Baş səhifə
» ƏDƏBİYYAT
» Mühacirət ədəbiyyatı
Mühacirət ədəbiyyatıXX əsrin əvvəllərindən etibarən Azərbaycan Mühacirət ədəbiyyatı tam formalaşmağa başlamışdır. Azərbaycan Mühacirət ədəbiyyatını müxtəlif ictimai-siyasi səbəblərlə bağlı ölkəmizdən ayrı-ayrı xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr formalaşdırmışlar. Bu səbəblər sırasında çar Rusiyasının müstəmləkəçilik siyasətinə əks mövqedə dayanmaq, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının bolşeviklər tərəfindən təqib edilməsi mühüm yer tutur. İkinci Dünya Müharibəsi zamanı meydana çıxmış əsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının inkişafında müəyyən rol oynamışdır. Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli ədəbi baxış meylləri qüvvətlidir. Çətin şəraitdə yaranan mühacirət ədəbiyyatı eyni zamanda Azərbaycanı dünyaya tanıtmağa da xidmət etmişdir. Azərbaycan mühacirət ədəbiyyatı dörd mərhələdə inkişaf etmişdir. I mərhələ 1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirməyə başladı və bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli ziyalılarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. I mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun "İrani-novin" qəzetinin nəşrinə başlamışdı. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. Ə.Hüseynzadə və Ə.Ağaoğlu bu dövrdə İstanbulda yaşayırdılar, "Türk ocağı" və "İttihad və tərəqqi" cəmiyyətlərində fəaliyyət götərirdilər. Bu mərhələ sovet hakimiyyətinin ilk illərindən II Dünya Müharibəsinə qədər olan dövrü əhatə edir. Həmin dövrdə bolşeviklər müsavatçılara, ittihadçılara və azad fikirli şəxsiyyətlərə qarşı güclü terror və repressiya tədbirləri həyata keçirirdilər. Bunun nəticəsində bir çox görkəmli ziyalılar Azərbaycanı tərk etdilər. Onların sırasında M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Y.V.Çəmənzəminlinin, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödərin, H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələri qürbətdə haqsevərlik duyğuları, vətən həsrəti ilə əzab-əziyyətli, acı bir tale yaşamışlar. Sovet dövründə adları çəkilən şəxsiyyətlər öz vətənlərində vətən, millət xaini elan edilir, onlar haqqında düşmən təsəvvürü yaradılırdı. Sovet mətbuatında müntəzəm olaraq “məktublar” təşkil olunur, onlar “xalq düşməni”, “vətən xaini” damğası ilə “ifşa” edilirdi. 1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına böyük təkan verdi. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. "Yeni Qafqasya", "Azəri-Türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi", "Qurtuluş" kimi jurnallar, "Bildiriş", "İstiqlal" və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu. III mərhələ Bu mərhələnin başlanğıcı II Dünya Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan "Azərbaycan" qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar. Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında "Cənub mövzusu" yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.
|