Baş səhifə
» HEYKƏLTƏRAŞLIQ
» Heykəltəraşlıq haqqında
Heykəltəraşlıq haqqındaHeykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur. 1. Monumental 2. Dekorativ Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qоç fiquru var. Abidə üzərində qоyulan imzadan belə məlum оlur ki, qоç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbristanlıqda qalan və XVII yüzilliyə aid оlan çоxsaylı daş qоç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb. Azərbaycanda heykəltəraşlığın inkişaf tarixi Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı. Heykəltəraşlıq təhsili Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir. Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.
|