsrlərdə yaşayıb yaradan bir çox Azərbaycan memarları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında dövrümüzə kimi çatmışdır. Bunlardan Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə, X əsr), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi) və b. X-XIV əsrlərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaradıblar.
XII-XIII əsrlərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınıb. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII əsr) və 11 aşırımlı (XIII əsr) Xudafərin körpüləri, Qazaxda 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII əsr), Gəncəçayın üzərində salınmış 3 körpü (qalıqları; XII-XIII əsrlər), Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII əsr) və b. xüsusilə diqqəti cəlb edir.
Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyyəvidir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII əsr, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala-1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə  Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır.
XIII əsrin ortalarında paytaxtın Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq mərkəzinə çevrilmişdir.
XV-XVI əsrlərdə də Azərbaycan memarları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" qalıb.
XVII-XVIII əsrlərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif  binaların tikintisi genişlənib. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edilmişdir.
Bu dövrlərdə Azərbaycan şəhərlərində hamam binaları geniş yayılmışdır. Azərbaycan hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək hamam", XVII əsr), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"XIX əsr), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.
XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdir) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.
XIX əsr Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikilmişdir.
Neft sənayesinin sürətli inkişaf etdiyi XIX-XX əsrlərin ayrıcında Azərbaycan memarlığında yeni təzahürlər müşahidə olunub. 
XIX əsrdə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. 
Bu dövrdə Azərbaycanda xəstəxanalar və kiçik tibb müəssisələri də tikilib. 1860-cı illərdə Salyanda memar Q.Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərib.
XIX əsrin II yarısında tikilməyə başlanan teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 1883, P.İ. Konqnovitski; 1980-cı illərin sonunda sökülüb) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Tetarı,1911, memar N.G. Bayev) tikilib.
XIX əsrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəllə xarakterli memarlıq məktəbləri yaranmışdır. Məscid binalarının xarici simasının səciyyəvi xüsusiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir. Bakıdakı Bəy məscidi (İçərişəhərdə, 1895; memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), Göy məscid (1912-13), Əmircanda M.Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z.Əhmədbəyovdur) bu dövrün ən xarakterik tikililəridir.
Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883), indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri və s. binalar tikmişdir.
Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub. Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.
20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlamışdır. 
1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı olmuşdur. Məzunlardan memarlar S.Dadaşov və M.Hüseynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırlamışlar. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binasını (hamısı 1933) göstərmək olar. S.Dadaşov və M.Hüseynovun layihələri ilə tikilmiş "Nizami" kinoteatrı və Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-39), Hökumət evi, Azərbaycan Dövlət Musiqi Akademiyası (1937-39, M.Hüseynov, S.Dadaşov) həcm-məkan quruluşuna və monumental tikililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S Dadaşov və M.Hüseynov burada antik yunan və intibah memarlığı üçün xarakterik olan üsul və formalardan yaradıcı şəkildə istifadə etmişlər. 
1933-1936-cı illərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır.
1944-cü ildə Memarlıq İşləri İdarəsinin yaradılması memarlıq fəaliyyətinə böyük təkan vermişdir. Bu dövrlərdə tikilən Nizami adına Ədəbiyyat Muzeyi (1940, M.Hüseynov, S.Dadaşov), Dzerjinski adına Mədəniyyət Sarayının (indiki Şəhriyar adına Mədəniyyət Evi, 1948, H.Məcidov) Bakının gözəl memarlıq tikililərindən hesab olunur.
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığında özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranıb. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. bəzəyir.
Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam etdirilib. 1950-1960 illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ. Lenin adına Mərkəzi Muzeyi (1954, 1955, H. Məcidov), M.F.Axundov adına Respublika Kitabxanası (1960, M.Hüseynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, Q. Əlizadə; M. Məmmədovun iştirakı ilə), Mərkəzi Univermaq (1961, N.Kənkərli) və s. binalar Bakının memarlıq simasını formalaşdırmışdır.
1967-ci il noyabrın 6-da açılan Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsi, inşaat keyfiyyəti, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə seçilir. “Nərimanov”, “Nizami”, “Elmlər Akademiyası”  (1967,1976,1985, M.Hüseynov), “Avrora” (indiki “Qara Qarayev”, 1972, H.Ələsgərov), “Neftçilər” (1972, Ə.İsmayılov) kimi metro stansiyalarında gözəl memarlıq nümunələri yaradılmışdır.  
60-cı illərin sonu - 80-ci illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlamışdır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.
Bakıda bir sıra iri ictimai bina və qurğular tikilib. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (indiki Heydər Əliyev sarayı,V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov), "Bakı" (H.Məcidov), "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, (M.Hüseynov), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov),"Nigah sarayı" (İ.Əliyev), "Gülüstan" şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov), İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgah (memar R.Əliyev) və s. möhtəşəm binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.
Müstəqillik qazanandan sonra da, Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin klassik üslublu yeni binası (memar Vüqar Həsənov), Uniplaza (memar Nəriman İmaməliyev), Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid) və s.

Qeyd: dünyada Memarlar günü 1949-cu ildə Lozannada təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd edilir.



Oxunub: 123028



Azərbaycan Televiziyaları
İnternet Radio