Baş səhifə    » XALÇAÇILIQ    » Xalçanın növləri   

Xalçanın növləri

  


Cecim – xovsuz xalçalar növünə aid olan xalça. Cecim toxuculuğu qadın əməyi tətbiq edilən ev sənətlərinin ən arxaik növlərindən biridir.
Cecimlər eni 30-35 sm, uzunluğu 15-20 metr olan ensiz üfüqi zolaqlara iplik dəzgahın üzərində tikilir. Cecimi bəzəyən müxtəlif şaquli zolaqlar qeyri-adi effektiv, parlaq və dekorativdir. Əksər hallarda toxucular zolaqları məişət əşyalarının (daraq, iplik, şamdan) və həndəsi elementəlrin üslublaşdırılmış təsvirləri ilə bəzəyirlər. Cecimin yununun iplərinin rəngindən və keyfiyyətindən asılı olaraq, cecimlər hamar, birrəngli və çiçək rəsmli olur.

Kilim - xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. Xovsuz xalçaların ən geniş yayılmış növu kilimdir. Kilim həndəsi naxışların əhatə etdiyi çatvari işıq zolağı ilə səciyyələnir. Kilimin texnologiyasına əsasən naxışlar romb, üçbucaq və trapesiya formasında olur. Kilimin müxtəlif zonalarındakı tikişlər kompozisiyası, naxışları və rənginə görə bir-birindən fərqlənir. Texniki xüsusiyyətlərinə görə kilimləri istehsal mərkəzlərinə əsasən 5 əsas qrupa bölmək olar: Qazax kilimləri, Qarabağ kilimləri, Abşeron kilimləri, Şirvan kilimləri və Təbriz kilimləri.

Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət oluru. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi.
Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var:
• Birrəngli
• Damalı
• Süjetli

Zili - xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvəllərində Avropa və Rusiyaya ixrac olunurdu. Kompoziyasına və naxışlarına görə Azərbaycanın "zili" xalçaları çox müxtəlifdir. Bu xalçalara rəsmin plastiki çevikliyi və emosional ifadə səciyyəvidir. Ornament bəzəklərinin səciyyəvi xüsusiyyəti iri işarə elementlərinin böyük romb, cüt buynuz və müxtəlif üslublaşdırılmış element qismində təsviridir.



Oxunub: 249591