Baş səhifə    » ETNOQRAFİYA    » Bayramlar    » Milli bayramlar   

Milli bayramlar

  


20-21 mart – Novruz Bayramı
Novruz - Azərbaycan xalqının etnokulturologiyasında özünəməxsus yeri olan ən böyük bayramdır.
Novruz - bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
Bu bayramın tarixi çox qədimdir. Qədim Babilistanda bu bayram 12 gün davam edirdi. Bununla belə, bu 12 günün hər birisinin öz ritualları, (mərasim, ayin) öz əyləncələri mövcud olub. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. 
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
İlk dəfə 1967-ci ildə Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz milli bayram kimi dövlət səviyyəsində qeyd olunmuşdur.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, Novruz bayramından qabaq Yel, Su, Od və Torpaq çərşənbələri qeyd olunur. Çərşənbələr arasında ən vacibi axırıncı – ilaxır çərşənbə axşamıdır. Həmin gün qədim ənənələrlə çox zəngindir. Bu gündə bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır.
Hələ qədim zamanlardan bu gözəl axşama xüsusi hazırlıq görülərdi. Əvvəlcədən ev-eşik təmizlənər, xüsusi bayram tədarükü hazırlanardı. Səməni cücərdilər, yumurta boyanar, qovurğa qovrular, plov süzülər, şirniyyatlar bişirilər. Bu bayram kəndlərdə xüsusilə daha gözəl keçirilir. Hamı bu bayramda bir-birini təbrik etməyə tələsir, bayram axşamı ailənin sayı qədər süfrədə şam yandırılar, niyyət tutular. Həmin axşam uşaqlar qapı-qapı gəzib bayram payı alırlar. İnsanlar o gecə səhərədək şənlik edirlər. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar hazırlanır. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə görə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. İlk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır.
İlaxır çərşənbədə bir neçə qız bir yerə yığışıb üzük falı açarlar. Bir qab götürüb içinə su tökürlər. Üzüklərini çıxarıb həmin qabın içinə atırlar. Kənardan başqa bir qız çağırırlar. Əgər həmin qız qabdan götürdüyü bir üzüyü yiyəsinə düz verərsə, üzüyü olan qızın bütün arzuları həyata keçəcək. Əgər üzük yiyəsinə düz qaytarılmasa, onu iynədən keçmiş sapın ortasına salırlar. Əgər üzük düz gedərsə, həmin adam sonsuz, sağ tərəfə yellənərsə, çoxlu uşağı, sol tərəfə gedərsə, istədiyi oğlanla xoşbəxt olacağı gözlənilir.
İlaxır çərşənbəsində niyyət tutub çilə çıxarmaq da adəti də qədim köklərə bağlıdır.
Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq sallamaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl İlaxır Çərşənbədə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən yeddi dəfə (ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə) tullanmalıdır. Tullanmaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə; Ağırlığım-uğurluğum odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməz. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə il ilə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçəcəyini - quru və yaxud yağmurlu olacağını, məhsuldarlığın dərəcəsini - təyin edirlər. Ənənəyə görə, Novruzun birinci günü yaz, ikinci yay, üçüncü payız, dördüncü günü isə qış sayılır. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli, bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli, bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunur.
Novruz xalqın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.



Oxunub: 85639