Baş səhifə    » DİASPORA    » Diaspora fəaliyyəti   

Diaspora fəaliyyəti

  


Azərbaycan diasporasının tarixi

"Diaspor" qədim yunan sözü olub, hərfi mənada "səpələnmə" deməkdir. Bu sözün yaranma tarixi yunanların eramızdan xeyli əvvəl başladıqları işğal və köçürülmə dövrünə təsadüf edir. Müxtəlif ölkələrə hərbi yürüşlər zamanı yunan ordusu əsgərlərinin bir hissəsi işğal edilmiş ərazilərdə məskunlaşmış və buranın daimi sakinlərinə çevrilmişdilər. "Diaspor" kəlməsi də məhz onların dilindən yaranmışdır.
Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir.
Müəyyən ictimai-siyasi, iqtisadi-sosial və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər, həmçinin dil, din, mənəvi-mədəni dəyərlərə bağlılıq baxımından özünü azərbaycanlı sayan şəxslər Azərbaycan diasporunu təşkil edir.
Azərbaycan Respublikası da daxil olmaqla dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlı yaşayır. Tarixi ərazilərində yaşayan, hər hansı mühacirət faktı baş vermədən, yalnız müəyyən ictimai-siyasi hadisələrin gedişində yaranan sərhəd dəyişmələri nəticəsində xarici ölkə vətəndaşlarına çevrilmiş həmvətənlər - İranda, Gürcüstan və Rusiya Federasiyasının Azərbaycanla həmsərhəd rayonlarında yaşayan etnik azərbaycanlılar diaspor hesab olunmur.
Azərbaycan diasporunun təşəkkülü, formalaşması və inkişaf tarixi bilavasitə xalqın mühacirət tarixi ilə bağlıdır. Azərbaycanlıların xarici ölkələrə mühacirəti tarixən qədim köklərə malik olsa da, sistemli şəkildə bu proses XIX əsrin birinci yarısındakı siyasi-hərbi münaqişələr, İran-Rusiya müharibələri, Qafqaz regiondakı məcburi miqrasiya prosesləri ilə bağlıdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra tarixi Azərbaycan ərazilərinin Araz çayı boyunca iki yerə parçalanması, Şimali Azərbaycan xanlıqlarının çar Rusiyası təbəəliyini qəbul edərək vahid inzibati-ərazi bölgüsü halında birləşməsi bir tərəfdən xalqın təmərküzləşməsi prosesinə təkan vermişdisə, digər tərəfdən çarizmin siyasətindən narazı qalanların xarici ölkələrə kütləvi mühacirəti ilə nəticələnmişdir. XIX əsrdə ayrı-ayrı azərbaycanlıların imperiya mərkəzinə könüllü mühacirəti də baş vermişdir. Bu əsrdə Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, Mirzə Əbuturab Vəzirov, Xan Naxçıvanski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və b. tanınmış azərbaycanlılar Rusiyanın elm, mədəniyyət, xarici siyasət və digər sahələrində çalışmaqla dövlətin iqtisadi, siyasi, hərbi qüdrətinin artmasına yardım göstərmişlər.
XX yüzildə xarici ölkələrə azərbaycanlıların mühacirəti intensiv xarakter almışdır. Bu müddət ərzində baş vermiş iki dünya müharibəsi, istər Şimali, istərsə Cənubi Azərbaycanın daxil olduğu metropoliyalarda köklü ictimai-siyasi dəyişikliklər, sosial inqilablar, həmvətənlərimizin növbəti dəfə xaricə kütləvi köç etmələri ilə nəticələnmiş, bu köç əsrin sonlarında Azərbaycanın müstəqil dövlətçilik ənənələrini bərpa etməsi zamanınadək aşağıda adı çəkilən dalğalarla həyata keçmişdir:
a) 1905-07-ci il birinci Rus inqilabı və Cənubi Azərbaycanda Səttarxan hərəkatı;
b) Birinci Dünya müharibəsi, 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və süqutu, Cənubi Azərbaycanda Xiyabani inqilabı;
c) İkinci Dünya müharibəsi; Cənubi Azərbaycanda 1945-46-cı illərdə Azərbaycan Milli Hökumətinin yaranması və süqutu;
ç) 1970-80-ci illər keçmiş Sovet Azərbaycanından digər ittifaq respublikalarına könüllü miqrasiya, 1979-cu il İran İslam inqilabı nəticəsində Cənubi Azərbaycandan əsasən Avropaya siyasi miqrasiya;
d) Türkiyədə yaşayan azərbaycanlıların 1950-60-cı illərdə Avropaya iqtisadi miqrasiyası.
AXC-nin süqutundan sonra Azərbaycandan Türkiyə Cümhuriyyətinə mühacir axını kəskin artaraq 50 mini ötmüşdür. Xaricdə siyasi mühacirətin əsas hissəsini təşkil edən şəxslərin (M. Ə. Rəsulzadə, Ə. Topçubaşov, M. Məmmədzadə, C. Hacıbəyli, M. Vəkilov, Ə. Ağayev, S. Ağaoğlu, Ə. Hüseynzadə, X. P. Sultanov, Ş. Rüstəmbəyov, M. S. Aran, K. Odər, Ə. Şeyxülislamov, N. Şeyxzamanlı və b.) məqsədyönlü ictimai fəaliyyətləri o dövrədək müxtəlif zamanlarda vətəndən mühacirət etmiş digər azərbaycanlıların fəaliyyətlərindən əsaslı fərqlənmişdir. XX əsrin 20-ci illərindən xaricdə nəşr olunan Azərbaycan diasporunun ilk mətbu orqanları - "Yeni Qafqasiya" (1923, İstanbul), "Azəri-Türk" (1928-31, İstanbul), "Odlu Yurd" (1929-30, İstanbul), "Bildiriş" (1929-31, İstanbul), "İstiqlal" (1932-34, Berlin), "Qurtuluş" (1934, Berlin), "Azərbaycan" (1952, Ankara) kimi qəzet və jurnallar, bundan əvvəl qonşu ölkələrdə azərbaycanlıların nəşr etdirdikləri "Əxtər" (1875-95, İstanbul), "Şahsevən" (1888, Təbriz), "Şəms" (1899-1920, Təbriz), "Fikri-İstiqbal" (1910, İstanbul), "Bürhani-Tərəqqi" (1906-11, Həştərxan), "Millət" (1918, Simferopol), "Nur" (1906-09, Sankt-Peterburq), "Kavə" (1915-21, Berlin), "İranşəhr" (1921, Berlin) və digərlərindən fərqli olaraq sırf diaspor problemlərini, tarixi vətənin siyasi-ictimai, iqtisadi-sosial durumunu diqqət mərkəzinə çəkir, mətbuat vasitəsilə mühacirət həyatı yaşayan həmvətənləri vahid mərkəz ətrafında cəmləşdirməyə çalışırdı.
Xaricdə ilk mütəşəkkil milli icmaların meydana gəlməsi İkinci Dünya müharibəsindən sonrakı dövrə aiddir. 1949-cu ilin fevralında Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində M. Ə. Rəsulzadənin rəhbərliyi ilə yaradılmış "Azərbaycan Kültür Dərnəyi" Azərbaycan diasporunun təşkilatlanması yönündə ilk addım olmuşdur. 1956-cı ildə təsis edilən "Azərbaycan-Amerika Cəmiyyəti" (AAC, qərargahı Nyu-Cersi ştatında yerləşir) Azərbaycan diasporunun nüfuzlu qurumlarından biridir. Xüsusilə 1990-cı il 20 yanvar faciəsindən sonra yaranmış yeni diaspor təşkilatları fəaliyyətlərini daha da canlandırmışlar. Həmin illər xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərindən biri də Moskva şəhərində yaşayan ziyalılar, elm və mədəniyyət xadimlərinin təşəbbüsü ilə 1988-ci ildə əsası qoyulmuş "Ocaq" Mədəniyyət Mərkəzi idi. Cəmiyyətin "Çıraq" adlı mətbu orqanı olmuşdur. Hazırda "Ocaq" Mədəniyyət Mərkəzi Rusiya ərazisində Azərbaycan diasporunun vahid mərkəzi olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) strukturuna daxil edilmişdir. Keçmiş SSRİ məkanında meydana gəlmiş Azərbaycan cəmiyyətləri sırasında ötən əsrin 80-ci illərində Baltikyanı ölkələrdə yaradılmış diaspor təşkilatları da vardır: Litva Respublikasında "Litva azərbaycanlıları cəmiyyəti" (1988, Vilnüs), Latviya Respublikasında "Azəri" cəmiyyəti (1988, Riqa) və Estoniya Respublikasında "Ocaq" icması (1988, Tallin). Hər üç respublikada ümumilikdə 20 mindən artıq azərbaycanlı yaşayır. Onların əksəriyyəti ittifaqdaxili iqtisadi əlaqələr zəminində buraya miqrasiya etmişlər. 1992-ci ildən Riqada Bazar günü məktəbləri fəaliyyət göstərir və burada azərbaycanlı uşaqlar Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yaxından tanış olurlar. "Azərbaycan Mədəniyyət Cəmiyyəti" (1990) Avstriyanın paytaxtı Vyanada təsis edilmişdir. 1990-cı il noyabrın 3-də İstanbul şəhərindəki Atatürk Kültür Mərkəzində Azərbaycan cəmiyyətlərinin beynəlxalq qurultayı keçirilmişdir. Qurultayın işində Azərbaycan nümayəndə heyəti, eyni zamanda xarici ölkələrdəki (İngiltərə, Almaniya, Fransa, İsveç, Norveç, İspaniya, Estoniya və s.) bir sıra Azərbaycan cəmiyyətlərinin təmsilçiləri iştirak etmişdilər. Bu, Azərbaycan diasporunun güclənməsi, vahid mərkəz ətrafında birləşməsi istiqamətində irəliyə doğru addım idi. Qurultayın gedişində İstanbul, Bakı və Hamburq şəhərlərində Azərbaycan diasporunun regional mərkəzlərini, Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqını yaratmaq haqqında qərarlar qəbul edilmiş, diaspor quruculuğuna ümumi nəzarət məqsədilə Əlaqələndirmə Şurası təsis olunmuşdur.
1991-ci ildə Azərbaycan Respublikasının müstəqil dövlətçilik ənənələrini bərpa etməsi və bunun ardınca ölkədə baş verən ictimai-siyasi hadisələr xalqın mühacirət tarixində də öz təsirini buraxmışdır.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi (Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulmuşdu). Bundan sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi təsdiqləndi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir.
1995-ci ildən başlayaraq ölkə xaricinə miqrasiya özünün xarakterini dəyişərək, sırf iqtisadi xarakter qazanmış, dünyanın digər inkişaf etməkdə olan ölkələrində olduğu kimi sivil formalar almış, beynəlxalq hüquq normaları çərçivəsinə düşmüşdür. Müxtəlif ölkələrə səpələnmiş azərbaycanlıların öz milli mənsubiyyətlərini qorumaqla mədəni-siyasi həmrəyliyi müstəqil Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun gəlir və onun strateji məqsədlərindən biridir. Müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinə nail olunması xarici ölkələrdə diaspor fəaliyyəti ilə məşğul olan təşkilatların vahid mərkəz ətrafında birləşməsini zəruri edir. Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə monolit qüvvə kimi çıxış etmələri onların milli və vətəndaş hüquqlarının qorunmasına da əhəmiyyətli təsir göstərir.
2001-ci il 23 may tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultay dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin mülahizələrini, çoxsaylı təkliflərini, eləcə də azərbaycanlıların müasir dünyadakı sosial-siyasi, iqdisadi, mədəni və s. mövqeyini, azərbaycançılıq platformasına söykənən maraqlarını, tarixən yaranmış mənəvi birlik ehtiyacını nəzərə alaraq qətnamə qəbul edilmişdir. Qərara alınmışdır ki, dünya azərbaycanlıların qurutayları hər üç ildən bir keçirilsin.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Hələ 1997-ci ildə dünyadakı Azərbaycan diasporunu koordinasiya edən təşkilat - Dünya Azərbaycanlıları Konqresi (DAK) də yaradılmışdır. 
Son illər fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi və mədəni həyatında Azərbaycan cəmiyyətlərinin fəal iştirak etmələri diaspor quruculuğu işinin ən mühüm istiqamətlərindən biridir. Bir sıra ölkələrin qanunvericilik, icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları, kompakt yaşadıqları ərazilərdə Bazar günü məktəblərinin açılması, müxtəlif icma və birliklərin nəzdində 27 qəzet, 10 jurnal, 3 radio və 1 televiziyanın fəaliyyət göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi Azərbaycan diasporu nümayəndələrinin ictimai-siyasi fəallığının artmasının göstəricisidir.



Oxunub: 579745