Baş səhifə
» BALET
» Balet haqqında
Balet haqqındaAdətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəsqlərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin,müasir baletdə gimnastika və akrobatika elementlərindən də geniş istifadə olunur. Balet İntibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi – kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası “Çirçeya” və ya “Kraliçanın gülməli baleti” italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu. XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur. Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqassələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib. Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet – balet –simfoniya, əhval-ruhiyyə baleti – miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar – cazz-balet və modern baleti gətirib. Azərbaycanda balet Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov),Qaraca qız”(1965,E.Abbasov), “Min bir gecə” (1979, Fikrət Əmirov), “Babək” (1986, Aqşin Əlizadə), “Ağ və qara” (2000, Xəyyam Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s . əsərlərlə zənginləşmişdi.
|