Baş səhifə    » Unikal muzeylər    »   

Unikal muzeylər

  

Ağdam Çörək muzeyi 

Ağdam Çörək muzeyi dünyanın nadir muzeylərindən biridir. Muzey 1983-cü ilin noyabrında yaradılmışdır. Çörək muzeyində unikal eksponantlar - çörək və taxılçılıqla bağlı arxeoloji tapıntılar, daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, taxılçılığın, əkinçilik alətlərinin (oraq, xış, taxıl döyən vərdənə və s.) inkişafından bəhs edən müxtəlif materiallar var idi. Hal-hazırda muzey Ermənistan ordusu tərəfindən məhv edilmişdir.

Uzunömürlülər muzeyi 

Azərbaycanın Lerik rayonu dünyada uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır. Uzunömürlülər muzeyi də məhz buna görə yaradılmışdır.
Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunmuşdur. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirmişdir. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılmışdır.




Oxunub: 181430