Baş səhifə    » ELM    » Elm    » Azərbaycanda elm siyasəti   

Azərbaycanda elm siyasəti

  


Son illər Azərbaycanda aparılan uğurlu islahatlar, quruculuq işləri, iqtisadiyyatda baş verən irəliləyişlər, qeyri-neft sektorunun inkişafı müsbət nəticələrə gətirib çıxarmış, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də elm, təhsil və mədəniyyət sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarların qəbul edilməsi olmuşdur.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür.
Hal-hazırda dövrün tələbinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH) mühüm sosial-iqtisadi problemlərin həllində elmin və texnikanın rolunun yüksəldilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi məqsədilə Azərbaycanda elm sektorunun inkişaf strategiyasını hazırlamışdır.
Strategiyanın əsas məqsədləri aşağıdakılardır:
- Azərbaycan elminin strukturunu və tərkibini ölkənin mövcud və perspektiv tələbatları baxımından muəyyən etmək;
- Ölkədə elmin dünya elmi, texnikası və texnologiyalarının prioritet istiqamətlərinə uyğun təşkilini təmin etmək;
- Elmin ölkənin iqtisadi inkişafında rolunu artırmaq;
- Elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemləri ilə məşğul olan
mütəxəssis və eləcə də, elmdə peşəkar idarəcilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığını təmin etmək;
- Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərini ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun muəyyənləşdirmək;
- Fundamental elmlər üzrə tədqiqatları genişləndirmək;
- Elm və texnika sahəsində idarəetmə sistemini təkmilləşdirmək;
- Elmi tədqiqat muəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərini təkmilləşdirmək;
- Elmi-texniki infrastrukturu modernləşdirmək;
- Elmin normativ hüquqi bazasını yaratmaq;
- Yüksək ixtisaslı elmi kadrları hazırlamaq;
- Elmi məktəblərin qorunmasına və varisliyin təmin edilməsinə nail olmaq;
- Elmin, təhsilin və istehsalın inteqrasiyasını təmin etmək;
- Elmi işçilərin sosial vəziyyətini əsaslı şəkildə yaxşılaşdırmaq;
- Elmin informasiya təminatını gücləndirmək;
- Beynəlxalq elmi əlaqələri dərinləşdirmək;
- Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasını gücləndirmək;
- Elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsini artırmaq;
- Ölkəni texnoloji cəhətdən modernləşdirmək;
- Elmi potensialın ölkənin milli təhlükəsizliyində fəal iştirakına nail olmaq;
- Xalqımıza məxsus milli-mənəvi dəyərlərlə bağlı istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq;
- Elmi potensialı ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına yönəltmək.
Azərbaycan Respublikasında elmin inkişafı dövlətin iqtisadi, siyasi, sosial, hüquqi, mənəvi, mədəni və milli təhlükəsizlik sahələrini əhatə edən siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan strategiya aşağıdakı vəzifələri nəzərdə tutur:
- təbiət, texnika, ictimai və humanitar elmlərin, fənlərarası problemlərlə əlaqəli araşdırmaların inkişafı, o cümlədən ətraf mühitin etibarlı mühafizəsi, davamlı inkişafı, həmçinin təbabətin fundamental problemləri ilə bağlı məsələlərin əsaslı şəkildə tədqiqi;
- fundamental elmlər üzrə tədqiqatların genişləndirilməsi məqsədi ilə zəruri maddi-texniki bazanın yaradılması;
- dövlətin iqtisadi, siyasi, sosial və digər sahələrdə yüksəlişini təmin etmək məqsədi ilə elm və texnologiyaların nailiyyətlərinin tətbiqi;
- milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəklində araşdırılması;
- ictimai və humanitar elm sahələrində keçmiş sovet metodologiyası ənənələrinin milli maraqlara uyğun yanaşmalarla, o cümlədən azərbaycançılıq fəlsəfəsi əsasında formalaşdırılmış yeni prinsiplərlə əvəzlənməsi;
- elmi və texniki nailiyyətlərdən sui-istifadənin qarşısının alınması;
- elmi araşdırmalarda və eksperimentlərdə etik prinsiplərə riayət edən texnologiyaların və mexanizmlərin inkişaf etdirilməsi;
- dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması;
- humanitar və ictimai elm sahələrinin birgə fəaliyyəti sayəsində azərbaycançılıq məfkurəsinin konseptual elmi əsaslarının işlənməsi;
- elmi işçilərin iş şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması;
- təbii və texnogen fəlakətlərin, destruktiv sosial proseslərin proqnozlaşdırılması, qarşısının alınmasının elmi əsaslarının hazırlanması;
- insanın bu və ya digər sahədəki fəaliyyət effektivliyinin yüksəldilməsinə yönələn innovasiyaların son dövr texnoloji, iqtisadi, ekoloji, idarəetmə, hərbi, siyasi, mədəni-sosial, hüquqi və s. növlərindən Azərbaycanda da geniş istifadə edilməsi;
- təbii sərvətlərdən səmərəli istifadə sahəsində araşdırmaların genişləndirilməsi;
- sənayenin sürətli inkişafı və iqlim dəyişikliyi ilə əlaqədar ekoloji problemlərin həlli istiqamətində tədqiqatların genişləndirilməsi;
- sosial, siyasi, iqtisadi, mənəvi və ekoloji risklərin öyrənilməsi və qarşısının alınması üçün elmi əsasların hazırlanması;
- mədəni və mənəvi-əxlaqi aşınmaların proqnozlaşdırılması və qarşısının alınması üzrə elmi əsasların işlənib hazırlanması;
- sosial idarəetmənin optimal prinsiplərinin elmi-metodoloji əsaslarının muəyyənləşdirilməsi, praktik-hüquqi modellərin hazırlanması;
- cəmiyyətin bütün fəaliyyət sahələrini əhatə edən elmi monitorinq sisteminin yaradılması.
  Göstərilən vəzifələrin icrası Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, cəmiyyətin intellektual potensialının inkişafına yönələn əsas amillərdir.




Oxunub: 448384



Azərbaycan Televiziyaları
İnternet Radio