Baş səhifə
» ƏDƏBİYYAT
» Ədəbiyyatşünaslıq
Ədəbiyyatşünaslıq haqqındaƏdəbiyyatın özünəməxsus qanunauyğunluqları, prinsipləri vardır ki, onları öyrənən elmə ədəbiyyatşünaslıq deyilir. Ədəbiyyat haqqındaki elmin-ədəbiyyatşünaslığın aşağıdakı sahələri mövcuddur: ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid.
Ədəbiyyat tarixi bu və ya digər xalqın ədəbiyyatının, yaxud ümumən dünya xalqları ədəbiyyatının keçdiyi inkişaf dövrlərini, mərhələlərini öyrənir. Ədəbiyyatın tarixi onu yaradan xalqın tarixi ilə sıx bağlı olduğundan ədəbiyyat tarixçiləri xalqın ədəbi-bəii yaradıcılıq tarixini onun ümumi tarixinin tərkib hissəsi kimi araşdırırlar. Ədəbiyyat tarixində ayrı-ayrı söz sənətkarlarının həyatı, yaradıcılığı da tədqiq edilir. Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın mahiyyətini, incəsənətin başqa sahələri ilə uyğun və fərqli cəhətlərini, yaradıcılığın metod və üsullarını, ədəbi növləri, janrları, bədii əsərin quruluşunu, dil-üslub xüsusiyyətlərini və s. öyrənir. Ədəbiyyat tarixçisindən fərqli olaraq ədəbiyyət nəzəriyyəçisi yalnız tarixin təcrübələrinə müraciət etməklə kifayətlənməyib müasir dövrün ədəbi uğurları, gələcəyin yaradıcılıq imkanları üzərində də düşünür. Ədəbi tənqid müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır. Ədəbi tənqid bütün dövrlərdə ədəbiyyatın inkişafınına bilavasitə təsir göstərmiş və bu inkişafda mühüm rol oynamışdır. İstənilən ədəbi növün, istənilən bədii yaradıcılıq məhsulunun təhlilə ehtiyacı var və bu dediklərimiz ədəbi tənqidin işidir. Obyektiv ədəbi tənqidin ədəbi yaradıcılıq prosesində müstəsna əhəmiyyəti var. Tənqidçi - yüksək ixtisaslı oxucudur. Tənqidi fikir, ədəbi təhlil ümumiyyətlə, ədəbi zövqün formalaşmasına xidmət etməklə bərabər, bədii əsərlərin qiymətləndirmə kriteriyasını müəyyənləşdirir. Ədəbiyyat tarixçisindən, nəzəriyyəçisindən fərqli olaraq tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasmda anlaşma, ünsiyyət yaradır. F. Köçərli, S. Mümtaz, F. Qasımzadə, H. Araslı, M. Təhmasib, C. Xəndan, B. Nəbiyev, Y. Qarayev və s. kimi görkəmli alimlər Azərbaycan ədəbiyyatşünaslığının inkişafında böyük rol oynamışlar.
|