Baş səhifə    » NEFT STRATEGİYASI    » Azərbaycan neftçiləri   

Azərbaycan neftçiləri

  


Ağa Nemətulla
A.Nemətulla 1896-cı ildə Güney Azərbaycanın Sarab şəhərində anadan olmuşdur. SSRİ neft sənayesi yenilikçisidir. A. Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab edilir. 1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazmışdır.

Süleymanov Ələbkbər Bağır oğlu (1916-2000)
Professor Ə. Süleymanov Xəzər dənizində kəşf edilmiş neft-qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğuların və quyu avadanlığının yaradılmasının, həmçinin bu istiqamətdə bir çox elmi və praktiki təkliflərin müəllifi olmuşdur.
Onun rəhbərliyi və iştirakı ilə Xəzərin dərin akvatoriyalarında aşkar edilmiş neft və qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğular və quyu avadanlığı yaradılmışdır və bunlar müstəqil Azərbaycanda neftçıxarmanın uzunmüddətli inkişafına təkan vermişdir.

Xanoğlan Vəli oğlu Bayramov (1933-1999)
X. Bayramov Neft Daşlarını tikənlərdən biri olmuşdur. Dənizin ortasında yaradılmış ilk mədənlərdən, yaşayış evlərindən, estakadalardan başlayaraq Xəzərdə gedən tikinti işlərində iştirak etmiş, 30 ildən artıq öz çətin inşaatçı peşəsinə sadiq qalmışdır.

Bəhman Əbiş oğlu Hacıyev (1926-1998)
B. Hacıyevin rəhbərliyi və iştirakı ilə ''Neft Daşları''nda quyuya maili istiqamətdə kut qazma, maili qazımanın köməkliyi ilə bir nöqtədən iki quyunun qazılması üsulları tətbiq olunmuş, neftin yığılması və qorunması üçün iriləşdirilmiş məntəqələr yaradılmış, quyuların tədqiqatı üçün yeni üsullar irəli sürülmüş, boru kəmərlərinin mürəkkəb üsullarının tətbiqi, kommunikasiya işləri, tankerlərlə neftin nəqli və boşaldılması məsələləri həll olunmuşdur. Onun tərəfindən ''Tengis'' (Qazaxıstan) kükürdhidrigen tərkibli yataqların işlənməsi problemləri ilə bağlı, həmçinin qazıma vışkaları və digər yükqaldırma avadanlıqlarının digər yükqaldırma avadanlıqlarının daşıqıcı qabiliyyətinin sınanmasının təhlükəsiz texnologiyasının məsələlərini irəli sürmüşdür.

Mirkazım Mirəhəd oğlu Məmmədov (1911-1997)
M. Məmmədov Indi hamıya məlum olan Azərbaycanın Xəzər dənizindəki məşhur neft və qaz yataqlarının işlənməsi və mənimsənilməsində böyuk əmək tələb edən işlərdə yaxından iştirak etmişdir.

Ağa Qurban oğlu Əliyev (1911-1997)
Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar mühəndisi olan A.Q. Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Əfsanəvi Neft Daşlarının kəşfçisi Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan ''Neft Daşları'', ''Gürgən-dəniz'', ''Qum adası'', ''Bahar'' və başqalarını göstərmək olar, Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'' və s., Abşeron yarımadasında ''Şabandaq'', ''Qaradaq'', ''Qaraçuxur'' neft və qaz yataqları kimi 20-yə yaxın-zəngin neft və qaz yataqları açılmışdır. ''Neft Daşları''nın kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur.

Ənvər Əliheydər oğlu Məmmədov (1930-1996)
Ə.Ə. Məmmədovun rəhbərliyi altında ''Neft Daşları'' və ''Palçıq Pilpiləsi'' yataqlarının rasional işlədilməsi, intensivləşdirmə və suvarma metodlarının tətbiqi həyata keçirilmişdir, yeni perspektivli sahələrin kəşfiyyat işləri aparılmışdır. Onun fəal iştirakı ilə ''Neft Daşları'' yatağının mezozoy qatının və perspektiv ''Günəşli'' yatağının layihə işləri yerinə yetirilmişdir.

Yusif Xankişi oğlu Kərimov (1925-1995)
Yusif Xankişi oğlu Kərimov əmək fəaliyyətinə dənizdə qazmaçı köməkçisi kimi başlamaqla, qazmaçı, qazıma ustası kimi müxtəlif vəzifələrdə ''Neft Daşları'', ''Kürgən-dəniz'', ''Qum adası-dəniz'', ''Cənub'' və s. yataqların kəşf olunmasında fəal iştirak etmişdir. Bu xidmətlərinə görə o Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin Ordeni və ''Şərəf Nişanı'' ordeni (2 dəfə) ilə təltif edilmişdir. 1960-cı ildən Bakı arxipelaqı yataqlarında qazma işləri aparan müəssisəyə rəhbərlik edərkən nəinki təcrübəli qazma işləri bilicisi, həmçinin bacarıqlı təsərrüfatçılıq və təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirmişdir.

Neftçi Qurban (1926-1994)
Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oqlu Abbasov 9 dəzgahı olan sahəyə rəis təyin olunmuş, həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olmuşdur. O, açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur.

Cümşüd Qulu oğlu İbrahimov (1929-1988)
''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi yataqlarının kəşf olunmasında C.Q. İbrahimovun rolu böyük olmuşdur.
İsrafil Sami oğlu Hüseynov (1931-1986)
İ. Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazımada Avropa rekordu idi. İ. Hüseynovun briqadasının yenilikçi qazımaçıları ilk dəfə olaraq qazıma işində boru-sütun boru baltasının mexaniki tutucusunu, müxtəlif tipli mexaniki açarların və s. sınanılmasını və praktikaya tətbiq edilməsini həyata keçirmiş, qazıma nasosunu hərəkətə gətirmək üçün - 10 güc aqreqatından istifadə edərək dizellərin verilmiş rejimdə avtomatik işləməsini təmin etməklə yanaşı dizel yağına qənaət etməyə və istehsalatın inkişaf səviyyəsini yüksəltməyə nail olmuşdur. Xəzərdə yeni neft rayonunun mənimsənilməsi görkəmli qazma ustasının adı ilə bağlıdır.

Əli Cabbar oğlu Əmirov (1915-1979)
1950-ci illərdə Azərbaycan neft-qaz hasilatı azalmağa başlandığı dövrdə Əli Əmirovun şəxsi iştirakı ilə ''Qum adası'' neft-qaz yatağının mənimsənilməsini başlanıldı. Yataqda anomal yüksək təzyiq lay təzyiqi olduğuna əörə mənimsənilməsi mümkün olmayan 5 saylı quyu Əli Əmirovun rəhbərliyi ilə işə salındı. Quyu yüksək qaz və qaz kondensatı ilə işləməklə ''Qum adası'' yatağının kəşfininin əsasını qoydu. Məhz bu kəşflə Azərbaycan neft sənayesinin yenidən dirçəlişi başlandı. Sonralar ''Bahar'', ''Səngəçal'', ''Duvanı-dəniz'', ''Bulla-dəniz'' və s. Neft-qaz yataqlarının istismara verilməsi Azərbaycan neft sənayesini yüksək zirvələrə qaldırdı ri, bu işdə də Əli Əmirovun xüsusi xidmətləri vardır.

Qaraş İbrahim oğlu Əmirov (1926-1973)
1957-ci ildə «Kürovdağ», «Mişovdağ», «Qarabağlı», «Kursəngi» və başqa bu kimi iri neft yataqları bilavasitə Qaraş Əmirovun iştirakı ilə kəşf edilmişdir.. Qaraş Əmirov öz briqadası ilə birlikdə 10 il ərzində 44 quyu qazmışdır ki, bunun da ümumi dərinliyi 113.350 metr olmuşdur. Bu isə hər bir dəzgahla ayda 1000 metrdən çox quyu qazılmacı deməkdir. Həmin nəticə isə rekord göstərici sayılırdı. Məhz belə qəhrəmanlıq və gərgin əmək nəticəsində respublikanın Şirvan zonasında xam neft istehsalı artdı. Azərbaycanda istehsal edilən neftin üçdə biri Şirvanın payına düşürdü.

Rüstəm Əziz oğlu Rüstəmovun (1910-1960)
Məşhur qazıma ustası olmuşdur. Iliç Buxtasında, dəniz sahələrinin, eləcə də Qum adası və Qaradağda neft və qaz yataqlarının mənimsənilməsi onun adı ilə bağlıdır. Onun briqadası ölkədə ilk dəfə olaraq mürəkkəb geoloji şəraitdə quyuların qazılması üçün ağır qazıma borularından istifadə etmiş və qazmanın sürətini artırmağa nail olmuşdur.



Oxunub: 454193



Azərbaycan Televiziyaları
İnternet Radio

Follow us on