Baş səhifə
» İNCƏSƏNƏT
» Çini qablar
Çini qablarAdından məlum olduğu kimi çini (farfor) qabların vətəni Çindir. Çini (Farfor) qar kimi ağ rəngdə olur və bir az işıqlıdır. Saxsı məmulatla müqayisədə onlar istiliyə davamlı və örtükləri dözümlüdür. Kənarlarından asta zərbə zamanı dəqiq davamiyyətli səs verir. Tarixi Farforun hazırlanması tarixi miladın VII əsrinə gedib çıxır. Çini qabların ixtirası dulusçuluqda mühüm addım idi. Lakin çinlilər bir çox ixtira və kəşfləri kimi, çininin də hazırlanması texnologiyasını gizli saxlayırdılar. Bunun nəticəsi idi ki, çini qablar ilk zamanlarda çox da geniş yayılmamışdı. Farforun Çində ixtira olunması təsadüfi deyildir. Burada gil materialının ən yaxşı növünü almaq üçün zəngin təbii ehtiyatlar var idi. Farslar Çin imperatorunu "Faqfur" adlandırırdılar ki, bu da "allahın oğlu" mənasını verir. Buradan da həmin söz Şərq və Qərb ölkələrində yayılmışdı. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda farfor qablara sonradan çini qablar (yəni çin qabları) adı verilmişdir. Çinlilərin bu sirri XVIII əsrdə Avropada bəlli oldu. Qısa müddətdə farfor istehsalı bütün ölkələrə yayıldı. Türk çini sənətinin tarixi isə ilk müsəlman türk dövlətlərindən Qaraxanlılara qədər gedib çıxır. Böyük Səlcuqlular və Anadolu səlcuqluları çinidən memarlıq sənətində çox istifadə etmişlər. Osmanlı dövlətinin yaranması ilə çini sənətində yeni dönəm başlanmışdır. İlk Osmanlı dönəmində Bursa Yaşıl məscid və türbəsində (1421), Bursa Muradiyə məscidində (1426), Ədirnə Muradiyə məscidində (1433) və Çinili köşkündə (1472) çinidən istifadə olunmuşdur. Bunlar əsasən mozaik və boya ilə işlənmiş çinilərdir. Farfor istehsalı Azərbaycanda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə əsrlər boyu saxsı qablar istehsalının əsas mərkəzlərindən olmuşdur. Bu sənət hazırda da qalmaqdadır. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə fəaliyyət göstərən iki böyük dulusçuluq emalatxanasında emal edilərək yüksək keyfıyyəti olan saxsı və farfor məhsullarına çevrilirdi. Ötən əsrin ortalarından başlayaraq farfor istehsalı geniş vüsət alıb. 1970-ci illərdə Gəncə Çini Qablar Zavodu fəaliyyətə başlayıb və burada çini-keramika məhsulları, əsasən qablar istehsal edilib. Çini-keramika sənəti Milli keramika sənətindən söz açanda onun təşəkkülündə xidməti olanların sırasında Sadıq Sadıqovun da adı hörmətlə çəkilir. Keramikaçı-rəssamın milli bədii keramika ənənələri ilə tanınmasını, onu yaradıcı şəkildə inkişaf etdirməsini rəssamın hazırladığı çini vazalarda görmək mümkündür. Onun dahi Nizamiyə və "Xəmsə"nin qəhrəmanlarına həsr etdiyi vazalar həm orijinal formasına, həm də səthi bəzəyən təsvirlərin şux rənglərinə görə diqqət çəkir. Keramikaçı rəssam Zahid Hüseynovun da əsərləri keçmiş SSRİ-nin bir sıra respublikalarında və beynəlxalq sərgilərdə, eyni zamanda Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Türkiyə, Latviya, Gürcüstan, Litva və s. ölkələrdə nümayiş etdirilmiş, sənətkarın özü isə bir sıra beynəlxalq simpoziumların iştirakçısı olmuşdur.
|