Baş səhifə    » ETNOQRAFİYA    » Adət-ənənələr    » Qonaqpərvərlik   

Qonaqpərvərlik

  


Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Hər xalqın başqa adətləri kimi özünə məxsus qonaqpərvərlik və qonaqgetmə adətləri də mövcuddur.
Kökləri ibtidai-icma dövrünə gedib çıxan qonaqpərvərlik o dövrdə qəbiləsindən geridə qalmış, yolunu azmış adamlara, səyahətçilərə, gecələməyə, müdafiəyə ehtiyacı olan hər bir şəxsə edilirdi. O dövrdə xarici aləmlə əlaqə olmadığı üçün qəbiləyə gələn hər bir adam yeni xəbərlər carçısı kimi hörmətlə qəbul edilirdi. 

Qonaqpərvərlik adətləri
Azərbaycan xalqının da lap qədim zamanlardan çox maraqlı və ibrətamiz qonaqpərvərlik adətləri olmuşdur. Bu adətlər indi də davam edir. Xalqımız həmişə qonağa qarşı çox mülayim, diqqətli və qayğıkeş olmuşdur. 
Dağlarda yolunu azan, yorulan, gec vaxtda gələn  səyahətçilər və yolçular üçün tikilmiş “aman evləri” qədim dövrlərin yadigarı kimi zəmanəmizə qədər gəlib çatmışdır. Bu da qonaqpərvərliyin başqa bir təzahürüdür. Xalqımız qonağa nəinki öz evində hörmət etmiş, hətta çöldə qalarkən ona sığınacaq yeri də vermişdir.
Keçmişdə Azərbaycanda əziz və hörmətli qonaqları qarşılamaq adətinin bir neçə forması olmuşdur. Camaat qonağın qarşısına çıxmaq üçün təyin olunmuş yerə yığılardı. İki dəstə ayrılırdı, dəstələrin birində ağsaqqallar və qocaman xadimlər gedərdilər. Onlar əllərində qırmızı örtüklü xonça (xonça üçün işlədilən örtüyün nümunəsi hazırda Azərbaycan tarixi muzeyinin etnoqrafiya fondunda mövcuddur), içərəsində dairəvi formada bişirilmiş və üzərində xüsusi naxış olan təndir çörəyi və ya lavaş ilə duz, güzgü, kuzədə şərbət  və gülab aparırdılar. İkinci dəstə ölkənin dövlət xadimlərindən ibarət olub, sazəndələr, xanəndə və aşıqlarla bərabər bir az aralı, birinci dəstənin arxasınca gedirdi. Qonağı qarşılayanlar öz ziyafət və milli geyimlərində olurdular. Onlar qonağı musiqi sədaları altında müşaiyət edir, ona şərbət verir, çörək və duz dadızdırır və ayağı altına çiçək dəstələri ilə gülab səpirdilər. Qonaq kəndə girərkən onun ayaqları altına milli naxışlarla bəzədilmiş Quba, Qarabağ, Şirvan xalçaları, onların üstündən isə tirmə və zərxara döşənərdi.
Başqa bir qaydada isə qonaq şəhərə və ya kəndə girməmiş cüssəli cavan bir oğlan iri, bəslənmiş qoçu və ya buynuzlarına qırmızı lent və ya boynuna qırmızı parça bağlanmış cöngəni qurban kəsirdi. Onun qanı qonağın atının ayağı altından axıdılırdı, qonaq isə əlini qana batırıb, qurbanın üstündən adlayırdı. Kəsilmiş cöngənin, yaxud qoçun əti yoxsullara paylanırdı. Sonra qonaq içərəsində meyvə və xuruş olan tabaqları tutmuş qırx qızın cərgəsi arasından keçirdi və hamı qonağa “xoş gəlmisən” deyirdi. Qonağın getdiyi yollara söyüd budaqları, gül-çiçək səpilir, xalçalar döşənirdi.

Qonaqlara yemək verməyin də qəbul edilmiş bir sıra qayda və qanunları mövcud idi.
Azərbaycanda qonaq üçün ən münasib yemək qoyun ətindən tikə, döymə kabab və plov hesab edilir. Lakin bunlar süfrəyə başqa yeməklər və spirtsiz içkilərlə verilir. Yemək gəlməmişdən əvvəl cavan bir oğlan aftafa-ləyənlə məclisi gəzib, qonaqların əllərinə su tökərək yudurdur, sonra məclisə pürrəngi çay, limon, mürəbbə, bundan da sonra yemək gəlir. Adətə görə, bütün yeməklərin süfrəyə düzülməsi nəzakətsizlik hesab edilir, onlar süfrəyə növbə ilə gəlməlidir.
Gecə yatmaq üçün qonaq xüsusi yataq otağına aparılır. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanda imkan olan yerlərdə qonağa balaxanada yer salardılar. Balaxana həyət darvazasının üstündə tikilirdi ki, qonaq həyətə girən kimi öz otağına qalxsın və ev sahibinin ailəsini görməsin. Balaxanaların, qonaq otaqlarının və evdə qonaq üçün bir neçə dəst əlavə yorğan-döşəyin olması xalqımızın qonaqpərvərliyini bir daha sübut edən amillərdir.



Oxunub: 471633