Baş səhifə    » MEMARLIQ    » Tarixi memarlıq binaları   

Tarixi memarlıq binaları

  


Hələ çox qədimdən Bakı təкcə Qafqazda dеyil, еləcə də Yахın Şərqdə öz tarixinə görə qədim şəhərlərdən olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi-memarlıq abidələri vardır. Bu abidələr şərq və qərb memarlığının üslublarını özündə yüksək səviyyədə qovuşdurduğundan həmişə cazibədar olmuş, Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirmişdir. Həmin tarixi-memarlıq abidələri ilə yaxından tanış olmaq üçün onları sizin diqqətinizə çatdırırıq.  

1. BİBİHEYBƏT MƏSCİDİ   (1281-1282)   

Bibiheybət  məscidi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir.  Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub. 

2. MULTANİ KARVANSARASI  (XIV əsr)

Multani karvansarası Bakı şəhərinin “İçərişəhər” adlanan tarixi ərazisində yerləşir. Karvansara “Multani” adını Pakistanın Multan şəhərinin adından alıb. 
Multani karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm rabitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.

3. NİZAMİ ADINA ƏDƏBİYYAT MUZEYİ (1860)  

Nizami adına Ədəbiyyat muzeyinin binası (Keçmiş “Metropol” mehmanxanası) memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib.

4. TAZƏBƏY HAMAMI  (1886)  

Tazəbəy hamamı memarlıq binası Bakının mərkəzində yerləşir. Hamam şərq arxitekturası ilə tikilmiş və interyeri ilə fərqlənir. Ən yüksək zövqə və tələblərə cavab verən Tazəbəy hamamı hazırda paytaxta gələn qonaqların ən sevimli istirahət və sağlamlıq ocaqlarından biri hesab edilir.  

5. BAKI ERMƏNİ KİLSƏSİ  (1887) 

Bakı Erməni Kilsəsi Bakı şəhərində yaşayan erməni icmasına məxsus olmuş kilsədir. Binanın memar məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı quberniyasının və şəhərin memarı K.Qippius olub. 

6. İNCƏSƏNƏT MUZEYİ  (1888-1895) 

Rüstəm Mustafayevin adını daşıyan İncəsənət Muzeyinin binası alman mühəndisi N.A. fon der Nonne tərəfindən fransız qrafı Debur üçün klassik üslubda tikilib. Möhtəşəm memarlıq abidəsində dörd bölmədən ibarət olan İncəsənət Muzeyi fəaliyyət göstərir. 

7. RAMAZANOVLARIN  BİNASI  (1895)

Tacir Hacı Məmmədkərim Ramazanova məxsus olan bu bina milli-romantik üslubda tikilib. Vaxtilə Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılıb. 

8. AZƏRBAYCAN TARİXİ MUZEYİ  (1895-1901) 

Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. Bina Bakı şəhərinin baş memarı olmuş İ. V. Qoslavskinin layihəsi əsasında inşa edilib. 
Binanın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunubdur. 

9. BAKI LÜTERAN KİLSƏSİ  (1896-1899) 

Bakı Lüteran Kilsəsi XIX əsrin ortalarında Bakıda məskunlaşan alman və isveç əsilli insanların dini ibadəti üçün inşa olunmuşdur. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bu bina öz dövründə Bakının ən nadir memarlıq inciləri sırasına daxil olub. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da (Emmanuel Nobel) xüsusi diqqət göstərmişlər. 

10. TAĞIYEVİN QIZLAR MƏKTƏBİ  (1898-1901) 

Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilib.
1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib. 

11. MİTROFANOVUN EVİ  (1898-1902) 

Mitrofanovun Evi adlanan binanın sahibləri neft sənayeçiləri Dimtri Mitrofanov və Maysey Mixaylov olub. Həştərxandan olan D.Mitrofanov binanı şəxsi ev kimi tikdirib. Binanın memarı İoan Edel olub və fransiz neorenesansın klassik üslubunda tikilib. ADR-nın dövründə binada Fransa Səfirliyi yerləşib. 

12. BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI  (1900-1904)

Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın memarı milliyətcə polyak olan İ.V.Qoslavski binanın inşasında barokko motivlərindən istifadə edib.
Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilib.
Memar klassik kompozisiya sxeminə riayət edərək, dumanın binasını simmetrik tikib. Binada Bakı şəhərinin gerbi bugünədək qorunub saxlanılır. 

13. ƏLİBƏYOVLARIN EVİ  (XX əsrin əvvəli)

“Əlibəyovların evi” adlanan bina klassik-estetik üslubda tikilib. Əlibəyovların evini rus memarı Nikolay Prakopev layihələndirib. Bina XX əsrin əvvəllərində inşa edilib. 

14. AŞURBƏYOVLARIN EVİ  (1904)

Aşurbəyovlar ailəsinə məxsus binanı Bakı milyonçusu Teymurbəy Aşurbəyov oğlu Balabəyə toy hədiyyəsi kimi tikdirib. Borokko üslubda tikilən bina memar İ.V.Qoslavskinin son işi olub. 

15. TƏZƏPİR  MƏSCİDİ   (1905)

Təzəpir məscidi  bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən tikilidir. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında  tikilib.

16. İSMAİLİYYƏ  (1907-1913)  

İsmailiyyə binasını Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Venesiya qotikası üslubunda inşa etdirilmiş sarayın memarı ployak İ. K. Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb. 

17. AZƏRBAYCAN  DÖVLƏT  KUKLA  TEATRI  (1910)

Azərbaycan Dövlət Kukla Teatrının binası barokko üslubunda tikilib. Bu tarixi binanın memarı İ. K.Ploşko olub. Bakıda ilk dəfə ictimai yerdə vintelyasiya sistemi bu binada tərbiq olunub. Bina kinoteatr kimi tikilib və “Fenomen” sinematoqrafı adı altında fəaliyyətə başlayıb. 1980-ci ildə bina Kukla Teatrına verilib. 

18. AKADEMİK OPERA VƏ BALET TEATRI (1910-1911)  

Akademik Opera və Balet Teatrını memar N.Q.Bayev layihələndirmişdir. Binanı Bakı milyonçusu Mayılov xüsusi olaraq opera teatrı üçün tikdirib. On ay müddətinə hazır olmuş bina qotik üslubda inşa edilmiş və  Mayılov qardaşlarının teatrı da adlanıb. 1959-cu ildən bina Akademik Opera və Balet Teatrı adlanır.

19. AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI  (1910-1912)

Azərbaycan Dövlət Filarmoniyasının binası “İctimai toplantıların binası” (“İctimai iclasların yay evi”) proyekti kimi inşa edilib. Binanın memarlıq dizaynı Monte-Karlodakı məşhur kazinonun dizaynına uyğun hazırlanmışdır. 

20. SƏADƏT SARAYI  (1911-1912)  

Səadət Sarayı (Murtuza Muxtarovun evi) milyonçu Murtuza Muxtarovun yəhudi mənşəli həyat yoldaşı Liza üçün inşa etdirdiyi saraydır.  Fransız qotik üslubunda tikilən sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Tikilinin tarixçəsi haqqında təkcə Rusiya mətbuatında indiyədək 50-dək material çap edilib.  

21. İSA BƏY HACINSKİNİN EVİ  (1912)

İsa Bəy Hacınskinin binası Bakı milyonçulardan biri ilə mərc nəticəsində 3 ay ərzində tikdirib. Adı bilinməyən məşhur italyan memarı binanı qotik, barokko və modern üslublardan istifadə edərək inşa edib. Bu buna Bakıda klassik üslubda ilk hündür binalardan biridir. 

22. BAKI KOMMERSİYA MƏKTƏBİ  (1912) 

Bakı Kommersiya məktəbi memar Q.M.Ter-Mikelovun layihəsi əsasında tikilib. Burada texniki elmlər, ticarət, maliyyə və s.  tədris edilib.
Bu bina indi də tədris müəssisəsi kimi fəaliyyət göstərir.

23. HÖKUMƏT EVİ   (1924-1952)  

“Hökümət Evi” saray tipli tarixi binadır. Saray qotik memarlıq üslubunda inşa edilib. Binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi xaricdən gətirilib. Binanın memarları Lev Rudnev və Vladimir Munts olub. 

24. BEŞMƏRTƏBƏ  (1929)    

“Beşmərtəbə” Bakıda tikilən ilk müasir tipli beş mərtəbəli binadır. Bu bina Bakının mərkəzində  - “Füzuli” meydanında, Cəfər Cabbarlı küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşir. Binanın yerləşdiyi həmin ərazi bu günə qədər “Beşmərtəbə” adı ilə tanınır.

25. MUZEY MƏRKƏZİ   (1960)   

Muzey Mərkəzinin binası Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında tikilib. Bu binada aşağıdakı muzeylər yerləşir:
- Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi
- C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
- Azərbaycan İstiqlal Muzeyi
- Azərbaycan Dövlət Din Tarixi Muzeyi

26. HEYDƏR ƏLİYEV SARAYI  (1972)

Modern memarlıq quruluşunda tikilən sarayın memarları Vadim Şulqin, Eduard Melxisedekov, Vitali Faynşteyn olub. Saray yüksək dövlət və mədəniyyət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Saray 10 mart 2004-cü ildən Heydər Əliyev Sarayı adlanır. 

27. GÜLÜSTAN SARAYI (1979-1980)

Gülüstan Sarayı modern üslubda tikilib. Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu binanın  memarları Hafiz Əmirxanov və Nazim Hacıbəyovdur. Azərbaycan milli memarlığı üçün ənənəvi olan motivlərdən yaradıcılıqla istifadə edən memarlar binanın təsirliyinə, işıq və kölgə effektinə nail olmuşlar.

28. “NİZAMİ”  KİNO MƏRKƏZİ  (1930-1934)

“Nizami” Kino Mərkəzi klassik üslubda tikilmişdir. Binanın memarı Mikayıl Hüseynov və S.Dadaşovdur. Bakı şəhərində ən böyük kinoteatr sistemidir. İlk dövrlərdə bu sənət ocağı “Bədaye” kinoteatrı adı altında fəaliyyət göstərmişdir. 

29. BAKI MUSİQİ AKADEMİYASI (1885)

Üzeyir Hacıbəyli adına Bakı Musiq Akademiyasının binasının özülü klassik üslubda tikilib. Bina sonradan əsaslı təmir olunduqda onun memarı Mikayıl Hüseynov  olub. 

30. PREZİDENT  SARAYI (1977-1986)

Prezident Sarayı mərmər və qranit üzlüklü onikimərtəbəli müasir üslubda tikilən binadır. Modern üslubda tikilən bina Fuad Orucovun (layihənin rəhbəri), Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsi əsasında tikilmişdir. Prezident Sarayının əsas memarlıq xüsusuiyyəti sadəlik və möhtəşəmlikdir.

31. M.F.AXUNDOV adına AZƏRBAYCAN MİLLİ KİTABXANASI   (1961)

Bina müasir və klassik üslubun sintezində tikilmişdir. Memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binanın layihəsini Mikayıl Hüseynov vermişdir. Bina xüsusi olara Azərbaycan Milli Kitabxanasının binası kimi inşa edilib. Qafqazda ən iri kitabxana binası kimi tanınır. 

32. AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI  (1969)

Bina 1969-cu ildə inşa edilmiş, 1988-ci ildə memar Sənan Salamzadənin layihəsinə əsasən yenidən qurulmuşdur. Binanın fasadı spayder sistemli şüşə ilə örtülmüşdür. 

33. AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ KOMEDİYA TEATRI (1883)

Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. El arasında da “Şəhər teatrı” ifadəsi işlənib.

34. TAĞIYEV PASAJI  (1898)

Köhnə univermaq kimi tanınan, hazırda ticarət mərkəzi (yeni BUM) kimi fəaliyyət göstərən ikimərtəbəli böyük binadır. H.Z. Tağıyev tərəfindən tikdirilib. Klassik üslubda tikilən binada kiçik tamaşa salonu da olub.

35. HAŞIMOVUN  EVİ  (KONSTİTUSİYA  MƏHKƏMƏSİ)  (XIX əsrin sonu)

Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü qatdadır. Sovetlər dönəmində  “Siyasi Maarif Evi” adlanırdı. 

36. LANDMARK-BAKU (1909)

“Landmark-Baku”nun yerləşdiyi bina Bakı şəhərində Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşir. Bina 1909-cu ildə klassik üslubda tikilib. 

37. İQTİSADİYYAT UNİVERSİTETİ (XX əsrin əvvəli)

Bu bina keçmiş “Bakı I Realnı Məktəbi”nin binası olub. Binanı milyonçu Musa Nağıyev tikdirib. Hazırda bina Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasıdır. Klassik üslubda tikilmiş binada bir-neçə dəfə təmir-bərpa işləri aparılmışdır.

38. NEFT  ŞİRKƏTİNİN   BİNASI  (1893)

Dövlət Neft Şirkətinin yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. 

39. MİLLİ  ELMLƏR AKADEMİYASI  (XX əsrin 60-cı illəri)

Azərbaycan Milli Elmlər Akademiyasını və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.

40. AZƏRBAYCAN  RESPUBLİKASI  RABİTƏ  VƏ  İNFORMASİYA TEXNOLOGİYALARI  NAZİRLİYİ

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasını Bakı milyonçusu Musa Nağıyev tikdirib. Bina klassik üslubda tikilmişdir.

41. AZƏRBAYCAN  DÖVLƏT  AKADEMİK  MİLLİ  DRAM  TEATRI  (1960)

Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrı klassik və modern üslubda tiklimişdir. Bina xüsusi olaraq  teatr binası kimi inşa edilmişdir. Binanın memarları Q.Elizade M.Memmedov olmuşdur.



Oxunub: 542202



Azərbaycan Televiziyaları
İnternet Radio