Baş səhifə    » OPERA    » Opera haqqında   

Opera haqqında

  



Tarixi
Opera- (italyanca – inşa, iş, əmək, məşğuliyyət deməkdir) –teatr sənətinin ən mürəkkəb növlərindən biridir.
Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin “Müqəddəs Pavelin qayıdışı” (1480) dini komediyasında musiqiyə–operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
XVI əsrin ortalarında musiqili tamaşalara birsəsli ifalar (monodiya) daxil etmək cəhdləri operanın sürətli inkişafına təkan verdi. Adı çəkilən cəhdlərin müəllifləri öz musiqili-dramatik əsərlərini drama in musica və ya drama per musica adlandırırdılar: “opera” adından XVII əsrin ortalarından istifadə olunmağa başlanılıb. Hərçənd sonralar bəzi opera bəstəkarları (Rixard Vaqner) “musiqili dram” adına qayıtdılar.
Kütləvi tamaşaçı üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Buna qədər opera yalnız saray əyləncəsi hesab olunurdu. Cakopo Perinin 1597-ci ildə yazdığı “Dəfnə” əsəri ilk böyük opera sayılır. İtaliyadan sonra opera janrı digər Avropa ölkələrinə də yayılmağa başlayıb. Almaniyada Henrix Şyüts (“Dəfnə” 1627), Fransada Kamber (“La pastorale” 1647), İngiltərədə Pyörsell opera sənətinin pionerləri sayılırlar.
Operada teatral dramaturgiya orkestr musiqisi və vokalla vəhdət təşkil edir. İncəsənətin bu növü müxtəlif bədii vasitələri özündə birləşdirir: solo və xor ifalar, fərqli ansambllar, simfonik orkestr, təsviri sənətin elementləri (kostyumlar, dekorasiyalar və sair), balet.
Tərkibində balet səhnələrinin də vacib yer tutduğu operalar opera-balet adlanır. Operanın bu növü XVII-XVIII əsrlərdə Fransada geniş yayılmış (Ramonun “Zərif Hindistan” əsəri) və sonrakı dövrlərdə də bəzən rast gəlinir (məsələn, Rimski-Korsakovun “Mlada” əsəri).
Operanın heyətinə – solist, xor, orkestr, hərbi orkestr və orqan daxildir. Operada səslər əsasən iki yerə- kişi və qadın səslərinə bölünür. Öz növbəsində onların da növləri var. Soprano, metso-soprano, kontralto – qadın səslərinin, kontrtenor, tenor, bariton və bas isə kişi səslərinin növləridir.
Opera- aktlar, şəkillər, səhnələr və çıxışlardan ibarətdir. Aktlar proloqla başlayıb, epiloqla bitir.
Reçitativ, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar opera əsərinin hissələri, üvertüra, introduksiya, antraktlar, patomima, melodrama, yürüşlər, balet musiqisi isə simfonik formalarıdır.


Azərbaycanda opera
Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb.
Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulmuşdur.
Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır.
Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində – “Şeyx Sənan” (1909, opera), “Ər-arvad” (1909, operetta), “Rüstəm və Söhrab” (1910, opera), “O olmasın, bu olsun” (1911, operetta), “Fərhad və Şirin” (1911, opera) və s. - yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov (“Aşıq Qərib” 1916), Müslüm Maqomayev (“Şah İsmayıl” 1919), Əfrasiyab Bədəlbəyli (“Nizami” 1948), Fikrət Əmirov (“Sevil” 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.
Teatr 1959-cu ildən Akademik Teatr statusu almışdır.
 Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir.






Oxunub: 92216



Azərbaycan Televiziyaları
İnternet Radio