Baş səhifə    » Əli ağa Şıxlinski    »   

Əli ağa Şıxlinski

  


Əli ağa Şıxlinski (1865-1943) artilleriya generalı 
Əli ağa Şıxlinski 1883-cü ildən orduda xidmət etmiş, Peterburqda Artilleriya Məktəbini bitirmişdir (1886). Rus-yapon müharibəsində (1904-05) batareya komandiri olmuş, Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmışdır. Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə işləmiş, 1908-ci ildə polkovnik, 1912-ci ildə isə general-mayor rütbəsi almışdır. 1906-13-cü illərdə Çarskoe Soldatı Artilleriya Zabitləri Məktəbində rəis müavini, 1913-14-cü illərdə isə rəis əvəzi işləmişdir. 
Tam artilleriya generalı Əli ağa Şıxlinski hərbi-elmi əsərlərin və artilleriyaya aid dərsliklərin də müəllifi olmuşdur. Onun “Divizion miqyasında topçu manevrlərinin təşkili üçün təlimat”, “Dağ və səhra artilleriyası üçün məsəllər və misallar məcmuəsi” (1913-16-cı illər arasında 3 dəfə nəşr olunmuşdur), “Səhra toplarının cəbhədə işlədilməsi” (1910) və “Topçu zabitləri məktəbində polkovnik Şıxlinski tərəfindən oxunmuş mühazirələrin xülasəsi” kimi sanballı kitabları Peterburq və Luqa şəhərlərində çap olunmuşdur. 
Hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən “Şıxlinski formulu”, “Şıxlinski üçbucağı” adlı hərbi kəşfləri hələ əsrin əvvəllərində təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilmişdir. “Şıxlinski üçbucağı”nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikası işlənib hazırlanmış və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirilmişdir. 
1918-20-ci illərdə Ə. Şıxlinski Azərbaycan Demokratik Respublikası (ADR) dövründə silahlı qüvvələrimizin təşkilində müstəsna xidmət göstərmiş, 1918-ci ilin oktyabrında Gəncədə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ona həvalə olunmuşdur. Bundan başqa, 1918-ci il mayın 28-də yeni dövlətin ordusunun və Hərb Nazirliyinin layihəsini də Milli Korpusun komandiri general Əli ağa Şıxlinski hazırlamışdır. Dekabrın 29-da hərb nazirinin müavini təyin edilmişdir.  1929-cu ildə istefaya çıxmışdır. 
General-leytenant Əli ağa Şıxlinskinin rus hərb sənətinin inkişafında, eləcə də Azərbaycanda hərbi quruculuq sahəsində, hərb elminin inkişafında mühüm xidmətləri olmuşdur.



Oxunub: 102359



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on