Baş səhifə    » NEFT STRATEGİYASI    » Azərbaycanın inkişafında neftin rolu   

Azərbaycanın inkişafında neftin rolu

  



Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur.
I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilmişdir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi.
Mexaniki üsulla quyuların qazılmasının texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilmiş (Binəqədi, Pirallahı, Suraxanı və s.), neft hasilatı artmış, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlamış, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılmışdır.
Məhz bunun sayəsində Azərbaycanda milli burjuaziya formalaşmış, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilmişdir.
İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı.
O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlarda neft aşkar edilmiş, neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilmişdir. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi.
XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşu cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı olmuşdur. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılmışdır.
1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlmiş, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olmuşdur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaratmışlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi.
1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batumi dəmir yolu tikilib istifadəyə verilmişdir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi.
1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batumi neft kəmərinin çəkilməsini təklif etmişdir. Bu kəmərin uzunluğu 833 km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanmış və 1907-cı ildə başa çatdırılmışdır.
Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər.
II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlamış və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşmüşdür.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıqlar gətirilmiş, Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işləri həyata keçirilmişdir.
Müstəqillik tarixinin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı.
1994-cü ildən etibarən neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanılmış və nəhayət uzunmüddətli danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.
Ötən dövrdə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 27 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.
Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur.
Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.
Neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqlidir. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. Beləliklə, Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır.
Neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.



Oxunub: 583844



Azərbaycan Televiziyaları
İnternet Radio