Baş səhifə    » KİNO    » Film - Tamaşalar   

Televiziya tamaşaları haqqında

  


Azərbaycan kino sənətində televiziya tamaşaları xüsusi yeri ilə fərqlənir. Televiziya tamaşalarının tarixi keçən əsrin ortalarından başlasa da, ümumilikdə televiziya sənətində ayrıca bir mərhələ təşkil edir. 
İlk televiziya tamaşası 1956-cı ilin iyulunda Nəriman Nərimanovun «Şamdan bəy» əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod əsasında göstərilmişdir. Daha sonra Məhərrəm Əliyevin «Sən gözəlsən», Süleyman Sani Axundovun «Laçın yuvası» pyesi və Mehdi Hüseynin «Səhər» romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.
1960-cı illərin ortalarında Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev və s. kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərmişdilər. Bir sıra ekspertlərin televiziya incəsənətinin «Paqanini»si adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bu üslubun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı «Qar» teletamaşası ilə qoymuşdur.
70-80-ci illərdə Azərbaycan televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb etmişlər. İlk dəfə olaraq Ramiz Həsənoğlu televiziya tamaşalarında natura çəkilişləri (“Evləri köndələn yar” tamaşası) aparmışdır. 
 1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə «Sabah» yaradıcılıq birliyi yaradılmışdır. «Sabah» ilkin olaraq Cəlil Məmmədquluzadənin «Kamança» pyesinin motivləri əsasında televiziya tamaşası hazırlamışdır.
Qeyd edək ki, 1956-cı ildən 1978-ci ilə qədər hazırlanmış tamaşaların bəziləri televiziyanın arxivində ya ümumiyyətlə qalmamış, ya da fraqmentlər şəklində saxlanmışdır. Buna görə də həmin tamaşaları saytın video bazasına yerləşdirmək qeyri-mümkün olsa da, müxtəlif mənbələrdən əldə etdiyimiz çoxsaylı televiziya tamaşalarını AZETUBE video serverinə yerləşdirmişik. Həmin tamaşaları diqqətinizə çatdırırıq.  



Oxunub: 409639