Baş səhifə    » HİMN    » Himnin tarixi    » Azərbaycan SSR-in Dövlət himni   

Azərbaycan SSR-in Dövlət himni

  


Azərbaycan SSR-in 1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında bayraq və gerb haqqında maddələr olsa da, dövlət himni barədə maddə olmamışdır. Dahi bəstəkar Üzeyir Hacıbəyov 1930-cu ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə himn bəstələmişdir. Əsərin ədəbi mətni də bəstəkarındır. Orkestr və xor üçün yazılmış bu əsər ilk dəfə 1930 il aprelin 28-də müəllifin idarəsi ilə səslənmişdir. 3 hissədən ibarət  əsər kantata janrına yaxın olduğundan onu bəzən kantata da adlandırırlar. Lakin bu himnin Azərbaycan SSR-nın dövlət himni kimi qəbul edilməsi haqqında məlumat əldə edilməmişdir. 
1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. “Kommunist” qəzetinin 23 Sentyabr 1945-ci il tarixli sayının 1-ci səhifəsində Üzeyir Hacıbəyovun bəstələdiyi “Azərbaycan SSR Dövlət himni”nin notu çap olunmuşdur.

Himnin mətni aşağıdakı kimi idi: 

Azərbaycan - dünya görmüş bu şərəfli, şanlı diyar, 
Vətən eşqi babalardan qalmış əziz bir yadigar, 
Qanlı döyüş meydanında biz yaratdıq ağ günləri - 
Nəsillərdən nəsillərə yurdumuzun şöhrəti var. 
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən  
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən.. 
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 
Ustadımız böyük Lenin - şanlı zəfər bayrağımız,  
Rəhbərimiz Stalindir - bizim həyat növrağımız.  
Gözəl Bakı! Qüdrətindən ilham alır Azərbaycan -  
Azad elli, azad günlü doğma Sovet torpağımız. 
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən  
Qoca Şərqə günəş doğur yurdumuzun qüdrətindən..  
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 
Qardaşımız rus xalqıdır azadlığın bayraqdarı,  
Qanımızla suvarmışıq bu dostluğu, bu ilqarı,  
Yer üzünün şöhrətidir şanlı Sovet torpağımız -  
Bu torpaqda çiçək açdı insanlığın ilk baharı... 
Qoy var olsun Azərbaycan, Odlar yurdu - Ana vətən  
Qoca Şərq günəş doğur yurdumuzun qüdrətindən..  
Bayrağımız sosializmin qardaş ellər dünyasıdır,  
Yaşa vətən! Xalqımızın şərəfisən, şöhrətisən. 

1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası  qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmiş, Niyazi isə musiqi redaktəsi aparmışdı. 1978-ci il Konstitusiyanın 182-ci maddəsinə görə, Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himninin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdi. 

Azərbaycan SSR-in 1978-ci ildəki Dövlət himninin mətni aşağıdakı kimi idi:

Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar!  
Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar.  
Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə,  
Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə!  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!  
Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir,  
Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir.  
Nəsillərdən-nəsillərə yadigardır dəyanətin,  
Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin.  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!  
Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı,  
Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı.  
Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz,  
Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz!  
Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz,  
Kommunizmin günəşilə nurlanacaq səhərimiz.  
Biz gedirik gələcəyə qaliblərin cərgəsində,  
Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!
Bu himn 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra faktiki olaraq öz ömrünü başa vurmuşdu. 

27 may 1992-ci il ildə “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 
“Azərbaycan Respublikasının Dövlət himni haqqında” Əsasnamənin təsdiq edilməsi barədə 1993-cü il 2 Mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 Sentyabr tarixli Fərmanı ilə  təsdiq edilmiş “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilmişdir. 



Oxunub: 79866



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on