Baş səhifə    » MEMARLIQ    » Qədim karvansaralar   

Qədim karvansaralar

  


Karvansaralar ticarət yolları üzərində tikilmiş qonaq evləri funksiyasını daşıyan tikili və saraylardır. Dövrün tacirlərinin tikdirdiyi həmin binalarda karvanlar saxlanar, insanlar dincələr və yollarına davam edərdilər. Orta əsrlərdə dövründə hərbi və sərhədlərin müdafiəsi məqsədilə tikilmiş, sonralar daha çox ticarət əhəmiyyəti daşıyan binalar da karvansara adlandırılmışdır.
Qədim dövrlərdə ticarət yollarının böyük bir hissəsi Azərbaycandan keçdiyindən, burada karvansaraların tikilməsi zəruri sayılırdı. Bakı şəhərindəki karvansaralar istisna olunmaqla (onlar bu gün də tarixi-memarlıq abidələri kimi İçərişəhərdə qorunub saxlanır), Qarabağ ərazisində olan karvansaraların izləri erməni işğalına qədər qalmaqda idi. Qədim və zəngin tariximizin bələdçisi olan həmin karvansaralar bunlardır.

Bakı karvansaraları
Karvansaraların ən nadir və tarixi incilərindən hesab olunanları Bakının ən qədim yaşayış məntəqəsi İçərişəhərdə qorunub saxlanmaqdadır. Bunlardan biri Buxara karvansarasıdır. Araşdırmalardan məlum olub ki, bu tarixi abidəni 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tikib. Şərq ölkələrindən gələn tacirlər müvəqqəti sığınacaqlara ehtiyac duyduqlarından, əsasən bu möhtəşəm karvansarada istirahət edərdilər. Elə tikilinin adı da həmin dövrdə Özbəkistanın paytaxtı olan Buxaradan götürülüb. Bu karvansara birmərtəbəlidir. Ehtimal olunur ki, tikilinin digər mərtəbəsi yerin altında qalıb. 17 otaqdan ibarət olan Buxara karvansarasının ən özəl xüsusiyyəti isə onun dairəvi formada olmasıdır. Karvansaranın həyətinin mərkəzində bütün Şərq karvansaralarında olduğu kimi hovuz yerləşir. XV əsrdən bu günə qədər olduğu kimi qorunub saxlanılan hovuz insanlarda təəccüb və maraq doğurur. Belə ki, su fontandan axıb tökülsə də, hovuz dolmur və su müəyyən səviyyədə qalır. Karvansaranın divarlarını qədim Azərbaycan xalçaları, kilimlər, bəzək əşyaları, Bakını təsvir edən rəsmlər bəzəyir. Burda əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.

Multani karvansarası - Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973-1974- cü illərdə bərpa edilmişdir.
Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir.

Qaraçı karvansarası - Abşeron rayonunun Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır. Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.

Naxçıvan karvansarası

Gülüstan karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. Gülüstan karvansarasının qalıqları 1974-cü ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam üzə çıxarılmışdır. Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Gülüstan karvansarasının Azərbaycanda yol karvansaraları içərisində ən görkəmli və möhtəşəm abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m. olan Gülüstan karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar, bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü 13-cü əsrin əvvəllərinə aparıb çıxarır. Karvansaralar çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Gülüstan karvansarasının aşkar olunmuş hissəsində çoxlu yaşayış otaqları vardır.

Qarabağ karvansarası

Füzuli rayonundakı Qarğabazar karvansarası Qarabağın ən böyük karvansarasıdır. Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün də geniş istifadə olunmuşdur. Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənilmişdir. Müasir dövrümüzə qədər gəlib çatmış olan XVII yüzilin yadigarı olan Qarğabazar kəndindəki karvansara da elə bu qəbildəndir. 

Gəncə karvansarası
Uğurlu bəy karvansarası XVII əsrin əvvəllərində memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Hazırda bina Gəncənin Əli bəy Hüseynzadə küçəsində yerləşir. 

Dərələyəz karvansarası
Səlim karvansarası Dərələyəz mahalının Keşişkənd rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd kəndinin yuxarısında tarixi karvansaradır. Karvansaranın giriş qapısının üzərindəki yarımdairə daş kitabədə onun 1329-cu ildə Azərbaycan Elxanilər dövlətinin hökmdarı Əbu Səid Bahadur xanın tikdirdiyi aydınca yazılmışdır. Bu fakta onu da əlavə etsək ki, karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb məskunlaşmışlar, onda abidənin azərbaycanlılara məxsus olduğu həqiqətini inkar etmək mümkün deyildir. Lakin təəssüflər olsun ki, ermənilər bu tarixi həqiqəti inkar edirlər. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.

Şəki karvansaraları

XVIII-XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan dövrümüzə qədər yalnız ikisi  Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır. Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.

Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. 



Oxunub: 466333