Baş səhifə    » RƏSSAMLIQ    » Qurama mozaika   

Mozaika haqqında

  



Mozaika (rəngli qurama) eyni və ya müxtəlif materiallardan düzəldilən təsvirdir. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir.

Mozaika 2 üsulla yığılır.
1. Mozaika materialı divar, tağ və s. səthinə çəkilmiş üzlüyə (sement ya mastika təbəqəsi) birbaşa bərkidilir.
2. Daş ya smalta qırıqları karton, eləcə də parça üzərinə çəkilmiş rəsmə üz tərəfdən (əksinə) yapışdırılır, arxa tərəfinə bərkidici material tökülür. Müvəqqəti əsas götürüldükdən sonra alınmış blok divara, ya tavana vurulur.
Qədim Şərq ölkələrində mozaika nümunələri yaradılıb, antik dövrdə daşdan və smaltadan süjetli və dekorativ mozaika sənəti yüksək səviyyəyə qalxıbdır.

Azərbaycanda mozaikanın tarixi
Orta əsrlərdə Azərbaycanda tikililərdə mayolikadan maraqlı dekorativ mozaikalar yaradılıb.
Naxçıvanda XVIII əsrdə inşa olunan Zaviyə məscidi adlandırılan binanın giriş qapısı və pəncərələri rəngli mozaika ilə bəzədilmişdir.
Məşhur Şəki Xan sarayında da mozaikadan istifadə olunub. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir.
Müasir Azərbaycan rəssamlarından O.Şıxəliyev, A.Rəcəbovun yaratdığı mozaika nümunələri Bakı Məişət Kondisionerləri Zavodunu, “Azərbaycan” nəşriyyatının girişini bəzəyir. Bakı metropoliteninin Nizami stansiyasında M.Abdullayevin, Neftçilər stansiyasında A.Ağamalov və M.Qafarovun mozaika kompozisiyaları Azərbaycan mozaika sənətinin ən yaxşı nümunələrindəndir.



Oxunub: 531958



Azərbaycan Televiziyaları
İnternet Radio