Baş səhifə
» KİNO
» Kinostudiyalar
KinostudiyalarAzərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb: 1926-1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930-1931-ci illərdə "Azərkino", 1934-1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932-1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939-1959-cı illərdə "Bakı kinostudiyası". SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə Komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırılıb və 1944-cü ilə kimi Komitənin tabeliyində olub. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyini sərəncamına verilib. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22 avqust 1958-ci il tarixli əmrinə əsasən) adlanır. Azərbaycan SSR Nazirlər Sovetinin 20 aprel 1959-cu il tarixli qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verilib. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb. ASSR Nazirlər Soveti Rəyasət Heyətinin 23 sentyabr 1988-ci il tarixli fərmanı ilə ASSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq, Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verilib. ASSR Nazirlər Sovetinin 19 sentyabr 1988-ci il tarixli qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatılıb. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradılıb. ASSR Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edilib. 1991-ci ildə Azərkinovideo İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil fəaliyyət göstərib. 2001-ci ilin aprelində prezidentin sərəncamı ilə Azərkinovideo İB ləğv olunub və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olunub. 1 sentyabr 2003-cü ildən etibarən baş idarənin adı dəyişdirilərək Kino İşləri Şöbəsi adlandırılıb. Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. "Birlik" Studiyası "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. "Debüt" Studiyası "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. 1987-ci ildə yaradılıb. Burada təkcə bədii deyil, sənədli, xronikal, eksperiment, cizgi filmləri də çəkilir. "Mozalan" Studiyası "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir. “Mozalan” studiyası İspaniyanın “Aktualidad” jurnalının təsis etdiyi “Keyfiyyət və nüfuz lideri” beynəlxalq mükafatına layiq görülüb (2008). "Rakurs" Studiyası 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradılıb. Lakin 1991-ci ildə fəaliyyətini dayandırıb. "Salnamə" Studiyası 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradılıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. 1993-cü ildən sonra “Dövlət statuslu müstəqil sənədli filmlər studiyası” adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir. Dövlət tərəfindən maliyyələşdirilən süjetlər Dövlət Arxivinə təhvil verilir. Bu həm də əvvəlki kinojurnalların ənənəsidir. Bu studiyada dövlət sifarişi və sponsor xətti ilə 50-dən artıq sənədli film çəkilib. "Yaddaş" Sənədli Filmlər Studiyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sənədli filmlər istehsal edən studiyasıdır. Əvvəllər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının tərkibində kinoxronika bölməsi olub. 1993-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində müstəqil studiya kimi fəaliyyət göstərir. 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradılıb. Yaddaş Studiyası 1997-ci ildən başlayaraq dövlət sifarişi ilə ildə bir sənədli film çəkir. Yaddaş əsasən portret janrına müraciət edir. “Nərimanfilm” “Nərimanfilm” 1993-cü ildə Nəriman və İlqar Məmmədov qardaşları tərəfindən yaradılaraq “Nəriman İnterservis” kimi fəaliyyətə başlayıb. 2005-ci ildə müəssisənin adı dəyişilərək “Nərimanfilm” olub. Əsas fəaliyyət növü kino və video məhsulunun istehsalı, həmçinin Azərbaycan ərazisində kinolayihələrin hüquqi dəstəyi və müşayətidir. “Nərimanfilm” öz missiyasını kinematoqrafiya sahəsində profesional kadrların hazırlanması; milli sənədli və bədii filmlərin istehsalı, yerli və beynəlxalq bazarda onların sonrakı irəliləyişi; kinolayihələrin hüquqi müşayəti vasitəsilə milli kinematoqrafiyanın inkişafı prosesindəki aktiv iştirakda görür. "Ocaq" Müstəqil Studiyası 1993-cü ildə yaradılıb. Əsasən bədii filmlərin istehsalı ilə məşğul olur. “Old city film” “Panorama Production” “Panorama Production” 2004-cü ildə təsis olunub. Studiyada İndiyə qədər 3 tammetrajlı film, bir neçə reklam və kliplər çəkilib. Filmlərdən biri şirkət tərəfindən çap olunub və satışa buraxılıb. "Qalafilm" Studiyası 1992-ci ildə yaradılıb. “Dostuma məktub” (1992) filmi burada çəkilib. “Sabah” Yaradıcılıq Birliyi Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb. Eksperimental bir qurum kimi “Sabah”ın nəzdində təşkilatlanmış “Sınaq” studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirir.Birliyin “Ac Həriflər” tamaşası “Humay” mükafatına layiq görülüb. "TMT" Kinoşirkəti Studiya 1990-cı ildən fəaliyyət göstərir. “O dünyadan salam” filmi (1991, Tofiq Tağızadə) bu studiyada çəkilib. "Yeni Dalğa" Prodüser Mərkəzi Mərkəz 2004-cü ildə yaradılıb. “Keçid” (2005) və “Qrinviç Meridianından kənarda” (2007) filmləri ekranlaşdırılıb. Butafilm Şirkət Cabir Novruz haqqında “Kaş millətdə ruh yaşasın” (Mirsadıq Ağazadə, İlqar Nəcəf) sənədli filmini, “Çıxış” (2006), “Sirat Körpüsü” (2007), “Teatral həyat” (2008), “Leninə məktub” (2009), “Arxası qibləyə” və “Buta” (2010) filmlərini çəkib. “Dərviş” Prodüser Mərkəzi Mərkəz 2005-ci ildə yaradılıb. Mərkəz film və başqa audiovizual əsərlərin (reklam, klip) çəkilişi, xarici filmmeykerlərlə birgə istehsalat, beynəlxalq festivallarla əlaqələr və Azərbaycan filmlərinin həmin festivallarda iştirakına vasitəçilik, kastinq və PR – xidmətləri, mətbuat konfranslarının hazırlanması və təşkili, incəsənətdə fandrayzinq sahələrində çalışır. Mərkəzdə “Ev” (2007) filmi çəkilib. "Film" Prodüser Mərkəzi Mərkəz 2007-ci ildə yaradılıb. Studiyada “Süni bənövşələr” (2007) və “Tilsim” (2005) filmləri çəkilib. STEP LTD 1995-ci ildə təşkil edilib. Şirkətdə indiyədək 10 bədii və sənədli film istehsal olunub. Bu filmlərin hamısının ssenari müəllifi, bəzilərinin həm də rejissoru Əmir Pəhləvandır. Şirkətdə istehsal olunan ilk bədii film “Fransız”dır. Əmir Pəhləvanın “Bakı Nefti və Nobellər” (1999) sənədli filmi Nantda (Fransa, 2001) keçirilən Sənədli Filmlər Festivalının qalibi olur. Bunlardan başqa “Qız Qalası”, “Ayka”, “Avtoritet”, “9-cu oğuz-uygur” filmləri çəkilib.
|