Baş səhifə    » NAXÇIVAN    » Ümumi məlumat   

Ümumi məlumat

  


Naxçıvan Muxtar Respublikası haqqında

Ümumi məlumat
1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR), 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı (NMD), 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (NMSSR), 1990-cı ildən Naxçıvan Muxtar Respublikası (NMR) - Azərbaycan Respublikasının tərkibində muxtar dövlət adlanmışdır. 
Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə və cənubda Türkiyə (15 km) və İran İslam Respublikası (204 km) ilə həmsərhəddir. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhədini, əsasən, Zəngəzur və Dərələyəz silsilələrinin suayırıcıları, Türkiyə və İranla sərhədini isə Araz çayı təşkil edir.

Ərazi
Muxtar Respublika ərazisinin sahəsi 5,5 min kv.km-dir.

Əhali
2009-cu ilin məlumatına görə, Naxçıvan Muxtar Respublikasının 400 000 əhalisi var.

İnzibati bölgü
Hazırda 7 inzibati rayona (Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur) bölünmüşdür; 4 şəhəri (Azərbaycan Respublikası tabeliyindəki Naxçıvan şəhəri, Naxçıvan MR tabeliyindəki Ordubad və Culfa şəhərləri, rayon tabeliyindəki Şərur şəhəri), 4 şəhər tipli qəsəbə (Babək, Şahbuz, Parağaçay, Heydərabad), 207 kənd və qəsəbə var
Respublika tabeliyində olan şəhərlər: Culfa, Naxçıvan, Ordubad

Təbiəti 
Naxçıvan Muxtar Respublikası (NMR) Kiçik Qafqazın cənub-qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR-in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m-dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsini isə bir-birindən dağ qolları və tirələrilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur.
Muxtar Respublika (MR) ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m), eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir.
 Naxçıvanın iqlimi kəskin kontinentaldır. Ordubad rayonu ərazisində quru subtropik iqlim tipinə rast gəlinir. Mütləq minimum temperatur -31 S (Dərvişlər), mütləq maksimum temperatur 44 S-dir (Culfa).



Oxunub: 126664