Baş səhifə    » NEFT STRATEGİYASI    » Neft siyasəti   

Neft siyasəti

  

Azərbaycanın dövlət müstəqilliyi, ictimai-siyasi sabitlik möhkəmləndikcə, cəmiyyətdə demokratiya və iqtisadiyyatda bazar münasibətləri daha da inkişaf etmiş, dünya iqtisadiyyatına inteqrasiya üçün şərait yaradılmış və fəaliyyətinə istiqamət verilmişdir.
Aparılan siyasət nəticəsində Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli yer tutmağa başlamışdır.
Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilmişdir.
20 sentyabr 1994-cü ildə ''Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi) yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü'' üzrə birinci saziş imzalandı. Sonralar “Əsrin müqaviləsi” adı ilə məşhurlaşan bu saziş xarici şirkətlərə Azərbaycanda yeni sazişlərin imzalanması üçün geniş yol açdı. 1994-cü ildən bu vaxta qədər ARDNŞ və xarici neft şirkətləri arasında karbohidrogenlərin kəşfiyyatı, hasilatı və məhsulun pay bölgüsü prinsipi üzrə 27 saziş imzalanmışdır.
Sazişlərin Azərbaycan neft siyasəti üçün önəmi bu cür ümumiləşdirilir:
• Sazişlərin həyata keçirildiyi dövrdə neft sənayesinin infrastrukturu xeyli dərəcədə təzələnəcək və neft sənayesinin yeni, güclü infrastrukturu yaranacaqdır;
• Ölkə iqtisadiyyatının digər sahələrinə sərmayələr axını təmin ediləcəkdir;
• Azərbaycan yeni, müasir texnologiyalar əldə edəcəkdir;
• Azərbaycannın böyük miqdarda yeni müəssisələri yaradılacaq və onlar xarici neft şirkətlərinə xidmət göstərəcəklər;
• Bank və sığorta biznesinin inkişafına böyük təkan veriləcəkdir;
• Sivilizasiyalı cəmiyyətin qanunları çərçivəsində işləyəcək və sahibkarların sanballı bir təbəqəsi formalaşacaqdır;
• Xarici şirkətlərin ödədiyi vergilərdən büdcəyə mədaxil xeyli artacaqdır;
• Müxtəlif sənaye və xidmət sahələrində minlərlə yeni iş yeri açılacıqdır;
Bütün bunların nəticəsində tezliklə ölkədə güclü iqtisadi potensial yaradılacaq və bu da Azərbycanın müstəqilliyini bundan sonra da qoruyub möhkəmlətməyə imkan verəcəkdir.



Oxunub: 181115