Baş səhifə    » OPERA    » Dirijorlar   

Dirijorlar

  


Azərbaycanda ilk milli opera “Leyli və Məcnun” (Üzeyir Hacıbəyov) 12 yanvar 1908-ci ildə tamaşaya qoyulanda əsəri müşayiət edən yığcam heyətli orkestrə dirijorluğu nasir dramaturq, teatr xadimi Əbdürrəhman bəy Haqverdiyev etmişdir. Sonrakı illərdə dirijor pultunda Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, David Slavinski durmuşlar.
Opera və Balet Teatrı dövlət təsisatında olandan sonra milli dirijorlarımızın yetişməsi sahəsində səmərəli işlər aparılmışdır.

Əfrasiyab Bədəlbəyli (1907-1976)
Ə. Bədəlbəyli bakıda təhsil aldıqdan sonra Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil almışdır. Onun 20 yaşında Cəfər Cabbarlının “Od gəlini” pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilmişdir. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərmişdir. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Akademik Оpera və Balet Teatrında dirijоr işləyib. Ə. Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən “Qız qalası” baleti ilə musiqi tarixində ilk Azərbaycan baletinin əsasını qoymuşdur.

Əşrəf Həsənov (1909-1983)
Ə. Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə ("Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (C.Bize) və s.) dirijorluq etmişdir.

Niyazi (1912-1984)
N.Tağızadə ilk təhsilini Bakıda almış, sonra Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərində davam etdirmişdir.
"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və s. musiqi əsərlərinin müəllifidir.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.
Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülüb. Bundan başqa, o, SSRİ Dövlət Mükafatına və “Çitra” baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru Mükafatına layiq görülmüşdür.

Kazım Əliverdibəyov (1934)
K. Əliverdibəyov 1960-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dirijor və baş dirijor vəzifələrində çalışır. Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen", "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası", "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" - idarə etmişdir.
K.Əliverdibəyov bir neçə il Türkiyə Respublikasında çalışmış, İzmir şəhər Konservatoriyasında dərs demişdir.

Rauf Abdullayev (1937)
Rauf Abdullayev Bakıda təhsil olmuş və Lеninqrаd Dövlət Kоnsеrvаtоriyаsını dirijоrluq üzrə bitirmişdir. O, 1991-94 illərdə Аnkаrа Dövlət Оpеrа və Bаlеt Tеаtrının bədii rəhbəri və bаş dirijоru, bеynəlхаlq əhəmiyyətli musiqi fеstivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur.
Repertuarına bir çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Kamil Vəzirov (1949)
K. Vəzirov 1974-1990-cı illərdə və 1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yüksək dərəcəli dirijor vəzifəsində çalışır.

Azad Əliyev (1951)
A. Əliyev dirijorluq fəaliyyətinə tələbə kamera orkestri ilə çoxsaylı çıxışlarla başlamışdır. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – «Aida», «Traviata», «Gizli nigah», «Sevil», «Arşın mal alan» və s. hazırlamışdır.
2006-cı ildən Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır.

Cavanşir Cəfərov (1953)
C. Cəfərov 1977-ci ildə Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının xor-dirijorluq fakültəsini bitirmişdir. 1985-1990-cı illərdə Musiqili Komediya Teatrında baş dirijor vəzifəsində işləmiş və aşağıdakı tamaşalara dirijorluq etmişdir: Ştraus «Yarasa», Kalman «Silva», «Marisa», «Bayadera», Leqar «Şən dul qadın» və b.
1996-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş dirijor vəzifəsində  çalışır
Repertuarı: Ü. Hacıbəyov «Koroğlu»; F. Əmirov «Sevil»; Verdi «Aida», «Riqoletto», «Traviata»; Bize «Karmen»; Puççini «Madam Batterflay»; Çaykovski «Qu gölü»; Adan «Jizel»; Minkus «Don Kixot»; F.Əmirov «1001 gecə» və s.

Elçin Elçiyev (1954)
E. Elçiyev Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq-çalğı alətləri orkestrinin dirijorluq ixtisasına yiyələnmişdir. 1990-cı ildə F. Əmirov adına Gəncə Dövlət Flarmoniyası yaradılandan indiyə qədər xalq-çalğı alətləri orkestrinə bədii rəhbər təyin edilmişdir.

Teymur Göyçayev (1958)
T. Göyçayev 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. O, 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.

Yalçın Adıgözəlov (1959)
Y. Adıgözəlov Bakıda təhsil almış, 1983-cü ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. Sərbəst dirijor kimi Bakıda, Türkiyədə, Moskvada çıxış etmişdir.

Nazim Hacıəlibəyov (1959)
N. Hacıəlibəyov 1987-ci ildə Moskvada «Bolşoy Teatr»da təcrübədə olmuş, 1990-cı ildə təcrübəni başa çatdıraraq Opera Simfonik Orkestrinin dirijoru olmuşdur. 1992-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru işləyir.
Bu müddətdə 25-dən çox həm klassik, həm də müasir əsərlərin musiqilərinə quruluş veribdir.

Elman Əliyev (1960)
E. Əliyev 1984-cü ildən Naxçıvan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrində musiqiçi kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. Hal-hazırda Filarmoniyanın direktorudur. Avropa və Azərbaycan bəstəkarlarının əsərlərinin Xalq Çalğı Alətləri Orkestrində ifası üçün 30-dan artıq partitura işləmişdir. Həmin əsərlər dəfələrlə ifa olunmuşdur.



Oxunub: 67930



Azərbaycan Televiziyaları
İnternet Radio