Baş səhifə    » YALNIZ BİZDƏ    » Təkcə Azərbaycanda   

Təkcə Azərbaycanda

  

Azərbaycan təkcə gözəlliyi və qədimliyi ilə deyil, bəzi sərvətləri ilə də dünyanın bənzərsiz ölkələrindən biridir. 

9 iqlim qurşağı

Yer kürəsində mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycandadır.

Azıx mağarası

Mağara Azərbaycanın Xocavənd rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası dünyada indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüklərindən biridir.

Beynəlxalq Muğam Mərkəzi

Muğam mərkəzi - Bakıda, dənizkənarı Milli parkda açılmış mərkəz. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. Dünyada ilk muğam mərkəzidir.

Dəmirağac

Azərbaycanın cənub bölgəsində bitən dəmirağac Azərbaycan torpağının yetirdiyi nadir incilərdəndir. Çox maraqlıdır ki, bu ağacın parçası nə odda yanır, nə də suda batır. Ona mismar çalmaq da qeyri-mümkündür. Talış meşələrində bitən bu ağac 200 ildən artıq ömür sürür. Bir möcüzə də budur ki, ağacın budaqları bir-birinə sürtündükcə bitişir.
Dəmirağac möhkəm oduncağa malik olduğundan əsasən telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə olunur.

Dövlət Bayrağı Meydanı

Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də olmuşdur. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2m, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 metr2, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Naxçıvanın duz dağı

Naxçıvanın simvollarından biridir. Təbii ehtiyatları 90 milyon ton təşkil edir. Dünyada yeganə olan bu dağ təkcə saf və təmiz duzuna görə deyil, həm də şəfaverici xüsusiyyətinə görə tanınmışdır. Deyilənə görə, hələ 6 min il əvvəl buradan duz çıxarılırmış. Şöhrəti dünyaya səs salan “İpək yolu”ndan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınmışdır.
Burada bütün dünyada məşhur olan Duz Dağı Fizioterapiya Mərkəzi fəaliyyət göstərir.

Neft Daşları

Dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Ceyms Bondun məşhur sərgüzəştlətindən biri olan "Dünya kifayət deyil" (The World Is Not Enough) filminin əsas kadrları məhz burada - Neft Daşlarında lentə alınmışdır.
Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Xəzər rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında tikilmişdir. Abşeron yarımadasının 42 km-də cənubi-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadada dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir.

Qobustan Qoruğu 

Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qobustan dünyanın rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir.

Yanar dağ

Dünyanın möcüzələrindən biri sayılır. İslam dinindən əvvəl Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə, rəvayət mövcuddur.
Yanardağdan bir az aralıda, yəni 200 metr cənubda yerin altından zəif vulkan püskürür və ətrafa lillə qarışıq su səpələyir. Həmin vulkan suyu ilə bərabər yerdən çıxan kükürdlü qaza alışqan yaxınlaşdıranda, ani olaraq alovun yanmasını müşahidə etmək olar. Abidənin ətrafında yanan alov 10-15 metr hündürlüyədək qalxır. Qış fəslində alovun şöləsi daha aydın görünür.

Palçıq vulkanları

Maqmatik mənşəli vulkanlara nisbətən məhdud sahələrdə yayılmışdır. Palçıq vulkanlarına Azərbaycanda, 16000 km² ərazidə cəmlənmişdir! Təbiətin möhtəşəm və sirri açılmamış təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə qəsdən sanki burada canlanmışdır. Elə bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.

Eldar şamı

Eldar şamı (Pinus eldarica) endem ağac növü olub, dünyada təbii halda yalnız Azərbaycanda – Qabırrı çayının sağ sahilində, Elləroyuğu dağında bitir. 1910-cu ilin noyabrında qrafinya K.S.Uvarovanın təklifi ilə Qafqazda ilk qorunan ərazi olan Eldar şamı sahəsində 3,5 min hektar ərazidə botaniki yasaqlq elan edildi və qorunmağa başlandı.

Xəzər suitisi

Xəzər suitisi (Phoca caspica) pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi «Ginnes»in rekordlar kitabına daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının «Qırmızı Siyahı»sına daxil edilmişdir.

Xəzər lələyi, Xəzər şeytanağacı 

Lələk cinsinə aid bitki növü. Arealı azalmaqda olan nadir növdür. Təkcə Azərbaycanda (Astara (Maşhan və Alaşa k. ətrafı), Lənkəran (Alekseevka k.) rayonlarında bitir. 

Xarı bülbül (ofris) 

Səhləbkimilər fəsiləsinə aid bitki cinsidir. Xarı bülbül Azərbaycanın və dünyanın nadir endemik növüdür. Əsasən Qarabağ ərazisində rast gəlinir. Xüsusi gözəlliyi ilə seçilir.

Lənkəran güləbrişini 

Güləbrişin cinsinə aid bitki növü. Bitki yalnız Azərbaycanda, Talış meşələrində yayılmışdır. Lənkəran akasiyasının dekorativ əhəmiyyəti vardır, həm də yaxşı bal verən bitkidir. Ağac qabığı müəyyən miqdarda aşı maddələri saxlayır, həmçinin yerli əhali tərəfindən parçaların rənglənməsində də istifadə olunur. Qurudulmuş erkəkcik saplaqlarından xalq təbabətində öskürəyə qarşı istifadə edilir .

Şabalıdyarpaq palıd 

Fıstıqkimilər fəsiləsinin palıd cinsindən ağac növü.
Şabalıdyarpaq palıda yalnız Azərbaycanda Talış meşələrində və İsmayıllı rayonunda rast gəlinir. Ondan xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunur: tikintidə, dəmiryol şpallarının hazırlanmasında və s.

"Ərdəbil xalçası" və ya "Şeyx Səfi xalçası"

Təbrizdə toxunmuş "Ləçəktürünc" kompozisiyalı məşhur xalı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya və Albert" muzeyi, London) ornamental xalçaların ən gözəl nümunəsi, Təbriz xalçaçılıq məktəbinin şah əsəri. 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunmuşdur. 1893-cü ildə həmin xalçanı ingilislər alaraq Londona aparmışlar. Uzun müddət dünyanın ən böyük xalçası olmuşdur.

Şirəli Müslümov 

Dünyanın ən uzunömürlü sakinlərindən biri (168 yaş) olmuşdur. Şirəli Müslimov 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində doğulub, 1973-cü ildə vəfat edib. Şirəli Müslümov 3 dəfə evlənmiş və 23 övlad sahibi olmuşdur. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilmişdir. 136 yaşında qız atası olmuşdur. Uzun ömürlülüyünə göre Ginnesin Rekordlar Kitabına düşmüşdür.

Teymur Rəcəbov ( 1987)

Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster (2001). Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və şahmat vunderkindi hesab olunur.

Mobil-diaqnoz

Dünyada ilk dəfə olaraq Azərbaycanda ürək-damar sistemində patoloji proseslərin yaranmasının gizli dövrünü mobil telefonlar vasitəsilə aşkar etmək mümkün olacaq.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutununda ürək damar sistemində patoloji proseslərin yaranmalarının gizli dövrünün monitorinqini təmin edən küy analizi və robast proqram-aparat vasitəsinin nəzəri əsasları yaradılıb, mobil telefonlardan istifadə etməklə kütləvi istifadə üçün əlverişli imkanın mümkünlüyü göstərilib. Bu ilin axırına qədər mobil telefon vasitəsilə ürək-damar xəstəliklərinin gizli dövrünün monitorinqini və yaxud da belə şəxslərdə dinamikanın dəyişməsini izləmək mümkün olacaq.

Korlar üçün mini kompyuter

Azərbaycan dünyada ilk dəfə kor və görmə qabiliyyəti zəif olan insanlar üçün mini-kompyuter hazırlanıb. “NeyroTex” şirkəti tərəfindən kor və görmə qabiliyyəti zəif olan insanlar üçün dünyada ilk dəfə olaraq səslə idarə edilən mini kompyuterin sınaq nümunələri istehsal edilmişdir. Yeni qurğu digərlərindən monitorun və klaviaturanın olmaması və bütün əmrlərin mikrofon vasitəsi ilə idarə olunması ilə fərqlənir. Mini kompyuter səsli əmrlər vasitəsilə, online rejimdə son yeniliklərlə tanış olmaq, elektron poçtdan istifadə etmək, elektron mətnləri səsləndirmək, bundan əlavə, telefon zənglərini qəbul etmək və onları cavablandırmaq kimi imkanlarla da təchiz olunub.

İlk dəfə brusellyoz müalicə olunub

Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaratmışdır. Bu maddə dünyada ilk dəfə olaraq brusellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların 7 gün ərzində 100 faiz sağalmasına səbəb olur. Yeni bioloji aktiv maddəyə 2008-ci ildə patent alınmışdır.

İlk dəfə olaraq uşaq muzeyi 

Bakıda dünyanın ilk uşaq muzeyi yaradılacaqdır. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin nəzdində yaradılacaq muzeydə uşaqlar üçün müxtəlif incəsənət nümunələri nümayiş etdiriləcəkdir. Yeni muzeydə, həmçinin uşaqlar üçün müxtəlif incəsənət növlərinin, xüsusilə dekorativ-tətbiqi incəsənət üzrə xalçaçılıq sənətinin təbliği diqqət mərkəzində olacaqdır.

Atəşgah 

Atəşgah alovun küləklə “oynadığı” yer də adlandırılır. Tarixi mənbələrdə yazıldığına görə, «Atəşgah» XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi, sönməz alovların yerində inşa edilmiş dünyanın nadir müqədəs ziyarətgahlarındandır. Məbədin ən erkən tikilişi təqribən eramızın 1713-cü ilinə aid edilir. Mərkəzi məbəd-səcdəgah isə 1810-cu ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. «Atəşgah» Bakıya gələrək burada məskunlaşan və əslən şimali Hindistandan olan sinkhlər təriqətinə mənsub hind icması tərəfindən inşa edilmişdir.
Atəşgah dənizdən azacıq aralı, Abşeron yarımadasındakı Suraxanı kəndinin cənub-şərq qurtaracağında, neft mədənlərinin yaxınlığında yerləşir. 
Hazırda dünyada yalnız iki yerdə - Şimali Hindistanda və Azərbaycanda belə bir atəşgah mövcuddur.
Od Məbədi vaxtilə kimyaçı-alim Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı Aleksandr Dümanı (ata), Nobel qardaşlarını, Cəvahirləl Nehrunu, İndira Qandini, dünyaşöhrətli kinorejissor Rac Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur adamları valeh etmişdir. 

Çinar meşəsi

Avropada yeganə təbii çinar meşəsi Kiçik  Qafqazın qərb hissəsində - Azərbaycanın Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı  Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə yaradılmışdır.  Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Qoruğun əsas qeyri-adiliyi ondadır ki, onun ərazisində 1500 yaşı, 53 metr hündürlüyü, 4 metr diametr gövdəsi olan ağaclar qədimdən bu günədək qorunub saxlanılmışdır.
Təəssüf ki, hal-hazırda bu çinar meşəsi Ermənistan ordusu tərəfindən məhv olunmaq təhlükəsi ilə üz-üzədir.

Əshabi-Kəhf

Əshabi-Kəhf Azərbaycanın Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgahdır. Dünyanın nadir ziyarətgahlarından biridir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən müqəddəs Quranda məlumat var. Lakin aparılmış hərtərəfli araşdırmalara əsasən «Qurani-Kərim»də adı çəkilən ziyarətgah məhz Naxçıvana aiddir. 
Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın dünyanın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir.

Miniatür kitab muzeyi 

Miniatür kitab muzeyinin açılışı  2002-ci il aprelin 23-də olmuşdur. Muzey YUNESKO-nun qərarı ilə dünyada hər il qeyd edilən Beynəlxalq kitab və müəllif hüquqları günündə Bakı şəhərində yaradılmışdır. . Muzey dünyada ilk özəl Miniatür Kitabları Muzeyidir.
Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 60 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplamışdır.
Muzeyə gələnlər Azərbaycan, Rusiyada, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, isveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablarla tanış ola bilərlər.

Naftalan nefti

Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir. Bu, dünyada yeganə neft olub öz müalicəvi əhəmiyyətinə görə əfsanəvi xarakter daşımaqla yanaşı, fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakter yüksək xüsusi çəkiyə malik olması, tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Tərkibində kifayət miqdarda qətran olması su ilə möhkəm emulsiya əmələ gətirməsi naftalan neftini başqa neftlərdən fərqləndirir. Müalicəvi xassəsinə görə dünyada yeganə neft olan Naftalan nefti Azərbaycan Respublikasında Gəncə şəhərindən 50 km aralı Murov dağ silsiləsinin ətəyində yerləşir.
 Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük - oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin,oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. 
 
Şəki Xan Sarayı

Xanlıq dövründə həm də “Divanxana” adlanan bu sarayın tikilmə tarixi elmi ədəbiyyatda 1760-1765-ci illər hesab edilir. Dünyada öz orijinallığı ilə yeganə olan Şəki Xan Sarayının memarı Şirazlı Hacı Zeynalabdindir. Sarayın xüsusi tikinti üslubu vardır. Təkcə onu göstərmək kifayətdir ki, sarayın tikintisi zamanı bir dənə də olsun mismardan və ya hər hansı yapışdırıcıdan istifadə olunmamışdır. Xan Sarayı 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarətdir. Şəki Xan Sarayı, eyni zamanda, Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindəndir. Sarayın rəssamlıq nümunələri bu günə qədər öz ecazkarlığını qoruyub saxlamışdır. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilmişdir. Saraya müxtəlif vaxtlarda naxış vurmuş rəssamlardan beşinin adı məlumdur. 

Xınalıq və xınalıqlılar

Xınalıqlılar Azərbaycanın etnik xalqlarından biridir.  Azərbaycandakı azsaylı xalqlar içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda «Şahdağ xalqları» adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.



Oxunub: 181503