Baş səhifə    » NEFT STRATEGİYASI    » Əsrin müqaviləsi   

Əsrin müqaviləsi

  


"Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.
“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar.
1994-cü ilin dekabrında “Əsrin müqaviləsi” Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. 1995-ci ildə layihəyə əsasən 100 milyona qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu. İndiyə kimi bu layihəyə 2,5 milyard dollar sərmayə qoyulmuşdur. Beləliklə, “Əsrin müqaviləsi”ni uğurla bağlayan Azərbaycan dövləti bir çox Qərb dövlətlərinin, ilk növbədə isə ABŞ-ın Azərbaycanda iqtisadi maraqlarını yaratmaqla onların diqqətini öz problemlərinə cəlb edə bildi. Qərb dövlətləri içərisində ən mühüm pay “Əsrin müqaviləsində” ABŞ şirkətlərinə ayrılmışdır. ABŞ-ın “Yunokal”, “Amoko”, “Mak Dermott”, “Ekson” kimi 5 şirkətinə üst-üstə 50% investisiya payı ayrılmışdır ki, bu da təqribən 5 mlrd. ABŞ dollarına bərabər idi.
“Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.
Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin istifadəyə verilməsinə baxmayaraq, bu kəmərlər Azərbaycanın getdikcə artan neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını ən aktual məsələ olaraq gündəmə gətirdi. Bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli bir layihə olduğu sübut olundu və “üç dənizin əfsanəsi” reallığa çevrildi.
Bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Müqavilənin imzalanması ilə xalqın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi.
Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Artıq neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının bütünlüklə çiçəklənməsi deməkdir. 


Bakı-Tbilisi-Ceyhan neft kəməri
 “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil olunan neft dünya bazarlarına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri vasitəsilə ixrac olunur. Bakıdan Türkiyənin Ceyhan limanına çəkilən və uzunluğu 1770 km-ə qədər olan bu kəmər Xəzər dənizindən Aralıq dənizinə qədər 3000 metr hündürlüyündə dağlardan, 1500 çay keçidindən və 7 seysmik zonadan keçir. Neftin nəql surəti saniyədə 2 metrdir. Bu kəmərin çəkilməsi iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı, region üçün həm də strateji əhəmiyyət kəsb edir. Kəmərin tikintisi 2005-ci ildə başa çatdı və 2006-cı ilin may ayının 28-də kəmərə vurulmuş ilk neft Ceyhan limanına çıxarıldı. İyulun 4-də BTC kəməri ilə Səngəçal terminalından Ceyhana qədər 1768 km məsafə qət etmiş Azərbaycan nefti ilə yüklənmiş ilk tanker Aralıq dənizinin Türkiyə sahilindən yola salınmışdır. Kəmərin təntənəli açılış mərasimi iyulun 13-də Türkiyənin Ceyhan limanında və İstanbul şəhərində, 98 ölkənin yüksək səviyyəli təmsilçilərinin iştirakı ilə keçirildi. Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin müstəsna əhəmiyyətinin rəmzi olaraq, kəmərin maketinə qızıldan sonluq əlavə etdilər. BTC kəməri iqtisadi cəhətdən çox sərfəli olduğundan bəzi dövlətlər bu kəmər vasitəsi ilə öz neftini nəql etmək niyyətindədirlər. Belə ki, artıq Azərbaycanla Qazaxıstan arasında Qazaxıstan neftinin BTC vasitəsilə nəql olunmasına dair saziş imzalanmışdır.



Oxunub: 89245