Baş səhifə    » TƏLTİFLƏR    » Döş nişanları    » Prezidentin döş nişanı   

Prezidentin döş nişanı

  


Azərbaycan Respublikası Prezidentinin döş nişanının təsviri


Azərbaycan Respublikası Prezidentinin döş nişanı iki hissədən ibarətdir. Döşə taxılan nişanın birinci hissəsi 90 mm diametrlik çevrədə yerləşdirilmiş 18 karatlıq qızıldan hazırlanmış səkkizguşəli ulduz şəklindədir. Ulduzun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbinin minalanmış təsviri qabarıq surətdə həkk edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gerbinin (ARDG) ətrafı iki ədəd halqa ilə haşiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilyant daş düzülmüşdür. Nişanın səkkiz guşəsinin hər biri digərindən şüalarla ayrılmışdır. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa yerləşdirilmişdir. Səkkiz guşənin hər birində şüalar boyu sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş düzülmüşdür.
Boyundan asılan ikinci hissə hər birinin diametri 27 mm olan 16 medalyondan ibarətdir. Hər bir medalyon digərinə qızıldan hazırlanmış çələnglər vasitəsilə birləşdirilmişdir. Bir tərəfi sünbül, digəri isə palıd budağı olan çələnglərin ümumi sayı 16-dır. Hər bir medalyonun ortasında lövhə üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin minalanmış təsviri qabarıq şəkildə həkk edilmişdir. Medalyonların üzərində çevrə boyu 60 ədəd brilliant daş düzülmüşdür. Boyundan asılan hissənin ortasında diametri 60 mm olan 18 karat qızıldan hazırlanmış səkkizguşəli ulduz yerləşdirilmişdir. Ulduzun ortasında lövhə üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin minalanmış təsviri qabarıq şəkildə həkk edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gerbinin ətrafı iki ədəd halqa ilə haşiyələnmiş və halqaların arasında çevrə boyu 60 ədəd brilliant daş düzülmüşdür. Ulduzun səkkiz guşəsinin hər biri üzərində beş şüa həkk olunmuşdur. Şüaların üzərində sıra düzülüşünə uyğun olaraq altı, səkkiz, on, səkkiz və altı brilyant daş yerləşdirilmişdir. Ulduz palıd budağı və sünbüldən olan qızıl çələng vasitəsilə boyundan asılan 16 medalyon və 16 çələngdən ibarət hissəyə bərkidilmişdir.



Oxunub: 79242