Baş səhifə    » DÖVLƏT QURUMLARI    » Nazirliklər    » Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi   

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasını təmin edən mərkəzi icra orqanıdır.
Nazirlik Azərbaycan Respublikası prezidentinin 1992-ci il 10 dekabr tarixli Fərmanı ilə yaradılıb. Nazirliyin yaradılmasından əvvəl Azərbaycan Respublikası Əmək və Sosial Problemlər üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Sosial Təminat Nazirliyi fəaliyyət göstərib.
Əmək, sosial müdafiə, pensiya təminatı, demoqrafiya və miqrasiya sahəsində dövlət siyasətini hazırlayır və qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirir, əmək qabiliyyətli əhalinin işgüzarlıq və təşəbbüskarlığının artırılması üçün zəruri şərait yaradır. Nazirlik həm də əhalinin aztəminatlı təbəqələrinə dövlət yardımının tənzimlənməsi üzrə təkliflər hazırlayır, tənha ahıl vətəndaşlara və əlillərə sosial-məişət xidmətini təşkil edir, yüksək dağlıq, səhra və susuz ərazilərdə yerləşən müəssisə, idarə və təşkilatların işçilərinin əmək haqlarına əmsallar tətbiq edilməsinə dair təkliflər verir.
Nazirlik işsizliyin səviyyəsinin azaldılmasına, əmək bazarında zəif rəqabətli əhali qruplarının, xüsusilə gənclərin, çoxuşaqlı qadınların, qaçqın və məcburi köçkünlərin, əlillərin, şəhid ailəsi üzvlərinin məşğulluğuna yönəldilmiş siyasəti həyata keçirmək, yeni iş yerlərinin yaradılmasına yönəldilmiş tədbirlər hazırlamaq, əmək ehtiyatlarını bazar şəraitinə uyğunlaşdırmaq məqsədilə peşə hazırlığı mexanizmini təkmilləşdirmək kimi vəzifələri icra edir. Nazirlik demoqrafiya, əmək və sosial müdafiə məsələləri üzrə elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq sahəsində işləri əlaqələndirir, tibbi-sosial ekspertizanı, əlillərin reabilitasiyasını təşkil edir və əlillərin protez-ortopedik vasitələrlə təmin olunmasına da köməklik göstərir.

Ünvan: Bakı, AZ 1009, Salatın Əsgərova küç., 85
Tel.:(+994 12) 596 50 33;
Faks: (+994 12) 596 5034;



Oxunub: 100214