Baş səhifə    » BAYRAQ    » Yaranma tarixi   

Yaranma tarixi

  

Bayraqlar dövrlər üzrə

1136-1225-ci illər ərzində Azərbaycan ərazisində göy rəngli üzərində ikibaşlı qartal təsviri olan Atabəylər dövlətinin (Eldəgəzlər dövləti) bayrağı ucalırdı. Atabəylər Dövlətinin banisi Atabəy Şəmsəddin Eldəgəzdir. Azərbaycan (Kürdən cənuba), Şimal-Qərbi İran vilayətləri (İsfəhan, Rey) və s. yerləri əhatə edirdi. Paytaxtı müxtəlif vaxtlarda Naxçıvan, Həmədan və Təbriz olmuşdur. . 

 

Qaraqoyunlu dövləti - 1410-1468-ci illər ərzində Şirvan istisna olmaqla bütün Azərbaycanı, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edirdi. Qaraqoyunlular Oğuz türk əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə o Qaraqoyunlu adlanırdı.
 
1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.


Səfəvilər dövləti - 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan və şərqi Türkiyə ərazilərini əhatə etmiş bir dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan türkcəsini özünün rəsmi dili elan edib. Bayrağında İslam rəmzi olan yaşıl rəng üstünlük təşkil edir.  


Bakı xanlığının bayrağı
Bakı xanlığının bayrağın dördkünc qumaşı (ölçüləri 220 x 122 sm) dörd parça açıq moruğu və bir parça açıq xaradan əl ilə tikilmişdir. Uzununa yerləşdirilmiş yaşıl parça (eni 31 sm) ona möhkəm tikilmiş qırmızı atlas köbə (eni 6 sm) vasitəsilə bayraq ağacına taxılmışdır. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq vardır. Birinci zolaqda yanyana baş-ayaq yerləşdirilmiş biri tünd, o biri açıq yaşıl rəngli zambağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınmışdır. Daha enli ikinci zolağın içində ucları birləşdirilmiş, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilmiş, bu ayparaların və onların birləşməsindən yaranmış çevrənin içində altı və səkkizləçəkli güllər tikilmişdir. Ayparalarla zolağın arasında içərisində tünd yaşıl saplarla xallar vurulmuş butavari yarpaqlardan yaradılmış ornament salınmışdır. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalmışdır. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu onturlu ucları birləşdirilmiş üç aypara təsvir edilmişdir. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilmişdir. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində "Ya Məhəmməd, möminləri müjdələ" və "Allahdan kömək və yaxın qələbə" sözləri yazılmışdır. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və Allah qoruyandır" sözləri yazılmışdır. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementlərini ("bismillah" və ya "Bakuyə") xatırladan mürəkkəb naxışlarla örtülmüşdür.


Gəncə xanlığının bayrağı
Bayrağın dördkünc qumaşı (uzunluğu 127 sm, eni 174 sm) məxsusi toxunmuş və əl ilə bir-birinə tikilmiş moruğu və yaşılrəngli xara parçalarından hazırlanmışdır. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilmişdir. Qızılı zanbaq gülləri ilə əhatələnən qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə yazılmış "Allah" sözü vardır. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünmüş çərçivədə ərəbcə aşağıdakılar yazılmışdır: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır ". Mərkəz hissə ara xətləri ilə on qata bölünmüş və bu qatlarda qızılı saplarla ərəbcə aşağıdakı yazı beş dəfə təkrarlanmışdır: "Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir".


Şəki xanlığının bayrağı
Şəki xanlığının ölçüsünə görə ən iri bayrağı (245 x 237 sm) beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənmiş ornamentlərlə örtülmüşdür. Bayraq qumaşı xara (zərxara) parçadandır. Ortada, güləbətin saplarla işlənmiş şaquli istiqamətli xətlər arasında, sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvarı və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır.  


İrəvan xanlığının bayrağı
Bayrağın qumaş hissəsi (ölçüləri:156 x 156 sm) zoğalı rəngli dördkünc ipək qanovuz parçadandır. Onun üstündə təbii boyalarla Şir və Günəş (şirixurşid) təsvirləri çəkilmişdir. Yan tərəfdən təsvir edilən Şir başını arxaya döndərmiş , qabaq sol pəncəsində qılınc tutmuş, quyruğunu belinə tərəf yuxarı qaldırmış şəkildə təqdim edilmişdir. Şirin arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Şirin başı üstündə damcıvari sarı kartuşda "Əs-sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239" sözləri yazılmışdır. Bayraq qumaşının zoğalı hissəsində əmələ gəlmiş üçbucaqların hər birində yerləşdirilmiş yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə aşağıdakı Quran ayələri yazılmışdır: aşağıda sağda - "Möminləri müjdələ ", solda - "Kömək allahdandır və yaxın qələbə", yuxarıda sağda - "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda - "Mərhəmətli, rəhimli allahın adı ilə ". Bayrağın üz və astar üzlərindəki təsvirlər biri digərini təkrarlayır. 

                                                                  
Qarabağ xanlığının bayrağı
İmperator I Aleksandr tərəfindən vəd edilən bayraq bir il sonra - 1807-ci ildə Mehdiqulu xana təqdim edildi. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. Bayraq qumaşı (ölçüləri 115 x 100 sm) zamanın təsirindən saralmış dördkünc ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunmuşdur. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilmiş iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənmişdir. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilmişdir. Qalxanın üzərində ağ, qırmızı və boz rənglərlə Moskva şəhərinin gerbi - Müqəddəs Müzəffər Georginin əksi verilmişdir. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilmiş, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınmışdır. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülmüşdür. 


Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilirdi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. 

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı 9 noyabr 1918-ci ilə qədər mövcud olub. 

 
Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin”. Milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (böyük mesenat və milyonçu Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin, indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. Sovet Rusiyasının XI Qızıl ordusunun Azərbaycanı işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti devrildi, süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...


1920-ci il aprelin 28-də Bakıda Sovet hakimiyyəti quruldu və Azərbaycan İctimai Şuralar Cümhuriyyəti (Azərbaycan Sovet Sosialist Respublikası) elan olundu. İlk dövrlərdə inqilabi al bayraqlarla yanaşı, bayrağın sapına yönəlmiş yuxarı sol küncündə ağ beşguşəli ulduz və ağ aypara təsvirli al bayraqlardan da istifadə olunurdu. 1921-ci ildə Bakıda buraxılmış plakatda belə bayraq təsvir olunmuşdu. 

1920-1921-ci illər ərzində Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı. 


1921-ci ilin may ayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin ticarət, dəniz və hərbi bayrağı al qumaş parçadan ibarət idi, onun sol küncündə, bayraq sapı tərəfdə yaşıl fon üzərində qızılı "AİŞC" və ya “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti" yazısı yerləşdirilmişdir. Azərbaycan SSR-in bayrağının RSFSR-in (Rusiya Sovet Sosialist Federativ Sosialist Respublikası) bayrağından fərqi onda idi ki, RSFSR bayrağında yazılı sahə qırmızı idi, Azərbaycan SSR-ində isə yaşıl verilmişdi. 1921-ci Azərbaycan SSR-in dövlət dili əsasında türk dili, əlifbası isə ərəb əlifbası idi, odur ki, "AİŞC.” abreviaturası da ərəb əlifbası ilə türk dilində verilirdi.

Azərbaycan SSR-in 1921-1922-ci illərdəki bayrağı. 

 
1922-c i ilin dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olduqdan sonra öz müstəqilliyini de fakto itirən Azərbaycan SSR MİK (Mərkəzi İcraiyyə Komitəsi) yeni latın qrafikalı əlifbanın (yeni əlifba adlanan) ərəb əlifbası əsasında olan köhnə əlifbası ilə eyni hüquqa malik olması barədə dekret qəbul etdi. Bu amil bayrağın təsvirinə də öz təsirini göstərmiş oldu, yəni "A.S.S.R" abreviaturası, həm latın, həm ərəb əlifbası ilə verildi.

Azərbaycan SSR-in 1922-24-cü illər ərzində dalğalanan bayrağı.


1924-cü il dekabrın 8-də Azərbaycan SSR MİK-in dördüncü çağırış üçüncü sessiyası Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) yeni redaksiyasını qəbul etdi. Azərbaycan SSR Sovetlər Qurultayı 1925-ci il martın 14-də onu təsdiq etdi. "AİŞC-nin dövlət bayrağı 2:1 nisbətdə olan al (qırmızı) qumaşdan ibarətdir. Yuxarı sol küncündə, bayraq sapı tərəfdə radiusu bayraq eninin 1/6-nə bərabər olan ölçüdə qızılı oraq və çəkic yerləşdirilib; onun üzərində şiş ucları sağ tərəfə yönəlmiş qızıl aypara və qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib; ayparanın diametri bayraq eninin 1/10-nə bərabərdir, oraq və çəkicdən sağda yeni və əski türk əlifbası ilə "A.İ.Ş.C" yazısı verilib.

Azərbaycan Sovet Sosialist Respublikasının 1924-1930-cu illər bayrağı.


20-ci illərin axırında rus dilindəki "социалистическая" sözü əvvəlki tək "ictimai" kimi deyil, "sosialist" kimi tərcümə edilməyə başlanıldı. Bununla bağlı bayraq üzərindəki abreviatura yazısında da düzəlişlər edildi. 1930-cu ildən başlayaraq, Azərbaycan SSR-in bayrağı üzərində "ASSR" abreviaturası yalnız latın əlifbası ilə verilməyə başladı.

Azərbaycan Sovet Sosialist Respublikasının 1930-1937-ci illər bayrağı.


1937-c i il Konstitusiyasının 152-ci maddəsində isə dövlət bayrağının təsviri belə ifadə edilmişdi: Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağı, sol bucağında, bayraq ağacı yanında yuxarıda qızılla oraq və çəkic çəkilmiş və üstündə Azərbaycan dilində "Az SSR" sözləri yazılmış qırmızı qumaşdan ibarətdir.

Azərbaycan SSR-in 1937-1940-cı illər ərzindəki bayrağı. Bayraqdakı təsvirlər latın qrafikası ilə göstərilib. 


1939-cu il 11 iyul tarixdə qəbul edilmiş "Azərbaycan əlifbasının latın əlifbasından rus əlifbasına keçməsi" haqqında Azərbaycan SSR-in Qanununa uyğun olaraq 1940-cı il yanvarın 1-dən Azərbaycan əlifbası latın əlifbasından rus əlifbasına keçirildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1940-cı il 20 mart tarixli fərmanı ilə Azərbaycan SSR Dövlət bayrağı üzərində "Az. SSR" abreviaturası yeni əlifba ilə təsvir edildi.

Azərbaycan SSR-in 1940-1952-ci illər ərzindəki bayrağı.

 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 7 oktyabr tarixli Fərmanı ilə Azərbaycan SSR xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru K.M. Kazımzadənin layihəsi əsasında Azərbaycan SSR-in yeni Dövlət bayrağı təsdiq olundu və onun təsviri Azərbaycan SSR-in 1953-cü il 18 avqust tarixli Qanunu ilə Azərbaycan SSR Konstitusiyasının (Əsas Qanun) 152-ci maddəsinə daxil edildi: "Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi yerləşən rəngli zolaqlardan ibarətdir: qırmızı rəngli üst zolaq bayrağın eninin ¾-nə bərabər ölçüdədir, göy rəngli alt zolaq bayrağın eninin ¼-nə bərabər ölçüdədir, qırmızı zolağın yuxarı sol küncündə bayraq sapı tərəfdə qızılı oraq və çəkic, onlardan yuxarıda qızılı xətlə haşiyələnmiş qırmızı beşguşəli ulduz yerləşdirilib. Eninin uzununa nisbəti 1:2-dir.

Azərbaycan SSR-in 1952-1991-ci ilə kimi mövcud olmuş bayraq. 


1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.




Oxunub: 240509