Baş səhifə    » DİN    » Azərbaycanda islam   

Azərbaycanda islam

  


İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.
İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəyhdir.
İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri Sünnülük və Şiəlik təriqətləridir.

Azərbaycanda islamın yayılması
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlmişlər. Şəhərin istehkamları onları heyran qoymuş və onlar şəhəri "Bab əl-Əbvab" adlandırmışlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.
İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilmişdir. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular.
Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranmışdır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşirdi. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmirdi.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləmişdir. Şafii məzhəbi aparıcı məzhəb olurdu.Bu dövrdə Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bildilər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılırdı. Hürufilik güclənirdi.
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.
İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.
Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Respublikası (ADR) sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilmişdir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılmış, müsəlman din xadimləri təqiblərə məruz qalmış, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilmişdir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilmiş və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. Axund Ağa Əlizadə şeyxülislam seçilmişdir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxmışdır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olunur və şeyxülislam tərəfindən idarə edilir, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edirdi.
Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.
Azərbaycanda Şeyxülislam Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə və s. kimi görkəmli din xadimləri, Axund Yusif talıbzadə, Fazil Dərbəndi, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Əlixan Musayev, Şahin Həsənli və s. kimi islamşünaslar yetişmişdir.



Oxunub: 249079