Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər   

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

  


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində fəaliyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmış və bu quruma Fətəli xan Xoyski başçılıq edib. 1918-1920-ci illərdə nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynaymış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.
1920-ci il aprelin 27-dən etibarən SSRİ Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi.
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Nazirlik əməkdaşları hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görmək səlahiyyətlərinə malikdirlər. Nazirlik təmsilçiləri cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görür, cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil edir və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görülməsində iştirak edirlər.
Azərbaycan Respublikası 1992-ci ildə Beynəlxalq Cinayət Polisi Təşkilatının - İnterpolun üzvlüyünə qəbul olunmuş və həmin il noyabr ayının 24-də Daxili İşlər Nazirliyinin strukturunda Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu təsis edilib.

Qaynar xətt-102
Ünvan: 
Azərbaycan prospekti, 7
AZ1005, Bakı  şəhəri, Azərbaycan
Məlumat telefonu: (+99412) 590-92-22      
E-poçt: [email protected]



Oxunub: 490911