Baş səhifə    » TƏHSİL    » Uşaq bağçaları   

Uşaq bağçaları

  

Azərbaycanda məktəbəqədər təhsil
Hazırda ölkədə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər təhsil müəssisəsi isə Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 məktəbəqədər xüsusi təhsil müəssisəsi və ümumi təyinatlı 8 məktəbəqədər müəssisədə 16 xüsusi təhsil qrupı fəaliyyət göstərir. Bununla yanaşı, ölkədə 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi var. Həmçinin Təhsil Nazirliyi tərəfindən lisenziya almış 11 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi 15,9% təşkil edir:
I. Şəhər yerlərində- 23,4 faiz;
II. Kənd yerlərində- 8,4 faiz.
Azərbaycan Respublikası Prezidentinin “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 1635 nömrəli 23 avqust 2006-cı il tarixli sərəncamına əsasən respublika üzrə 240 məktəbəqədər təhsil müəssisəsi öz profilini saxlamaq şərtilə özəlləşdirilməyə açıq elan edilib. Onlardan 84 müəssisə, o cümlədən Bakı şəhərində 48, Gəncədə 12, Sumqayıtda 1, Şirvanda 1, Abşeronda 1, Astarada 1, Ağstafada 1, Şabranda 1, Göygöldə 1, Xaçmazda 2, Xızıda 1, İmişlidə 1, İsmayıllıda 2, Qubada 2, Qusarda 1, Qəbələdə 1, Neftçalada 1, Oğuzda 1, Salyanda 2, Şamaxıda 1, Şəkidə 1, Zaqatalada 1 müəssisə özəlləşdirilib.
Ölkədə fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələri: “Şəkər Bala”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “XXI əsr” Ümumtəhsil Mərkəzinin uşaq bağçaları, Azərbaycan Beynəlxalq məktəbəqədər təhsil müəssisəsi, “Göyərçin”, Zərifə Əliyeva adına, Binə, “Ləma”, “Çeburaşka”, “Günəş” və “Pleyorena” uşaq bağçaları. Bakı şəhərindəki 4 müəssisə - Zərifə Əliyeva adına, Binə, “Göyərçin”, “Pleyorena” uşaq bağçaları və Sumqayıt şəhərindəki “Ləma” uşaq bağçası ölkə Prezidentinin müvafiq sərəncamına əsasən özəlləşdirilən məktəbəqədər təhsil müəssisələridir.  
 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda beş yaşlı uşaqların məktəbə hazırlığının zəruriliyi qeyd edilib. Bu baxımdan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli fərmanının və buna müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 247s nömrəli sərəncamının 2.4-cü bəndinin icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən “Məktəbə hazırlığın təşkili qaydaları” hazırlanıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 2010-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilib.



Oxunub: 537915