Baş səhifə    » I LEDİLƏR    » Mehriban Əliyeva   

Mehriban Əliyeva

  


Mehriban Arif qızı Əliyeva - Hal-hazırda Azərbaycanda birinci ledilik fəaliyyətini bacarıqla və layiqincə həyata keçirən ictimai xadim. İxtisasca həkimdir. 
Mehriban Əliyevanın ictimai fəaliyyəti əsasən 1995-ci ildən başlamışdır. Həmin ildə onun təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) təsis olunmuşdur.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalını təsis etmişdir. 
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilmiş və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirmişdir. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynamışdır.
Mehriban Əliyeva həmçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan, 2004-cü ilin may ayının 10-dan fəaliyyət göstərən Heydər Əliyev Fonduna rəhbərlik edir. 
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.  


2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir.
2004-cü ildən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva "İlin qadını" adına layiq görülmüşdür.
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür.  


2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
2005-ci il noyabrın 6-da Milli Məclisə (MM) keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 14 saylı Əzizbəyov (indiki Xəzər rayonu) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva səs çoxluğu ilə deputat seçilmişdir.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan etmişdir.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir.
2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilmişdir.
2010-cu il fevralın 15-də Mehriban xanım Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilmişdir.
2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya YUNESKO-nun “Qızıl Motsart” medalı təqdim edilmişdir.
2011-ci il iyunun 24-də Mehriban xanım Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim edilmişdir.
2012-ci il fevralın 13-də Mehriban xanım Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.
2011-ci ildə Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan “Ekovitrin” jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə “İlin birinci xanımı” nominasiyasının qalibi olmuşdur. 
2012-ci il 12 martda Türk Dünyası Sənətçilər və Yazarlar Vakfı"nın təsis etdiyi "Türk Dünyasına xidmət" mükafatı  birinci xanım Mehriban Əliyevaya təqdim edilmişdir.
2012-ci il 13 apreldə Moskvada UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya humanitar sahədə fəaliyyətinə görə, “Birliyin ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafatı təqdim edilib.
2012-ci il iyunun 29-da Mehriban xanım Əliyevaya Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı təqdim edilib. 



Oxunub: 126148