Baş səhifə
» ƏDƏBİYYAT
» Ədəbi məclislər
Ədəbi məclislər“Divani-hikmət” “Əncüməni-şüəra” “Əncüməni-şüəra” ("Şairlər məclisi") ədəbi məclisi 1831-ci ildə Şeyxəli xan Kəngərli tərəfindən Ordubadda təşkil edilmişdir. XIX əsrin 70-80-ci illərində məclisə Hacı ağa Fəqir Ordubadi, sonralar isə Məhəmməd Tağı Sidqi rəhbərlik etmişlər. Məclis müxtəlif fasilələrlə fəaliyyət göstərmiş, bu görkəmli sənətkarların rəhbərliyi dövründə mütərəqqi yol tutmuşdur. Fəqirin vəfatından və Sidqinin Naxçıvana köçməsindən sonra məclis zəifləmiş, 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırmışdır. “Məclisi-üns” “Məclisi-fəramuşan” “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”) və ya “Məclisi-xamuşan” (“Dinməz, sakit adamlar məclisi”) adlı ədəbi məclis Qarabağda Mir Möhsün Nəvvabın təşəbbüsü ilə 1872-ci ildə təşkil edilib. Onun fəal üzvləri Həsənəliağa xan Qaradağski (Qaradaği), Abdulla bəy Asi, Sədi Sani Qarabaği (Cinli), Fatma xanım Kəminə olub. Məclisin məşğələləri Mir Möhsün Nəvvabın evində keçirdi. “Məclisi-fəramuşan” 1910-cu ilədək fəaliyyət göstərmişdir. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər. “Fövcül-füsəha” XIX əsrdə 40-50-ci illərin ortalarından Lənkəranda təşkil edilmiş ədəbi məclislərdən biri “Fövcül-füsəha” (“Gözəl danışanlar dəstəsi”) adlanırdı. Yığıncaqlarında müxtəlif peşə sahiblərinin iştirak etdiyi bu məclisə tanınmış şair və müəllim Mirzə İsmayıl Qasir başçılıq edirdi. Onun əsas üzvləri Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları idilər. Onlar klassiklərin əsərlərini mütaliə edir, şeirlərinə nəzirə yazırdılar. “Beytüs-səfa” XIX əsrin ortalarında Şamaxıda fəaliyyət göstərən ədəbi məclis “Beytüs-səfa” (“Rahatlıq, əyləncə evi”) adlanırdı. Şamaxıda şair Məhəmməd Səfanın evində yaradılmışdı, məclisin adı da bununla əlaqədardır. Bu məclisin başçısı sonradan böyük Azərbaycan şairi kimi məşhurlaşan Seyid Əzim Şirvani, əsas üzvləri Molla Ağa Bixud, Ağababa Zühuri, Ələkbər Qafil və başqaları idi. “Beytüs-Səfa” Şuşadakı “Məclisi-üns”, “Məclisi-fəramuşan”, Bakıdakı “Məcməüş-şüəra” ilə sıx əlaqə saxlayırdı. Məclisdə ədəbiyyat, incəsənət, fəlsəfə məsələlərinə dair söhbətlər aparılır, klassiklərin əsərləri mütaliə olunur, onların məşhur şeirlərinə nəzirələr yazılırdı, yeni yaranan qəzəllər xanəndələr tərəfindən oxunaraq yayılırdı. “Məcməüş-şüara” “Məcməüş-şüara” (“Şairlər yığıncağı”) 1880-ci ildə Bakıda təşkil olunmuşdur. Ədəbi məclisin sədri Məmmədağa Cürmi, katibi Ağadadaş Surəyya idi. İ.Zülali, M.Dilxun, Ə.Vaqif, Ə.Cənnəti, Ə.Yusif, K.Salik, M.Müsəvvir, M.Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu. “Gülüstan” “Gülüstan” elmi-ədəbi məclisi XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov, Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə Qubada təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şeir yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı.
|