Baş səhifə
» DÖVLƏT QURUMLARI
» Məhkəmələr
Məhkəmə haqqındaAzərbaycan Respublikasının məhkəmə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlayır. Ədliyyə Nazirliyi mayın 28-də təsis edilib və Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Nazirlər Şurasının qərarı ilə 01 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilib, noyabrın 14-də isə Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir.
1920-ci il aprel ayının 27-28-də Azərbaycan Demokratik Respublikası Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. Lakin 1930-cu ildə də komissarlıq ləğv edilərək onun səlahiyyətləri aidiyyəti üzrə Ali Məhkəməyə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda respublika prokurorunun, onun müavini isə Ali Məhkəmə sədrinin səlahiyyətini daşımışdır. Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edilib, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Lakin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi yenidən təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Azərbaycan yenidən müstəqil olduqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə reallaşdırılır. Respublikada üçpilləli məhkəmə sistemi – birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılıb. Bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.
|