Baş səhifə    » İNCƏSƏNƏT    » Azərbaycanda bədii metal sənəti   

Azərbaycanda bədii metal sənəti

  


Qədim zamanlardan qiymətli faydalı qazıntılarla zəngin olan Azərbaycan torpağı tarixən bu ərazidə xüsusi sənətlərin inkişafına böyük imkanlar açmışdır. VII əsrdə yaşamış alban tarixçisi Moisey Kalankatuklu öz əsərində Qafqaz Albaniyasının təbii zənginlikləri və faydalı qazıntıları haqqında məlumat verir. Tarixçi buradakı müxtəlif növ metalların istehsalından bəhs edir: “Bu gözəl ölkədən axan Kür çayında xeyli miqdarda müxtəlif balıqlar var... Dağlarda qızıl, gümüş, mis və sarı boyaq çıxarılır...”.
Bu gün həmin qədim tarixə ölkənin müxtəlif ərazilərindən tapılmış unikal nümunələr də şahidlik edir. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan hazırlanmış belə sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazidən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Bu inkişafın mühüm bir mərhələsi misin kəşfi ilə bağlıdır. Azərbaycanda eneolit dövründə mis tapıldıqdan sonra metal ibtidai icma cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa başladı.
Ölkə ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri hazırlayırmış.
Bu dövrdə tuncdan düzəldilmiş məmulatlar öz dəqiq işlənməsinə və bəzən çox orijinal formalarda olmasına baxmayaraq, əsasən bəzəksiz idi. Abidələr içərisində öz orijinal forması və dəqiq işlənməsi ilə Qarabağın Dolanlar kəndindən tapılmış ikibaşlı tunc maral fiqurunu göstərmək olar.
Tuncdan düzəldilmiş qədim dövr abidələrimiz içərisində öz bədiiliyi və sənətkarlığı baxımından diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ, Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki zoomorf rəsmləri və naxışları ilə adamı valeh edir. Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqda verdiyi məlumatlarında da rast gəlirik. Həmin dövrdə Azərbaycanın cənubunda da metal emalı daha yüksək səviyyəyə çatmışdır. 

Təbriz şəhərindən təqribən 70 km aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Ziviyə və s. yerlərdən tapılmış nadir sənət əsərləri nəinki qədim Azərbaycanın tarixini və incəsənətini işıqlandıra bilən mühüm əhəmiyyəti olan materiallardır, həm də qədim Yaxın və Orta Şərq mədəniyyətinin inkişafı problemlərinin məsələlərini aydınlaşdıra biləcək çox qiymətli sənəddir. 
Azərbaycan el sənətləri tarixində ən zəngin dövrlərdən birini orta əsrlər təşkil edir. Bu dövrdə yaradılmış məişət əşyaları içərisində Mingəçevirdən arxeoloji qazıntılar zamanı tapılmış və hazırda Bakıda Azərbaycan Tarixi muzeyində nümayiş etdirilən qab-qacaqlar xüsusən maraqlıdır. Bu qablar içərisində gümüşdən düzəldilmiş nimçə öz incə naxışları və gözəl forması ilə həmişə seyrçilərin nəzərini cəlb edir.
Milli ənənələrimizə sadiq qalan məişət əşyaları sırasına vaxtı ilə Dağıstandan tapılmış, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan bürünc məcməyini də aid etmək olar. Məcməinin üzərinə döymə üsulu ilə həkk edilmiş gül, çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiyyətlərinə görə bu orijinal sənət əsərini VI-VII əsrlərə aid edir. Məcməinin ortasında böyük medalyonda verilən nəbati ornament motivləri xüsusilə diqqəti cəlb edir.
Azərbaycan sənətkarları bu əsrlərdə metaldan təkcə məişət əşyaları yox, zərif zinət işləri ilə hazırlayırdılar. 
Mil düzündə, Qəbələdə, Mingəçevirdə, Naxçıvanda və s. yerlərdə qazıntı işləri zamanı əldə edilmiş qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və s. şeylər zərgərliyin Azərbaycanda hələ ilk orta əsrlərə qədər də yüksək səviyyədə olduğunu göstərir. Zərgərliyin ən mürəkkəb texniki üsullarında: şəbəkə, basma, qələm işi və s. bəzədilmiş bu sənət nümunələri öz orijinal formaları və zərif işlənməsi ilə fərqlənir.
Maraqlı burasındadır ki, bu zərgərlik nümunələri üzərində rast gəlinən bəzək ünsürləri, məsələn, aypara, beşguşəli ulduz və s. motivlər dövrümüzə qədər gəlib çatmış və müasir sənətkarlarımız tərəfindən işlənməkdədir.
XI-XV əsrlərdə yaranmış sənət nümunələri içərisində tapılmış metal məmulatları diqqəti cəlb edir. Bu nümunələr əsas etibarı ilə İçərişəhərdə Şirvanşahlar sarayı qoruğunda aparılan arxeoloji qazıntılar zamanı əldə edilmişdir. Həmin metal nümunələri içərisində tuncdan düzəldilmiş bədii bir çıraq xüsusilə fərqlənir.

Şirvan ərazisi ilə əlaqədar olan abidələrə Quba rayonundan tapılmış XIII-XIV əsrlərə aid edilən bürünc manqalı da aid etmək olar. Hündürlüyü 30 sm, ağzının dairəsi 131 sm, diametri 41 sm, yarımşar formasında olan bu bürünc manqal öz orijinal forması və ornamental bəzəkləri ilə diqqəti cəlb edir. Manqal üzərindəki verilmiş yazılar onun misgər Əhməd Məhəmməd oğlu tərəfindən düzəldiyini bildirir. Metalişləmə sənətkarlığı sahəsində bu əsrlərdə Azərbaycanın Beyləqan, Gəncə, Naxçıvan və Təbriz şəhərləri də mühüm mərkəzlərdən sayılır.
Arxeoloji qazıntılar zamanı bu yerlərdən əldə edilmiş sənət nümunələri bunu bir daha təsdiq edir. Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan (Örən-qala) tapılmış bürünc insan, quş fiqurları və hazırda Parisdə Luvr muzeyində saxlanılan Osman Salman oğlu Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır.
Sadalanan sənət abidələrindən görünür ki, bu əsrlərdə həyat və məişətdə istifadə edilən metal məmulatların əksəriyyəti bürüncdən düzəldilmişdir. XIV-XV əsrlərdə bədii metal sənətkarlığı sahəsində Təbriz şəhəri görkəmli yerlərdən birini tutur. Hələ XIII əsrin II yarısında Azərbaycana gəlmiş məşhur Venesiya səyyahı Marko Polo Təbriz şəhərinin böyüklüyündən, müxtəlif sənətkarlığın inkişafında onun tutduğu mövqedən danışır. Hazırda dünyanın bir çox görkəmli muzeylərində bu əsrlərdə Təbrizdə yaradılmış bir çox orijinal bədii metal sənəti nümunələri nümayiş etdirilir. Bunlardan 1319-cu ildə Yusif ibn Əhməd Təbrizi tərəfindən düzəldilmiş və hazırda Londonda Viktoriya və Albert muzeyində nümayiş etdirilən bədii kasanı və Sankt-Peterburq Dövlət Ermitajında saxlanılan tunc tiyanı xüsusilə qeyd edilir. 
Təbrizlə yanaşı, bu dövrdə və sonralar Azərbaycanın başqa şəhərlərində də bədii metal sənətkarlığının inkişaf etdiyini göstərən çoxlu faktik nümunələr vardır.

Hazırda Amerikada Hararinin şəxsi kolleksiyasında XV əsrə aid çox orijinal bir bürünc istirlab saxlanmaqdadır. Astronomiya elmində istifadə edilən bu cihazı, üzərindəki qeydlərə görə, 1468-ci ildə məşhur Şirvan ustası Şükrullah Müxis hazırlamışdır. Bu istirlab öz dövrünə görə yüksək texniki bir cihaz olmaqla bərabər, üzərindəki bəzəkləri ilə də nəzəri cəlb edir.
XVI-XVII əsrlərdə metaldan ev avadanlığı, silah və bəzək nümunələri düzəltmək Təbriz, Ərdəbil, Marağa, Naxçıvan, Gəncə, Şamaxı və Bakı şəhərlərində xüsusilə geniş inkişaf etmişdir. Bu dövrdə xaricdə Azərbaycan sənətkarları tərəfindən hazırlanmış silah (xəncər, qılınc, topuz, qalxan) və zirehli geyimlər (başlıq, dirsəklik, dizlik və s.) xüsusilə geniş şöhrət tapmışdır.
Rus mənbələrində bu əsrlərdə Şamaxıda düzəldilmiş silahların adlarına tez-tez təsadüf edilir. Belə mənbələrin birində rus çarı Boris Qodunovun Şamaxı sənətkarlarının düzəltdiyi 8 ədəd bəzəkli zirehli başlıqlardan bəhs olunur.
Hazırda Kremlin silah palatasında saxlanılan XIV əsrə aid bir qalxan xüsusilə diqqəti cəlb edir. Misli görünməyən gözəlliyi olan bu qalxan deyildiyinə görə rus çarı M.F.Romanovun müharibə vaxtı özünü qoruduğu silahlardan olmuşdur. Sonra bu qalxan məşhur rus sərkərdəsi F.İ.Mstislavskidə olmuş, 1622-ci ildən isə o öldükdən sonra, daimi olaraq rus çarlarının xəzinəsinə verilmişdir. Diametri 50,8 sm olan bu qalxan bütöv qırmızı poladdan döyülərək üzəri xatəmkarlıq üslubunda qızılla bəzədilmişdir.
Azərbaycanda düzəldilmiş bu dövrə aid  iki maraqlı əsəri də qeyd etməliyik. Bunların ikisi də müharibə zamanı zadəganların istifadə etdiyi baş geyimləridir. Bunların biri hazırda Moskvada Silah palatasında, o biri isə İstanbulda saxlanılır. İkinci başlığın üzərində onun 1528-ci ildə Şah Təhmasib üçün düzəldiyi qeyd olunmuşdur.
Birinci zirehli başlığa ilk dəfə Şamaxıdan rus çarı Boris Qodunova gətirilən silahların siyahısı arasında rast gəlirik. Sonralar bu dəbilqə də bədii qalxan kimi knyaz F.Mstislavskidə olmuşdur.
Başlığın bəzəkləri içərisində xəttatlıq sənəti nümunələri də vardır. Onlar başlığın alın hissəsində enli qurşaqla yerləşdirilmişdir. Burada “Qadir və mərhəmətli Allah naminə” sözləri yazılmışdır.
Azərbaycanda bu əsrlərdə elə yerlər var idi ki, nəinki bir-iki küçə, hətta əhalinin əksəriyyəti misgərlik sənəti ilə məşğul olurdu. Belə məkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc idi.
Lahıcda bu əsrlərdə külli miqdarda məişət əşyası və ev avadanlığı (dolça, satıl, aftafa, sərnic, məcməyi, sərpuz və s.) hazırlanırdı. Lahıcda istehsal olunmuş məhsullar həm kəmiyyət və həm də keyfiyyət etibarı ilə heç də o dövrün mərkəzi şəhərlərində hazırlanan məhsullardan geridə qalmırdı. XVIII əsrdə Şəki şəhəri də metaldan ev avadanlığı, bəzək nümunələri düzəltməkdə görkəmli yerlərdən birini tuturdu. Bu əsrlərdə Azərbaycan qadınlarının istifadə etdiyi bəzək nümunələrindən ən geniş yayılanı boyun bəzəkləri idi. Bunlardan: sinəbənd, boğazaltı, çəçik, qarabatdaq və s. göstərmək olar.
Zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini bu dövrdə düzəldilmiş qadın və kişi kəmərləri xüsusilə əyani bir şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə, kəmər keçmişdə qadın və kişi geyimlərinin ayrılmaz bir hissəsini təşkil edirdi. Araşdırmalar göstərir ki, keçmişdə kəmərlə onu gəzdirən şəxsin və vəzifəsini, var-dövlətini, dini əqidəsini, milliyətini və hətta yaşını belə bilmək olurdu.

XVIII əsrdə Azərbaycanda kəməri həm kişilər, həm də qadınlar taxardılar. Adətə görə qadınlar enli, kişilər isə nazik kəmərlər taxardılar.
Bu əsrlərdə kəmərlər fiqurlu və bəzəkli bürünc, gümüş və ya qızıl hissələrindən düzəldilərdi. Onların ən gözəl hissəsini toqqalar təşkil edirdi. Toqqalar, adətən, üzəri şəbəkə, qələm işi, bəzən isə daş-qaşla bəzədilmiş enli dördkünc metal hissəsindən ibarət olurdu. Əksər hallarda kəmərin aşağı hissəsinə qadınlarda 23 cərgə qızıl-gümüş pullar və ya paxlavavari, buta formalı bəzəklər, kişilərdə isə ətəyə qədər uzanan hissəsinin üzərinə müxtəlif fiqurlu metal hissəcikləri taxılmış bir neçə qayış bənd edilirdi.
XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə 6 texniki üsulla bəzədilirdi. Bunlar: döymə, basma, qarasavad, şəbəkə, xatəmkalıq və minaçılıqdır.
XIX-XX əsrin əvvəllərində isə Azərbaycanda metalişləmə sənətkarlığının əsas etibarı ilə 3 növü inkişaf etmişdir. Bunlar dəmirçilik, misgərlik və zərgərlik sənəti idi ki, həmin sənət sahələri də öz-özlüyündə ölkənin bədii metal yaradıcılığının inkişafında misilsiz rol oynamışdır. 



Oxunub: 412532