Baş səhifə
» SİYASƏT
» Siyasət haqqında
Siyasət haqqında"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün hərfi mənası "at təlimi" deməkdir. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlərarası münasibətlər üzərində qurulur. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o, xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdır. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitəsilə həyata keçirilir. Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir. Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur. Azərbaycanın siyasi quruluşu 1. Hökumət 1.1. Dövlət quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (Parlamenti) (MM) həyata keçirir; icra hakimiyyəti Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir. 1.2. Qanunverici hakimiyyət: Tək palatadan ibarət olan Milli Məclis (MM) qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin (MM) çağırışının səlahiyyət müddəti 5 ildir. 1.3. İcra hakimiyyəti: 1.3.1. Dövlət başçısı: Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında İcra Hakimiyyəti Prezidentinə mənsubdur. 1.3.2. Hökumət başçısı: Prezident Milli Məclisinin (MM) razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini (ARNK) yaradır. Nazirlər Kabineti (NK) Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. 1.4. Məhkəmə hakimiyyəti: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apelyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. 2. Konstitusiya
1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində Azərbaycanın yeni konstitusiyası qəbul olunmuş və 1995-ci il dekabrın 5-də qüvvəyə minmişdir. Ölkənin ali qanunu beynəlxalq hüququn fundamental prinsipləri və normalarına uyğun olaraq tərtib edilmişdir. Azərbaycan dövlətini daxili siyasətinin əsas istiqamətləri: • Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; • Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; • vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; • xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq; • ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək; Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq “Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız dövlət hüququ ilə məhdudlaşır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünüb. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Cənubi Qafqazda əhalisinə və sahəsinə görə, ən böyük dövləti olan Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Ümumilikdə ölkədə qeydiyyatdan keçən siyasi partiyaların sayı 55-dir.
|