Baş səhifə    » TEATR    » Teatr haqqında   

Teatr haqqında

  


Teatr tarixi
Azərbaycan teatrının tarixi qədimdir. Teatr sənətinin ünsürləri, yəni çalmaq, oxumaq, oynamaq, hərəkət etmək, söhbət aparmaq və s. cəhətlərdir ki, bu baxımdan Azərbaycan teatrının üç min ildən artıq tarixə malik olduğu fikrini irəli sürmək mümkündür. Teatr sənətinin komponentləri - dramaturq, rejissor, aktyor cəhətləri o cümlədən, «Kosa-kosa», «Qaravəlli», «Kilimarası», «Şah Səlim oyunu» və s. ta qədimlərdən xalq arasında şöhrət tapmış meydan tamaşalarında, eləcə də, «Kosa gəlin», «Tapdıq çoban», «Maral oyunu», «Kaftar küs» kimi kiçik həcmli tamaşalarda özünü göstərmişdir. Bu meydan tamaşaları, eləcə də öz dövrü üçün müəyyən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik olan «Tənbəl qardaş» adlı üçpərdəli komediya Azərbaycan xalq teatrının müstəqil bir tarixə malik olduğunu sübut edir. 
Doğrudur, Azərbaycanda peşəkar teatr bir çox başqa ölkələrə nisbətən gec yaranmışdır. Bunun səbəblərini, əsasən, tarixi-ictimai, siyasi şəraitlə əlaqələndirmək daha doğru olardı. Rəssam Elçin Aslanovun 1994-cü il 6 may tarixli «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi «Şəbihləri kim yaradırdı» («Füzuli və milli dramaturgiyamız») adlı məqaləsində Azərbaycan peşəkar teatr sənətinin ən azı 500 illik tarixə malik olduğunu və onun öz başlanğıcını şəbih tamaşalarından götürdüyü fikri məqbul sayılmalıdır. Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyov da yazıb ki, «tarixçi və alimlərin fikrincə, bütün milli teatr sənətinin ibtidası dinə bağlı olmuşdur. «Sonra davam edərək «bizim - Şaxsey» misteriyası öz səhnə təcəssümünü şəbih tamaşalarından götürmüşdür. Etiraf edək ki, məqalə müəllifi, -dahi bəstəkarın M.Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera üçün tərtib etdiyi ədəbi mətn məhz «şaxsey» misteriyası «Şəbih tamaşaları» ənənəsi çərçivəsində hazırlanmışdır» - deməkdə haqlıdır. Qafqaz canişini Voronsovun «Azərbaycanın Molyeri» adlandırdığı M.F.Axundovun komediyaları əsasında Azərbaycanda yaranan, Qərb tamaşa mədəniyyətinin Şərq variantı olan, onun iqtibası və yamsılanması kimi nəzəri cəlb edən, dünyəvi teatr isə XIX əsrin 40-cı illərinə aiddir. Bu tipli teatr 1848-ci ildə Şuşada, 1850-ci ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda yaranmışdı.


Bu, bir faktdır ki, millətin öz yaşayışını əks etdirməsində, Azərbaycan xalqının oyanmasında milli teatrın çox böyük rolu olmuşdur. Milli teatrın sağlam təməlini isə öz əsərlərində Mirzə Fətəli Axundov atmışdır. Bu cəhəti də qeyd etmək lazımdır ki, dünyada-Qədim Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə başlamışdır. Azərbaycan teatrı isə komediya ilə. Nəzərə alınsa ki, XIX əsrin ortalarında Azərbaycan ədəbiyyatında komediya janrının yaranmasının və komiklik probleminin mütərəqqi estetik fikir mövqeyindən izahı olduqca çətin idi, qəhrəmanlıq tələb edirdi, bu fəaliyyətin məna və əhəmiyyəti xeyli artar. Çətinlik yalnız komediya janrının nəzəri cəhətində deyildi, həm də o zamankı polis və senzor nəzarətinin çox güclü olması ilə bağlı idi. Gülüşün estetik və ictimai funksiyası barədə söhbət açmaq asan iş deyildi. Cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş «ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan» hal kimi qələmə verilirdi. Ona görə də M.F.Axundov və ondan sonra gələn azərbaycanlı dramaturqlar da komikliyin, gülüşün əsas məsələlərinə toxunarkən onu əxlaqı yaxşılaşdıran, naqislikləri qamçılayan bir vasitə kimi şərh etmişdilər.
Azərbaycan dünyəvi peşəkar teatrı öz fəaliyyətinə komediya ilə başladı. M.F.Axundovun beş ölməz komediyasına söykəndi. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazandı.
«Lənkəran xanının vəziri» tamaşasından bir ay yeddi gün sonar Mirzə Fətəli Axundovun «Hacı Qara» komediyası da tamaşaçılara göstərilmişdi. «Kaspi» qəzeti (1873-cü il) xəbər vermişdi ki, «Bakıdan yazırlar ki, aprel ayının 17-də Bakı «cəmiyyətinin» salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası vermişlər. Bu dəfə M.F.Axundovun «Sərgüzəşti-mərdixəsis» adlı beşpərdəli komediyası oynanılmışdır.
Azərbaycan teatrı getdikcə inkişaf edir, xalq həyatına daxil olurdu. Onun xəritəsi də ildən ilə genişlənirdi. 1921-ci ildə Bakıda «Tənqid və təbliğ teatrı»nın (TTT) yaranması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. 1923-cü ildə Bakı teatr məktəbinin açılışı və onun yetirdiyi məzunlar sonrakı illərdə milli teatr sənətinin inkişafında mühüm rol oynadı. 1929-cu ildə Bakıda uşaq teatrı fəaliyyətə başladı. 1937-ci ildə respublikamızın bir neçə rayonunda Dövlət teatrları yaradıldı. Təəssüf ki, həmin teatrlar 1949-cu ildə ucdantutma (Quba, Gəncə və Naxçıvan Dövlət teatrlarından başqa) bağlandı. Həmin teatr kollektivləri əvvəl xeyli müddət dram dərnəyi adı altında işlədilər. 1958-ci ildə isə xalq teatrları kimi fəaliyyətlərini davam etdirdilər.
1960 –cı illərdə Azərbaycan teatrı yeni bir mərhələyə qədəm qoydu. 1964-cü ildə rəssam T.Salahov və bəstəkar Q.Qarayev V.Şekspirin «Antonio və Kleopatra» əsərini tamaşaya hazırladı. Bunula teatrın və tamaşaçıların arzu etdikləri möhtəşəm, işıqlı, humanist bir tamaşa yarandı. Bu tamaşada teatrın novatorluq səylərinin gözəl nəticəsi də özünü göstərdi. Bu yüksək səhnə mədəniyyəti, sağlam yenilik və müasirlik ruhu T.Kazımovun həmin ilin noyabr ayında quruluş verdiyi «Sən həmişə mənimləsən» tamaşası həm müəllifin, həm də ümumiyyətlə teatrın böyük nailiyyəti oldu.
«Sən həmişə mənimləsən»dən sonra «Yalan» (1965), «Ölülər» (1966), «Sənsiz» (1967), «Hamlet» (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirdi.
1960-cı illərin sonunda Azərbaycan teatrının nailiyyətləri içərisində fərəhləndirici hal teatra yeni istedadlı gənc dramaturqların gəlməsi oldu. 1969-cu ildə «İkinci səs» pyesi ilə Akademik Dram teatra gələn Bəxtiyar Vahabzadə sonrakı illərdə «Yağışdan sonra», «Yollara iz düşür», «Özümüzü kəsən qılınc» kimi səhnə əsərləri teatrın repertuarını zənginləşdirdi.
70-ci illərdə Nəbi Xəzri «Sən yanmasan» pyesi ilə başladığı dramaturji yaradıcılığını «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Torpağa sancılan qılınc», «Burla Xatun» əsərləri ilə müvəffəqiyyətlə davam etdirdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) müvəffəqiyyətlə göstərilən «Keçən ilin son gecəsi» pyesi ilə teatra gələn yazıçı Anar «Şəhərin yay günləri», «Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur» pyesləri ilə özünü yaxşı bir dramaturq kimi təsdiq etdi. N. Həsənzadənin «Atabəylər», «Pompeyin yürüşü» tamaşaları müəllifə və teatra uğur gətirdi.
1980-cı illərdə «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «İblis», «Atabəylər», «Fəryad», «Torpağa sancılan qılınc», «Od gəlini», «Şeyx Xiyabani» və s. bu kimi romantik qəhrəmanlıq tamaşaları ilə teatr öz inkişafının yeni mərhələsinə qədəm qoydu. 
Bu dövrdə Azərbaycan teatrında ən əlamətdar hadisə üslub və janr cəhətdən təkmilləşmə prosesinin müşahidə olunması idi. Bu dövrün faktik materialına əsaslanan teatr tənqidi də öz hüdudlarını genişləndirir, elmi-nəzəri, estetik keyfiyyəti artırırdı.; Azərbaycan teatr tənqidi imkan daxilində teatr prosesinə müdaxilə edir, onun tərəqqisinə çalışırdı.
1990-cı ildən sonra yaranan Yuğ, Miniatur, Pantomim, Bələdiyyə, Kamera Gənclər teatrlarının yaxşı mənada özlərini təsdiq etmələri fərəh doğurdu. Onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqləndilər.
1990-cı ildən sonra da Azərbaycan teatrında klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərləri tamaşaya qoyuldu.
70 il hökm sürən keçmiş SSRİ zamanı Azərbaycan teatrı yalnız SSRİ məkanında - Moskvada, Leninqradda, Minskdə, Kiyevdə, Tiflisdə, İrəvanda, Daşkənddə və s. yerlərdə qastrol səfərlərində olmuşdur. 1919-cu ildə Tiflis Azərbaycan teatrının Türkiyəyə qastrolundan 71 il sonra Azərbaycan Dövlət Akademik Dram teatrı mütəşəkkil şəkildə Türkiyəyə qastrola getdi. Görkəmli dramaturq İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşalarını göstərdi. 1998-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ikinci dəfə Türkiyəyə qastrola gedib.
Teatrın 1992-ci ildə Almaniyadakı qastrolu da müvəffəqiyyətlə keçmişdir. Bundan əlavə Bakı Pantomim teatrı, Gəncə Dövlət Kukla Teatrı (GDKT), Bakı Bələdiyyə Teatrı (BBT) dəfələrlə Türkiyədə qastrolda olmuşlar. 
2010-cu il 8-12 noyabr tarixində Azərbaycanda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın teatr aləmində əlamətdar hadisələrdən biri oldu. Bu konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfrans dəvətlilər sırasına ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları da qatılmışdı. 
Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan keçən 125 il ərzində ölkədə qüvvətli teatr kollektivləri yaranmışdır. İndi Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (ADAOBT), S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (ADRDT), Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (ADMKT) (Dövlət teatrı kimi 1938-ci ildə yaradılmışdır), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) (əsası 1929-cu ildə qoyulmuşdur) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (ADKT), Bələdiyyə Teatrı (BT), Gənclər Teatrı (GT), Tədris Teatrı (TT), Yuğ Teatrı (YT), Kamera Teatrı (KT), Pontomim Teatrı (PT) fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağdam, Mingəçevir şəhərlərində də dövlət teatrları vardır.
Bunlardan əlavə respublikada Mahnı teatrı, Muğam teatrı, Ş.Məmmədov adına Opera studiyası, Gəncə Dövlət Nizami poeziya teatrı, Gəncə gəlincik teatrı, Şuşa musiqili dram teatrı, Şəki satira teatrı, İrəvan Azərbaycan teatrı, Naxçıvan Cavid poeziya teatrı, Qusar Dram teatrı, Füzuli dram teatrı, Naxçıvan kukla teatrı, Qazax Dram teatrı fəaliyyət göstərir.



Oxunub: 103839