Baş səhifə
» OPERA
» Rejissorlar
RejissorlarOpera teatrı 1925-ci ildə Akademik Milli Dram Teatrından (AMDT) ayrılıb, indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o vaxt Rus Operası adlanırdı) kollektivinə birləşib. İlk on ildə Azərbaycan truppası ayrı olub və onun baş rejissoru da müstəqil işləyib. Sonralar baş rejissor teatrın bütün heyətinə rəhbərlik edib. Hüseynqulu Sarabski (1879-1945) H.Sarabski həm görkəmli opera müğənnisi kimi, həm də opera rejissoru kimi məşhur olmuşdur. O, Üzeyir Hacıbəyovun və Zülfüqar Hacıbəyovun bütün operalarına və operettalarına müxtəlif illərdə quruluşlar vermişdir. Abbas Mirzə Şərifzadə (1893-1938) A. Şərifzadənin adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Böyük sənətkar həm də ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini səhnələşdirmiş, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olmuşdur. İsmayıl Hidayətzadə (1901-1951) İ. Hidayətzadə Dövlət Teatrında çalışan rus rejissorlardan olan İvanovun yanında müavin işləmişdir. 1934-cü ildə "Siyavuş" əsərini səhnələşdirmək ona tapşırılmışdır. Teatr tənqidçilərinin bəyəndiyi "Siyavuş"dan sonra İ. Hidayətzadə Opera və Balet Teatrında "Koroğlu" və "Karmen" operalarını səhnələşdirmişdir. Yusif Yulduz (1905-1978) Y.Yulduz 1928-ci ildə Leninqrad Səhnə Sənəti İnstitunda rejissor və dram aktyoru fakültəsini bitirmişdir. Peşəkar rejissor təhsili alan ilk azərbaycanlıdır. Teatrda Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "Od gəlini", Vilyam Şekspirin "Otello" pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Soltan Dadaşov (1906-1969) S. Dadaşov Opera və Balet Teatrında 38 illik rejissorluğu dövründə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi İbad”), “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə quruluşda), Cüzeppe Verdinin “Riqoletto” , “Traviada” əsərlərinin quruluşçu rejissoru olmuşdur. Şəmsi Bədəlbəyli (1911-1986) Ş. Bədəlbəyli Filarmoniyanın bədii rəhbəri və direktoru olmuşdur (1974-1976). O, Opera və Balet Teatrında “Kоrоğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” əsərlərinə quruluş vermişdir. 1957-ci ildə Türkmənistan Оpera və Balet Teatrında “Kоrоğlu” оperasını tamaşaya qоymuşdur. Mehdi Məmmədov (1918-1985) M. Məmmədov Moskvada ali rejissor təhsili almışdır. Görkəmli rejissorun Opera və Balet Teatrında hazırladığı tamaşalar: Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) və s. Cənnət Səlimova (1940) C. Səlimova Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil almışdır. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında «Payatsı» (R.Leonkovallo), «Traviata» (C.Verdi), «Boqema» (C.Puççini) kimi operaları səhnəyə qoymuşdur. Hafiz Quliyev (1965) H. Quliyev 1996-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru vəzifəsinə təyin olunmuşdur. Bu gün teatrın repertuarında özünəməxsus yer tutan Ü.Hacıbəyovun «Leyli və Məcnun», «Arşın mal alan», Z.Hacıbəyovun «Aşıq Qərib», F.Əmirovun «Sevil», Ş.Axundovanın «Gəlin qayası», R.Mustafayevin «Vaqif» operaları Hafiz Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur.
|